Qanunvericilik
Yerli icra hakimiyyətləri haqqında ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır.
1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin I hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
1.3. Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar.
1.4. Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar.
1.5. Yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan dövlət büdcəsindən maliyyələşən qurumlar (bundan sonra – yanında olan qurumlar), tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər (bundan sonra – tabeliyində olan hüquqi şəxslər) və mərkəzi icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və müvafiq inzibati ərazi vahidində fəaliyyət göstərən qurumlar (bundan sonra – mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları) yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. Bu bənddə nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir – onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər.
1.6. Müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan qurumlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər.
Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan qurumların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər.
Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir.
1.7. Yerli icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yerli icra hakimiyyəti başçısının yanında olan qurumların və yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri (yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin möhürləri istisna olmaqla) və müvafiq yerli icra hakimiyyətinin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.8. Yerli icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi (Naxçıvan Muxtar Respublikasında – Naxçıvan Muxtar Respublikasının büdcəsi) və mövcud qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
2. Yerli icra hakimiyyətlərinin fəaliyyətinin təşkili
2.1. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə uyğun olaraq, yerli icra hakimiyyətlərinin başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
2.2. Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir.
2.3. Yerli icra hakimiyyətinin başçısı təyin edilən şəxsin ali təhsili olmalıdır. Yerli icra hakimiyyətlərinin başçıları eyni zamanda heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola, vəzifə maaşından və ona olan əlavələrdən və əmsallardan başqa məvacib ala bilməzlər. Yerli icra hakimiyyəti başçısının ikili vətəndaşlığına, başqa dövlətlər qarşısında öhdəliyinə yol verilmir, habelə o, din xadimi ola bilməz.
2.4. Yerli icra hakimiyyəti başçısının müavinini (müavinlərini) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla, müvafiq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad edir.
2.5. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinini (müavinlərini) Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
2.6. Yerli icra hakimiyyəti başçısının müavinləri vəzifə bölgüsünə əsasən şəhərin, rayonun və şəhər rayonunun ərazisində icra-idarəetmə fəaliyyətini həyata keçirir, icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirirlər.
2.7. Yerli icra hakimiyyətinin başçısı olmadıqda, məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.
2.8. Yerli icra hakimiyyəti başçısının aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin strukturunu və ştat vahidlərinin sayını, yerli icra hakimiyyəti başçısının yanında olan qurumları və onların işçilərinin say həddini Azərbaycan Respublikasının Prezidenti, yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxsləri və onların işçilərinin say həddini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
2.9. Yerli icra hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla, öz aparatının struktur bölmələrinin ştat vahidlərini icra hakimiyyəti başçısı aparatının təsdiq olunmuş nümunəvi strukturu və ştat vahidlərinin sayı çərçivəsində bir bölmədən digərinə keçirə bilər.
2.10. Yerli icra hakimiyyəti başçısının aparatında, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yerli icra hakimiyyəti başçısının yanında olan qurumlarda işləyən dövlət qulluqçularının qulluqkeçmə qaydası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
2.11. Yerli icra hakimiyyətinin başçısı şəhərin, rayonun və şəhər rayonunun iqtisadi, sosial-mədəni və digər yerli məsələlərinə baxılması və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə öz yanında daimi məşvərətçi orqan olan Şura yaradır. Şuranın tərkibi 15 nəfərədək, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın tərkibi isə 25 nəfərədək müəyyən edilir.
2.12. Yerli icra hakimiyyətinin başçısı yanında Şuranın tərkibinə yerli icra hakimiyyətinin başçısı, yerli icra hakimiyyəti başçısının müavinləri, Bakı və Gəncə şəhər icra hakimiyyətləri başçılarının yanında şuraların tərkibinə isə həm də şəhər rayonları icra hakimiyyətlərinin başçıları daxildirlər. Şuranın tərkibinə həmçinin yerli icra hakimiyyəti başçısının aparatının şöbə müdirləri, yanında olan qurumların və mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının (bu Əsasnamənin 1.5-ci bəndində istisna edilən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları da daxil olmaqla) rəhbərləri, habelə şəhərin, rayonun və şəhər rayonunun ərazisində yerləşən idarələrin, təşkilatların və müəssisələrin rəhbərləri daxil edilə bilərlər. Şuranın fərdi tərkibini yerli icra hakimiyyətinin başçısı təsdiq edir.
2.13. Yerli icra hakimiyyəti başçısının yanında Şuranın iclasları ayda iki dəfədən az olmayaraq keçirilir. Şuranın iclaslarını yerli icra hakimiyyətinin başçısı, yerli icra hakimiyyətinin başçısı olmadıqda, onu əvəz edən müavini çağırır və iclasa sədrlik edir. Şuranın iclasları onun üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında qəbul edilmiş qərarlar tövsiyə xarakteri daşıyır və protokolla rəsmiləşdirilir.
2.14. Şuranın iclaslarında qəbul edilmiş qərarların icrasını təmin etmək üçün yerli icra hakimiyyətinin başçısı müvafiq sərəncam və ya əmr verə bilər.
2.15. Yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yerli icra hakimiyyəti başçısının yanında olan qurumlarda inzibati vəzifə tutan işçiləri, müvafiq nümayəndələrin və qurum rəhbərlərinin təqdimatı ilə, yerli icra hakimiyyətinin başçısı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edir.
2.16. Yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yerli icra hakimiyyəti başçısının yanında olan qurumlarda işləyən dövlət qulluqçularına dövlət qulluğunun ixtisas dərəcələri müvafiq olaraq nümayəndələrin və qurum rəhbərlərinin təqdimatı ilə yerli icra hakimiyyətinin başçısı tərəfindən verilir.
2.17. Yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin işçilərini həmin qurumların rəhbərləri vəzifəyə təyin və vəzifədən azad edirlər.
