Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

Göygöl rayonu Azərbaycan Respublikasının qərbində dağlıq və dağətəyi zonada yerləşir, ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdədir, bənzərsiz təbiəti olmaqla zəngin florası və faunası var. Rayon şimalda Gəncə şəhəri və Samux rayonu ilə, şərqdə Goranboy rayonu ilə, cənubda Kəlbəcər rayonu ilə, cənubu-qərbdə Daşkəsən rayonu ilə, qərbdə Şəmkir rayonu ilə həmsərhəddir. Rayon ərazisi şimaldan cənuba 55 km, qərbdən şərqə 36 km uzanır. Göstərilən sərhədlər daxilində Göygöl rayonunun sahəsi 0.92 min kv.km, əhalisi isə 65,3 min nəfər.
Göygöl rayonu inzibati rayon kimi 1930-cu ilin avqust ayında təşkil olunmuşdur.
27 inzibati ərazi dairəsinin tərkibində 1 şəhər (Göygöl şəhəri), 6 qəsəbə və 38 kənd mövcuddur. Rayonda 24 bələdiyyə fəaliyyət göstərir.
Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhali əsasən heyvandarlıq, əkinçilik və üzümçülüklə məşğul olur.
Rayon ərazisindən Gəncə-Daşkəsən və Bakı-Tblisi magistral avtomobil yolları keçir. Rayon mərkəzindən 15 km məsafədə Gəncə dəmir yolu stansiyası, 12 km məsafədə isə Gəncə hava limanı yerləşir. Respublikamızın paytaxtı Bakı şəhəri ilə rayon mərkəzi arasındakı məsafə 364 km-dir.
Məşhur Kəpəz dağı, Göy-göl, Maral-göl, Zəli-göl, Ayna-göl rayon ərazisində yerləşir, Quşqara, Gəncə və Kürək çayları rayon ərazisindən keçir. Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə də zəngindir. Rayon ərazisində XII, XIV, XVI və XIX əsrlərə aid 31 yerli əhəmiyyətli tarixi və memarlıq incəsənət abidələri mövcuddur, bunlardan 8-i kurqan, nekropol və açıq düşərgə, digərləri isə bina və körpülərdir.

Keçidlər