3. Yerli icra hakimiyyəti başçısının vəzifələri
3.1 Ümumi vəzifələr:
3.1.1. yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır;
3.1.2. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını yerinə yetirir;
3.1.3. müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin edir;
3.1.4. müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları və digər dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla yerli icra hakimiyyətinin qarşılıqlı fəaliyyətini təmin edir;
3.1.5. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 35.2-ci, 46.4-cü, 46.5-ci, 46.15-ci, 87.6-cı və 98.1-ci maddələri ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifələri yerinə yetirir;
3.1.6. dövlət proqramları və konsepsiyalarının, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təsdiq etdiyi tədbirlər planlarında müəyyənləşdirilmiş tədbirlərin müvafiq ərazidə icrasını təmin edir;
3.1.7. icra hakimiyyəti başçısının yanında olan qurumların və tabeliyində olan hüquqi şəxslərin fəaliyyətini əlaqələndirir, həmin qurumlarda uçotun və hesabatın vəziyyətinə cari nəzarəti həyata keçirir;
3.1.8. icra hakimiyyəti başçısının yanında olan qurumların maliyyələşdirilməsini və maddi-texniki təchizatını həyata keçirir;
3.1.9. şəhəri, rayonu, şəhər rayonunu dövlət orqanları ilə və digər qurumlarla münasibətlərdə, habelə rəsmi protokol tədbirlərində təmsil edir;
3.1.10. müvafiq ərazidə arxiv işi üzrə dövlət idarəetməsini həyata keçirir, yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə arxiv işini təşkil edir, o cümlədən sənədlərin saxlanmasını, qorunmasını, müəyyən olunmuş müddətlərdə nomenklatura uyğun seçilərək Dövlət Arxivinə təhvil verilməsini təmin edir;
3.1.11. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;
3.1.12. yerli icra hakimiyyətinin fəaliyyəti nəticəsində əldə olunmuş məlumatların sərəncamçısı səlahiyyətini həyata keçirir, həmçinin bu məlumatların səlahiyyət olmadan əldə edilmək, məhv edilmək, modifikasiyalaşdırılmaq, bloklaşdırılmaq, başqasına ötürülmək, yayılmaq, surəti çıxarılmaq kimi hallardan qorunmasını təşkil edir;
3.1.13. icra hakimiyyətində istifadə edilən dövlət informasiya resurslarının və sistemlərinin təhlükəsizliyini təmin edir, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə məlumatların qorunması ilə bağlı işin təşkilinə və həyata keçirilməsinə nəzarət edir;
3.1.14. dövlət informasiya sisteminin istismarı, informasiya-telekommunikasiya şəbəkəsindən istifadə və yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə informasiyanın qorunması sahəsində tədbirlərin həyata keçirilməsini təmin edir;
3.1.15. yerli icra hakimiyyətində yaradılmış informasiya sisteminin operator funksiyalarının həyata keçirilməsini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, dövlət orqanları, idarə, müəssisə və təşkilatlar ilə qarşılıqlı məlumat mübadiləsini təmin edir;
3.1.16. yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yerli icra hakimiyyəti başçısının yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını və onlara cavab verilməsini təmin edir;
3.1.17. yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid məsələlərlə bağlı idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulunu təşkil edir;
3.1.18. icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, yanında olan qurumlar və ya tabeliyində olan hüquqi şəxslər yaradılarkən onların istifadəsinə əmlakın verilməsini təmin edir;
3.1.19. yerli icra hakimiyyətinin fəaliyyətini yerli icra hakimiyyəti başçısının təsdiq etdiyi illik perspektiv iş planları əsasında təşkil edir, yerli icra hakimiyyəti orqanının sisteminə daxil olan qurumların fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir;
3.1.20. yerli icra hakimiyyəti orqanları işçilərinin ixtisaslarının artırılması və ehtiyat kadrların hazırlanması üçün tədbirlər görür;
3.1.21. yerli icra hakimiyyəti orqanının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, yerli icra hakimiyyətinin internet saytının yaradılmasını, malik olduğu və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın yeniləşdirilməsini təmin edir, ilin yekunları ilə bağlı yerli icra hakimiyyətinin fəaliyyətinə dair hesabatı dərc etdirir, öz fəaliyyətində ictimai rəyi nəzərə alır;
3.1.22. öz fəaliyyəti haqqında ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müəyyən etdiyi müddətlərdə ona hesabat verir. Naxçıvan Muxtar Respublikasında isə yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətləri haqqında ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müəyyən etdiyi müddətlərdə ona hesabat verirlər.
3.2. Ərazinin sosial-iqtisadi inkişafı sahəsində:
3.2.1. mərkəzi icra hakimiyyəti orqanlarının, dövlətə məxsus müəssisələrin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin müvafiq ərazidə fəaliyyət göstərən yerli qurumları ilə, habelə bələdiyyələr və digər təşkilatlarla birlikdə şəhərin, rayonun, şəhər rayonunun sosial-iqtisadi vəziyyətini təhlil edir, inkişaf meyillərinin müəyyənləşdirilməsi, sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması, əhalinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsi işini təşkil edir, ərazinin sosial-iqtisadi inkişafına dair təkliflər hazırlayır və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edir;
3.2.2. regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqram və konsepsiyalarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının hazırlanmasına dair təkliflər verir, müvafiq ərazidə onların həyata keçirilməsini təmin edir, icrası barədə Azərbaycan Respublikasının Prezidentinə, Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə məlumat verir və illik hesabatlar təqdim edir;
3.2.3. müvafiq ərazinin sosial-iqtisadi inkişafına dair göstəriciləri əks etdirən məlumat bazasının formalaşmasını və yeniləşdirilməsini təmin edir.
3.3. Aqrar bölmənin inkişafı sahəsində:
3.3.1. müvafiq ərazidə aqrar bölmənin inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;
3.3.2. müvafiq ərazidə aqrar bölmənin inkişafına yönəldilmiş yerli proqramlar hazırlayır və onların həyata keçirilməsini təmin edir;
3.3.3. aqrar bölmədə dövlət əmlakından səmərəli istifadə edilməsinə nəzarəti həyata keçirir, bu sahədə dövlət maraqlarının qorunmasını təmin edir;
3.3.4. müvafiq ərazidə kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən, o cümlədən yay və qış otlaqlarından səmərəli istifadə edilməsinə, onların keyfiyyətinin yaxşılaşdırılmasına və təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirir;
3.3.5. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı, 10-cu, 15-ci və 17-ci maddələrinə əsasən müvafiq ərazidə torpaqların münbitliyinin bərpası və mühafizəsi üçün tədbirlər görür.
3.4.0. Büdcə, vergi və maliyyə sahələrində:
3.4.0.1. müvafiq ərazidə maliyyə, vergi və büdcə sahələrində dövlət siyasətinin həyata keçirilməsi üçün tədbirlər görür.
3.5. İstehlak bazarı və sahibkarlığın inkişafı sahələrində:
3.5.1. müvafiq ərazidə istehlak bazarı, sahibkarlığın inkişafı və dəstəklənməsi sahələrində dövlət siyasətinin həyata keçirilməsi üçün tədbirlər görür;
3.5.2. müvafiq ərazidə, sahibkarlıq fəaliyyəti subyektlərinin üzərinə əlavə vəzifələr qoyulmaması şərtilə, fəaliyyət göstərən hüquqi şəxslər barədə məlumat bazasının formalaşdırılmasını və yeniləşdirilməsini təmin edir.
3.5.3. müvafiq ərazidə, sahibkarlıq fəaliyyəti subyektlərinin və mülkiyyətçilərin üzərinə əlavə vəzifələr qoyulmaması şərtilə, daşınmaz əmlak obyektləri barədə məlumat bazasının formalaşdırılmasını və yeniləşdirilməsini təmin edir.
3.6. Əhalinin sosial müdafiəsi və gender bərabərliyi sahələrində:
3.6.1. müvafiq ərazidə əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;
3.6.2. müvafiq ərazidə sosial məsələlərə aid analitik materialların və proqnozların hazırlanmasını təşkil edir, sosial sahənin perspektiv istiqamətlərinə və inkişafının əsas prioritetlərinə dair təkliflər verir;
3.6.3. müvafiq ərazidə dövlət ailə siyasətinin həyata keçirilməsini təmin edir, demoqrafik inkişaf konsepsiyasının hazırlanmasını, həmin konsepsiya ilə bağlı hər il üçün tədbirlər planının müəyyənləşdirilməsini və icrasını təşkil edir;
3.6.4. müvafiq ərazidə gender bərabərliyi sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər müəyyənləşdirir və onların icrasını təmin edir.
3.7. İnsanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi sahələrində:
3.7.1. müvafiq ərazidə əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;
3.7.2. müvafiq ərazidə sanitar-epidemioloji şəraitin yaxşılaşdırılmasında, ətraf mühitin qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində iştirak edir;
3.7.3. məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görür;
3.7.4. insan üçün təhlükəli olan və sosial əhəmiyyət kəsb edən xəstəliklərin yayılması, o cümlədən baş vermiş və ya baş verməsi ehtimal olunan yoluxucu və kütləvi qeyri-yoluxucu (zəhərlənmə) xəstəliklərin, həyata keçirilən sanitar-epidemioloji tədbirlərin və yaşayış mühitinin vəziyyəti barədə əhalinin vaxtlı-vaxtında məlumatlandırılması işini təşkil edir.
3.8.0. Əmək münasibətləri, əməyin mühafizəsi və əhalinin məşğulluğu sahələrində:
3.8.0.1. müvafiq ərazidə əmək münasibətləri, əməyin mühafizəsi və əhalinin məşğulluğu sahələrində dövlət siyasətini həyata keçirir.
3.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində:
3.9.1. müvafiq ərazidə nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;
3.9.2. müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir;
3.9.3. dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların yanacaq-enerji ehtiyatlarından və sudan istifadə hədlərinin hesablanması və müəyyən edilməsi üçün istinad olunan məlumatları formalaşdırır və bu hədləri müəyyənləşdirir;
3.9.4. küçələrin işıqlandırılması sisteminin istismara yararlı vəziyyətdə olması işinin təşkilinə nəzarəti həyata keçirir;
3.9.5. əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinə və həcminə nəzarəti həyata keçirir;
3.9.6. dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir;
3.9.7. qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər görür;
3.9.8. müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirir;
3.9.9. mənzil fondunun və sosial-mədəni obyektlərin qış mövsümündə istismara hazırlıq işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görür;
3.9.10. yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir;
3.9.11. istehsalat və məişət tullantılarının yığılması və daşınması işini təşkil edir, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlər görür, tullantılarla davranma qaydaları barədə şəxslərin məlumatlandırılmasını təmin edir.
3.10.0. Ətraf mühitdən istifadə sahəsində:
3.10.0.1. müvafiq ərazidə ətraf mühitin mühafizəsinin həyata keçirilməsi ilə bağlı tədbirlər görür.
3.11. Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində:
3.11.1. müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;
3.11.2. “Şəhərsalma fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir;
3.11.3. rayon planlaşdırma sxemlərini və layihələrini, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planlarını, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrini (ərazinin tikinti-planlaşdırma layihələri) təsdiq edir;
3.11.4. şəhər inzibati ərazi vahidlərinin baş planlarını təsdiq üçün aidiyyəti dövlət orqanına təqdim edir;
3.11.5. tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir;
3.11.6. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirir;
3.11.7. müvafiq inzibati ərazi vahidində daşınmaz əmlak obyektlərinin ünvanları barədə məlumat bazasını formalaşdırır və yeniləşdirilməsini təmin edir.
3.12. Təhsil və mədəniyyət sahələrində:
3.12.1. müvafiq ərazidə təhsil sisteminin inkişafını təmin edən dövlət proqramlarının layihələrinə dair təkliflər verir və həmin proqramların həyata keçirilməsini təmin edir;
3.12.2. müvafiq ərazidə şəxslərin təhsil almaq hüquqlarının həyata keçirilməsini təmin edir, məktəbəqədər (həmçinin uşaq evlərində), ümumi, məktəbdənkənar, ilk peşə-iхtisas, оrta iхtisas və əlavə təhsilin inkişafı üçün şərait yaradır, icbari ümumi orta təhsilin təşkilini təmin edir;
3.12.3. tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin (körpələr evi, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, хüsusi uşaq bağçaları) və uşaq evlərinin fəaliyyətinə rəhbərlik edir, onların texniki vasitələrlə təminatını həyata keçirir, pedaqoji şuralarının yaradılması və fəaliyyəti ilə bağlı əsasnamələri təsdiq edir;
3.12.4. tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin (körpələr evi, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, хüsusi uşaq bağçaları) və uşaq evlərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir;
3.12.5. müvafiq ərazidə mədəniyyət sahəsində dövlət siyasətini həyata keçirir;
3.12.6. mədəniyyətin və incəsənətin inkişafına dair dövlət proqramlarının layihələrinə dair təkliflər verir və həmin proqramların müvafiq ərazidə icrasını təmin edir;
3.12.7. tarix, mədəniyyət, təbiət abidələrinin və mədəni irs obyektlərinin qorunması işini təşkil edir.
3.13. Uşaqlar və gənclər siyasəti, bədən tərbiyəsi, idman və turizmin inkişafı sahələrində:
3.13.1. müvafiq ərazidə uşaqlar və gənclərlə bağlı dövlət siyasətini həyata keçirir;
3.13.2. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə uyğun olaraq, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə müvafiq olaraq şəhər, rayon və şəhər rayonu komissiyalarını yaradır, onların üzvlərinin sayını müəyyən edir, həmin komissiyaların fəaliyyətini təşkil edir;
3.13.3. müvafiq ərazidə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində dövlət siyasətini həyata keçirir;
3.13.4. müvafiq ərazidə turizmin inkişafı sahəsində dövlət siyasətini həyata keçirir.
3.14. Kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət sahələrində:
3.14.1. yerli icra hakimiyyətinin kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətini təşkil edir;
3.14.2. müvafiq ərazidə informasiyanın azad dövriyyəsinin təmin olunması, məlumatın azad şəkildə axtarılması, əldə edilməsi, istehsalı və yayılması üçün şərait yaradır;
3.14.3. şəhərin, rayonun və şəhər rayonunun sosial-iqtisadi inkişafının təşviqinə dair kütləvi informasiya vasitələrinin proqram və layihələrinin həyata keçirilməsinə şərait yaradır;
3.14.4. müvafiq ərazidə ictimai-siyasi vəziyyət barədə məlumatın toplanmasını və təhlilini təşkil edir, mövcud tendensiyaları müəyyənləşdirir və təkliflərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edir.
3.15. Qanunçuluq, asayişin qorunması, təhlükəsizlik və mülki müdafiə sahələrində:
3.15.1. yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə korrupsiya hallarının qarşısının alınması üçün müvafiq tədbirlər görür;
3.15.2. müvafiq ərazidə qanunçuluğun təmin edilməsində və dövlət orqanlarında korrupsiya hallarının qarşısının alınmasında məhkəmə, hüquq mühafizə və digər orqanlarla qarşılıqlı əlaqələrin yaradılmasını təmin edir;
3.15.3. müvafiq ərazidə daxili işlər orqanları ilə birlikdə ictimai asayişin qorunmasını təmin edir;
3.15.4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq ərazidə ilkin hərbi qeydiyyata alma komissiyaları yaradır və onların fərdi tərkibini, habelə çağırış komissiyalarının və onların işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini təsdiq edir, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını təqdim edir, qanunla müəyyən edilmiş müddətdə çağırışçının fövqəladə və ya digər qarşısıalınmaz hallarla bağlı gəlməyinin mümkün olmadığını təsdiq edir;
3.15.5. hərbi vəzifəlilərin və çağırışçıların hərbi vəzifənin yerinə yetirilməsi ilə bağlı çağırılması barədə onlara məlumat verir və onların çağırış üzrə vaxtında gəlməsinə kömək göstərir;
3.15.6. müvafiq ərazidə aidiyyəti orqan və təşkilatlara təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində kömək göstərir;
3.15.7. şəhərin, rayonun və şəhər rayonunun mülki müdafiəsinə rəhbərlik edir;
3.15.8. icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə evakuasiya işini təşkil edir, müvafiq ərazidə yerləşən idarə, müəssisə və təşkilatlarda evakuasiya işinin təşkilinə nəzarəti həyata keçirir;
3.15.9. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 5-ci, 10-cu, 15-ci, 16-cı və 24-cü maddələrinə əsasən müvafiq ərazidə:
3.15.9.1. əhaliyə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsini və yanğınların qarşısının alınmasına və söndürülməsinə əhalinin cəlb edilməsini təşkil edir;
3.15.9.2. icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil edir və yerinə yetirilməsini təmin edir;
3.15.9.3. yanğından mühafizə qurumlarına tapşırılmış vəzifələrin yerinə yetirilməsində ona zəruri kömək göstərir;
3.15.9.4. yanğın təhlükəsizliyi sahəsində təbliğat aparılmasını və əhaliyə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsini təşkil edir;
3.15.9.5. hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərlərinin, habelə vətəndaşların yanğın təhlükəsizliyi norma, standart və qaydalarının tələblərinə riayət etmələrini təmin edir;
3.15.9.6. yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil edir və yerinə yetirilməsini təmin edir;
3.15.10. müvafiq ərazidə baş vermiş təbii fəlakətlərin və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında iştirak edir;
3.15.11. təbii fəlakət və ya fövqəladə hadisə baş verdikdə, əhalinin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görür, bu hadisələr nəticəsində zərər çəkmiş insanlara yardım göstərilməsini təşkil edir;
3.15.12. təbii fəlakətlər və ya fövqəladə hadisələr baş verdikdə, müəssisə, idarə və təşkilatların fasiləsiz fəaliyyətinin təmin edilməsi, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əmlakın qorunması, ictimai qaydalara riayət olunması, insanların həyatının xilas edilməsi, onların sağlamlığının və hüquqlarının qorunması, maddi sərvətlərin qorunub saxlanılması məqsədi ilə aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirir.
3.16. Dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində:
3.16.1. müvafiq ərazidə dövlət əmlakının qorunmasını təşkil edir, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlər həyata keçirir;
3.16.2. müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir;
3.16.3. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir;
3.16.4. Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir.
3.17.0. Rayon bölgüsü olan şəhərlərin icra hakimiyyətləri başçılarının əlavə vəzifələri:
3.17.0.1. şəhər rayonlarının icra hakimiyyətləri başçılarına rəhbərliyi həyata keçirir, onların hesabatlarını dinləyirlər.
3.18. Yerli icra hakimiyyətlərinin başçıları Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifələri yerinə yetirirlər.
4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri
4.1. Ümumi səlahiyyətlər:
4.1.1. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında məsələlərə baxmaq və Azərbaycan Respublikasının Prezidentinə müvafiq təkliflər vermək;
4.1.2. yerli icra hakimiyyəti orqanlarına həvalə olunmuş səlahiyyətlərlə bağlı müvafiq proqramları və tədbirlər planlarını təsdiq etmək və onların həyata keçirilməsinə nəzarət etmək;
4.1.3. bu Əsasnamə ilə səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və mərkəzi icra hakimiyyəti orqanlarına, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təkliflər vermək;
4.1.4. müvafiq ərazidə sosial-iqtisadi, mədəni inkişaf məsələlərinin, həmçinin bu Əsasnamə ilə və Azərbaycan Respublikasının Prezidenti tərəfindən səlahiyyətlərinə aid edilən digər məsələlərin həllini təmin etmək məqsədi ilə icra hakimiyyəti başçısının yanında olan qurumların, mərkəzləşdirilmiş mühasibatın və siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə təkliflər vermək;
4.1.5. qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, yerli icra hakimiyyəti başçısının aparatının struktur bölmələri, yerli icra hakimiyyəti başçısının yanında olan qurumlar haqqında əsasnamələri təsdiq etmək, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini təsdiq üçün müəyyən olunmuş qaydada təqdim etmək, mərkəzi icra hakimiyyəti orqanlarının yerli icra hakimiyyəti sisteminə daxil olan yerli qurumlarının razılaşdırılmaq üçün təqdim olunan əsasnamələrinə və nizamnamələrinə münasibət bildirmək;
4.1.6. yerli icra hakimiyyəti başçısının yanında olan qurumların və tabeliyində olan hüquqi şəxslərin strukturunu işçilərin müəyyən edilmiş say həddi daxilində təsdiq etmək;
4.1.7. yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə yoxlamalar aparmaq;
4.1.8. yerli icra hakimiyyəti başçısının aparatının işçilərini, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yanında olan qurumlarda inzibati vəzifə tutan işçiləri, habelə tabeliyində olan hüquqi şəxslərin rəhbərlərini və onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad etmək, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, yerli icra hakimiyyəti başçısı aparatının struktur bölmələrinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yanında olan qurumların və tabeliyində olan hüquqi şəxslərin rəhbərlərinin hesabatlarını dinləmək;
4.1.9. bu Əsasnamənin Əlavəsinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdıraraq onların yerli bölmələrinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək və ya onların vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına təqdimat vermək;
4.1.10. yerli icra hakimiyyəti başçısının müavinlərinə (Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinə ixtisas dərəcəsinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən verildiyi hallar istisna olmaqla), onun aparatında işləyən dövlət qulluqçularına, habelə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və yanında olan qurumların işçilərinə müvafiq ixtisas dərəcələri vermək;
4.1.11. yerli icra hakimiyyəti başçısının aparatının, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yanında olan qurumların, habelə tabeliyində olan hüquqi şəxslərin işçilərinin attestasiyasının keçirilməsini təşkil etmək;
4.1.12. müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının fəaliyyəti barədə onlardan məlumat almaq və həmin qurumların fəaliyyətinin təkmilləşdirilməsi üçün aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təkliflər vermək;
4.1.13. inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yanında olan qurumların, habelə tabeliyində olan hüquqi şəxslərin qanunvericiliyə zidd qərarlarını ləğv etmək, mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının, dövlətə məxsus müəssisələrin və səhmdar cəmiyyətlərinin yerli qurumlarının rəhbərlərinin isə belə qərarlarının ləğv edilməsi barədə müvafiq mərkəzi icra hakimiyyəti orqanları, dövlətə məxsus müəssisələr və səhmdar cəmiyyətləri qarşısında məsələ qaldırmaq;
4.1.14. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında“ Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən:
4.1.14.1. səfərbərlik orqanları yaratmaq, səfərbərlik hazırlığını və səfərbərliyi təşkil etmək, səfərbərlik hazırlığına və səfərbərliyə dair normativ hüquqi aktların həyata keçirilməsini təşkil etmək;
4.1.14.2. səfərbərlik planlarını işləyib hazırlamaq, aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə səfərbərlik planlarının yerinə yetirilməsini təmin edən tədbirlər həyata keçirmək;
4.1.14.3. səfərbərlik hazırlığının və səfərbərliyin təmin edilməsi məqsədi ilə malların göndərilməsi, işlərin görülməsi, qüvvə və vasitələrin ayrılması, xidmətlər göstərilməsi barədə təşkilatlarla müqavilələr bağlamaq;
4.1.14.4. səfərbərlik elan edildikdə, iqtisadiyyatın müharibə dövrü şəraitinə keçirilməsinə dair tədbirlər görmək;
4.1.14.5. dinc dövrdə və səfərbərlik zamanı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və onun yerli idarə, şöbə və bölmələrinə səfərbərlik işində kömək göstərmək;
4.1.14.6. səfərbərlik planlarına uyğun olaraq, səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan vətəndaşların vaxtında xəbərdar edilməsini və gəlməsini, texnikanın toplanış məntəqələrinə, yaxud hərbi hissələrə göndərilməsini, binaların, tikililərin, kommunikasiyaların, yer sahələrinin, nəqliyyatın və digər maddi vəsaitlərin təyinatı üzrə istifadəyə verilməsini müəyyən olunmuş qaydada təşkil etmək;
4.1.14.7. inzibati ərazi vahidində olan təşkilatlar barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və onun yerli idarə, şöbə və bölmələrinə məlumat verilməsini təşkil etmək;
4.1.14.8. səfərbərlik orqanları işçilərinin ixtisasının artırılmasını təşkil etmək;
4.1.15. yerli icra hakimiyyəti orqanının maraqlarının digər dövlət orqanlarında, məhkəmə və yerli özünüidarəetmə orqanlarında təmsil olunmasını təşkil etmək, bu Əsasnamə ilə səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəməyə və digər orqanlara müraciət etmək;
4.1.16. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə yerli icra hakimiyyətinin fəaliyyəti ilə bağlı zəruri sorğular göndərmək, məlumatlar və sənədlər almaq, həmçinin onlara müəyyən olunmuş qaydada məlumatlar vermək;
4.1.17. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yanında olan qurumların və tabeliyində olan hüquqi şəxslərin fəaliyyəti barədə hesabatların dərc olunması nəzərdə tutulan kütləvi informasiya vasitələrini müəyyən etmək;
4.1.18. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına seçiciləri qəbul etmək üçün zəruri avadanlıqla təchiz olunmuş otaqlar ayrılmasını təşkil etmək, qəbulun aparılacağı yer və vaxt barədə sakinləri məlumatlandırmaq;
4.1.19. müvafiq ərazidə əhaliyə yerli özünüidarəetmənin bilavasitə həyata keçirilməsində və yerli özünüidarəetmədə əhalinin iştirakına dəstək vermək;
4.1.20. yerli icra hakimiyyəti adından müqavilələri, razılaşmaları, ödəmə sənədlərini, məktubları və digər sənədləri imzalamaq, etibarnamə vermək;
4.1.21. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət satınalmalarını həyata keçirmək;
4.1.22. müvafiq ərazidə beynəlxalq və dövlət bayramlarına, tarixi və digər əlamətdar hadisələrə, habelə anım günlərinə həsr olunmuş tədbirlər təşkil etmək və keçirmək;
4.1.23. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyətinin fəxri fərmanını təsis etmək, həmin fərmanla təltifetmə qaydasını müəyyən etmək;
4.1.24. şəhərin, rayonun və ya şəhər rayonunun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında fərqlənən şəxsləri yerli icra hakimiyyətinin fəxri fərmanı ilə təltif etmək, şəhərin, rayonun və ya şəhər rayonunun sosial-iqtisadi, elmi-mədəni və siyasi həyatında fərqlənən şəxslərin təltif edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə vəsatət vermək;
4.1.25. konfranslar, yığıncaqlar, seminarlar və digər tədbirlər keçirmək, sərgilər təşkil etmək;
4.1.26. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
4.1.27. bayramlar və digər dövlət əhəmiyyətli günlərlə bağlı ərazinin bayramsayağı tərtibatını təşkil etmək;
4.1.28. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq.
4.2. Ərazinin sosial-iqtisadi inkişafı sahəsində:
4.2.1. müvafiq ərazinin sosial-iqtisadi inkişafının monitorinqini və qiymətləndirilməsini həyata keçirmək, monitorinqin və qiymətləndirmənin nəticələri barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və digər aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına məlumat vermək;
4.2.2. müvafiq ərazidə sənaye potensialının inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
4.2.3. şəhərin, rayonun və şəhər rayonunun yerli sosial-iqtisadi inkişaf proqramlarının hazırlanmasını təşkil etmək və onları təsdiq etmək;
4.2.4. müvafiq icra hakimiyyəti orqanları, habelə aidiyyəti təşkilatlar və bələdiyyələr qarşısında ərazinin inkişafına dair məsələlər qaldırmaq, təkliflər vermək;
4.2.5. iqtisadi və sosial inkişaf üçün zəruri olan maliyyə, əmək ehtiyatları, əhalinin gəlirləri və torpaq balanslarının, habelə digər balansların hazırlanmasını təşkil etmək;
4.2.6. şəhərin, rayonun və şəhər rayonunun sosial-iqtisadi və mədəni inkişafını təmin etmək məqsədi ilə ayrılan büdcə və digər maliyyə vəsaitinin sərəncamçısı olmaq, bank hesabları açmaq, büdcə vəsaitindən və digər vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarəti həyata keçirmək;
4.2.7. müvafiq ərazinin kompleks sosial-iqtisadi inkişafında istehsal və sosial infrastrukturun, təbiəti mühafizə tədbirlərinin (obyektlərinin) maliyyələşdirilməsi, tikintisi, təmiri və saxlanılmasında iştirak edən fiziki və hüquqi şəxslərin qarşılıqlı fəaliyyətini əlaqələndirmək;
4.2.8. müvafiq ərazidə hüquqi və fiziki şəxslər tərəfindən sərmayə qoyuluşu üçün şərait yaratmaq;
4.2.9. müvafiq ərazidə sosial və istehsal infrastruktur obyektlərinin tikintisini və təmirini təşkil etmək.
4.3. Aqrar bölmənin inkişafı sahəsində:
4.3.1. müvafiq ərazidə aidiyyəti dövlət orqanları ilə birlikdə aqrar bölmənin inkişafına yönəldilmiş investisiya layihələrinin həyata keçirilməsi üçün şərait yaratmaq;
4.3.2. Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi üçün aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər hazırlanmasında və onların həyata keçirilməsində iştirak etmək;
4.3.3. aqrar bölmədə sahibkarlığın inkişafı və yerli istehsalçıların dəstəklənməsi üçün tədbirlər görmək, kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları üçün aqroservis, aqrokimyəvi, zoobaytar və digər xidmətlər göstərilməsinə nəzarəti həyata keçirmək;
4.3.4. kənd ərazilərində infrastrukturun inkişafı ilə bağlı məsələlərin həllində, o cümlədən müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;
4.3.5. müvafiq ərazidə mal-qaranın və başqa heyvanların, balıq və quşların xəstəliklərdən qorunması üçün epizootiya əleyhinə, sanitariya, profilaktik və digər baytarlıq tədbirlərinin həyata keçirilməsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətinə kömək göstərmək;
4.3.6. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələrdən, təşkilatlardan, torpaq mülkiyyətçilərindən və istifadəçilərindən əkin sahələri və çoxillik əkmələrin, meşələrin, otlaqların və biçənəklərin, toxum və əkin materiallarının fitosanitar vəziyyəti, habelə ziyanvericilərə, xəstəliklərə və alaq otlarına qarşı mübarizə tədbirləri haqqında məlumatlar almaq, onların aradan qaldırılmasında kömək göstərmək;
4.3.7. müvafiq ərazidə karantin obyekti mənbələri olan bitki zərərvericilərinin, xəstəlik törədicilərinin və alaq bitkilərinin vaxtında aşkar olunması, onların təcrid edilməsi və ləğvi üçün tədbirlərin həyata keçirilməsində aidiyyəti qurumlara kömək göstərmək;
4.3.8. bitki mühafizəsi sahəsində tədbirlərin həyata keçirilməsində, habelə pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin ətraf mühitə təsiri və keyfiyyətini itirmiş, istifadəsi qadağan olunmuş kimyəvi maddələrin zərərsizləşdirilməsi məsələlərində aidiyyəti dövlət qurumlarına kömək göstərmək.
4.4.0. Büdcə və maliyyə sahələrində:
4.4.0.1. dövlət büdcəsinin formalaşmasına, zərurət yarandıqda, büdcədə müvafiq dəyişikliklər edilməsinə dair təkliflər vermək, onun icrasını təmin etmək, büdcə gəlirlərinin artması üçün tədbirlər görmək.
4.5. İstehlak bazarı və sahibkarlığın inkişafı sahələrində:
4.5.1. müvafiq ərazidə istehlak bazarını təhlil etmək və inkişafını proqnozlaşdırmaq, istehlak bazarının, o cümlədən ticarət, ictimai iaşə və əhaliyə məişət xidmətinin inkişafına dair ünvanlı proqramların hazırlanmasını, həmin proqramların həyata keçirilməsini təşkil etmək;
4.5.2. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən:
4.5.2.1. istehlakçıların şikayətlərinə baxmaq, onların hüquqlarının müdafiəsi üzrə müvafiq məsləhətlər vermək;
4.5.2.2. istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtləri aşkarlamaq məqsədi ilə satıcılarla (istehsalçılarla, icraçılarla) istehlakçılar arasında bağlanan müqavilələri təhlil etmək;
4.5.2.3. istehlakçıların həyatına, sağlamlığına, yaxud əmlakına dəyən ziyan haqqında məlumat toplamaq və onu aidiyyəti üzrə səlahiyyətli orqanlara göndərmək;
4.5.2.4. istehlakçıların mallarda (işlərdə, xidmətlərdə) nöqsanlar, yaxud təhlükəli mallar (işlər, xidmətlər) aşkar etdikləri hallarda bunlar barədə malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə nəzarəti həyata keçirən aidiyyəti dövlət orqanlarına xəbər vermək;
4.5.2.5. istehlakçıların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəmədə iddia qaldırmaq;
4.5.3. müvafiq ərazidə əhali tərəfindən istehlak edilən mal və məhsulların keyfiyyətinə nəzarət işini və saxta məhsulların istehsalı və satışının qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsini təşkil etmək;
4.5.4. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına Əlavə 2 – “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə əsasən, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin), habelə tütün məmulatlarının satışına xüsusi razılıq (lisenziya) vermək, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin), habelə tütün məmulatlarının belə razılıq olmadan satışını aşkar etdikdə, tədbirlər görmək;
4.5.5. malların satışı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə yarmarkaların keçirilməsini təşkil etmək;
4.5.6. kənd təsərrüfatı məhsullarının istehsalçılarına, bağçılıqla, bostançılıqla məşğul olan vətəndaşlara kənd təsərrüfatı məhsullarının satışında kömək göstərilməsi məqsədi ilə tədbirlər həyata keçirmək;
4.5.7. müvafiq ərazidə rəqabətin və bazar iqtisadiyyatının inkişafı üçün şərait yaratmaq, sahibkarlıq subyektlərinin yaradılmasına və fəaliyyət göstərməsinə, əlavə iş yerlərinin yaradılmasına kömək göstərmək;
4.5.8. müvafiq ərazidə kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək;
4.5.9. əhaliyə sosial-mədəni xidmətlərin göstərilməsi sahəsində müvafiq tədbirlər görmək, digər növlərdən olan xidmətlərin inkişafına kömək etmək;
4.5.10. elektrik, içməli su, kanalizasiya, istilik və qaz şəbəkələri və qurğularının fasiləsiz işinin təmin olunmasına nəzarət etmək, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətini əlaqələndirmək;
4.5.11. vətəndaşların öz hesabına və müqavilələr əsasında yaşayış məntəqələrinin elektrikləşdirilməsi, qaz və su ilə təchizatı məsələlərini həll etmək, suyun keyfiyyətinə nəzarəti həyata keçirmək, müvafiq ərazidə müəssisə və təşkilatların inşa etdikləri elektrik, su kəməri, kanalizasiya, istilik və qaz şəbəkələri və qurğularının tikintisinə dair rəy vermək, əhalinin yanacaqla təmin olunması üçün tədbirlər görmək;
4.5.12. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəhərin, rayonun su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı üzrə regional sxemləri hazırlamaq və təsdiq etmək, su təchizatı və kanalizasiya müəssisəsinə müəssisənin xidməti zonasının hüdudlarından kənarda fəaliyyətini həyata keçirməsinə səlahiyyət vermək, müəyyən miqdarda yerüstü və yeraltı suyun qəbuluna, tullantı sularının hər hansı yerüstü və yeraltı su hövzələrinə axıdılmasına, həmçinin tullantıların (o cümlədən maye tullantıların) daşınmasına, torpaqda və ya su hövzələrində basdırılmasına, su bəndlərinin, su anbarlarının və digər hidrotexniki qurğuların tikintisinə icazə vermək, su təchizatı və kanalizasiya obyektlərinin layihələndirilməsinə və tikintisinə razılıq vermək.
4.6. Əhalinin sosial müdafiəsi və gender bərabərliyi sahələrində:
4.6.1. vətəndaşlara dövlət tərəfindən sosial yardım göstərilməsi işini təşkil etmək;
4.6.2. müvafiq ərazidə ehtiyacı olan ailə, qadın və uşaqlara sosial yardım göstərilməsi işini təşkil etmək, ailə institutunun möhkəmləndirilməsinə və ailə dəyərlərinin təbliğinə yönəlmiş tədbirlər görmək;
4.6.3. ehtiyacı olan uşaqlara yardım göstərilməsini təşkil etmək;
4.6.4. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, övladlığa götürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy təqdim etmək, övladlığa götürmə ilə bağlı məsələlərdə aidiyyəti dövlət orqanlarının işinə kömək göstərmək;
4.6.5. yeniyetmələrin nəzarətsizliyinə və baxımsızlığına qarşı profilaktik işlərin görülməsi, çətin həyat vəziyyətinə düşənlərin sosial adaptasiyası və reabilitasiyası, onların qanuni mənafelərinin və hüquqlarının müdafiəsi sahəsində tədbirlər həyata keçirmək;
4.6.6. müharibə və əmək veteranlarının, ahıl vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək;
4.6.7. ehtiyacı olan şəxslərin qocalar evlərində və digər sosial yardım müəssisələrində yerləşdirilməsi üçün zəruri tədbirlər görmək;
4.6.8. ailə başçısını itirmiş ailələrin, çoxuşaqlı ailələrin, evdə qulluğa ehtiyacı olan əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, müharibə və əmək veteranlarının, qocaların mənzil və maddi-məişət şəraitinin yaxşılaşdırılmasına kömək göstərmək;
4.6.9. əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlillərin reabilitasiya proqramlarının icrasına və əlillərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək;
4.6.10. müəyyən yaşayış yeri olmayan vətəndaşlara, cəzaçəkmə müəssisələrindən çıxmış şəxslərə, məcburi köçkünlərə sosial xidmət və sosial dəstək göstərilməsi ilə bağlı tədbirlər həyata keçirmək;
4.6.11. müvafiq ərazidə əhaliyə humanitar yardım göstərilməsi və əhaliyə sosial xidmət göstərən təşkilatlarla birlikdə humanitar yardıma tələbatın müəyyənləşdirilməsi işini təşkil etmək;
4.6.12. sosial yardımlara hüququ olan şəxslərin ilkin uçotunun aparılmasını təşkil etmək;
4.6.13. müvafiq ərazidə sosial qidalanmanın təşkili barədə məlumatların kütləvi informasiya vasitələrində verilməsini təşkil etmək;
4.6.14. müvafiq ərazidə ümumtəhsil və peşə təhsili alan şagirdlərin qidalanmasının təmin edilməsi işini təhsil müəssisələri ilə birlikdə təşkil etmək;
4.6.15. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayan uşaqların ümumtəhsil internat məktəblərinə, sağlamlıq imkanları məhdud uşaqların xüsusi məktəblər və internat məktəblərinə göndərilməsini təşkil etmək.
4.7. İnsanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi sahələrində:
4.7.1. əhalinin sağlamlığının qorunması üzrə dövlət proqramlarının müvafiq ərazidə icrasını təşkil etmək;
4.7.2. vətəndaşların sağlamlığının qorunması hüququnun həyata keçirilməsinə kömək göstərmək, qanvermə hərəkatının və sağlam həyat tərzinin təbliği üçün tədbirlər görmək;
4.7.3. müvafiq ərazidə tibb müəssisələri tərəfindən əhaliyə xidmətlərin, o cümlədən təcili tibbi xidmətin göstərilməsini, əhalinin sağlamlıq durumunu və digər göstəriciləri əks etdirən statistik məlumatları təhlil etmək, tibbi xidmətin yaxşılaşdırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına təkliflər vermək;
4.7.4. hər bir qrupun spesifik tələbatları nəzərə alınmaqla, yüksək riskli əhali qrupları arasında immunçatışmazlığı virusu infeksiyası, o cümlədən qazanılmış immunçatışmazlığı sindromu haqqında biliklər əldə etməyə yönəldilmiş profilaktik tədbirlər, təhlükəsiz və məsuliyyətli davranışın aşılanmasına yönəldilmiş maarifləndirici və məlumatlandırıcı proqramlar hazırlamaq və həyata keçirmək, həmin qruplara məlumatlandırma xarakterli materialların təqdim edilməsini təşkil etmək;
4.7.5. müvafiq ərazidə dövlət səhiyyə müəssisələri şəbəkəsinin inkişafına dair təklifləri aidiyyəti dövlət orqanlarına təqdim etmək;
4.7.6. müvafiq ərazidə narkomanlığa qarşı profilaktik tədbirlərin həyata keçirilməsinə kömək göstərmək;
4.7.7. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən, müvafiq ərazidə müəssisələrin, təşkilatların, idarələrin və vətəndaşların kompleks gigiyena tədbirlərini və epidemiya əleyhinə tədbirləri həyata keçirməsi sahəsində fəaliyyətini əlaqələndirmək, əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunmasına dair yerli proqramlar hazırlamaq və təsdiq etmək, onların yerinə yetirilməsinə nəzarət etmək, habelə bu məsələlərə dair dövlət proqramlarının həyata keçirilməsini təşkil etmək, əhali arasında yoluxucu xəstəlik epidemiyalarının, qeyri-yoluxucu kütləvi xəstəliklərin və zəhərlənmələrin qarşısının alınması və ləğvi istiqamətində operativ tədbirlər təşkil etmək, habelə müvafiq ərazidə karantinin və ya məhdudlaşdırıcı tədbirlərin tətbiqinə və ləğvinə dair qərarlar qəbul etmək;
4.7.8. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsinə əsasən, heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən dövlət baytarlıq nəzarətində olan yüklərin zərərsizləşdirilməsi və ya məhv edilməsi üçün xüsusi yerlər ayırmaq;
4.7.9. şəhərin, rayonun və şəhər rayonunun yerli ekoloji proqramlarının və ətraf mühitin mühafizəsi tədbirlərinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, müvafiq ərazidə ekoloji şərait barədə əhalinin məlumatlandırılmasını təmin etmək;
4.7.10. müvafiq ərazidə ətraf mühitin mühafizəsini təşkil etmək, hüquqi və fiziki şəxslərin hərəkətləri nəticəsində ətraf mühitə vurulan ziyanın qarşısının alınması üçün tədbirlər görmək;
4.7.11. su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı tədbirlər görmək.
4.8. Əmək münasibətləri, əməyin mühafizəsi və əhalinin məşğulluğu sahələrində:
4.8.1. əməyin mühafizəsi və müəssisələrdə baş vermiş bədbəxt hadisələrin tədqiqi məsələlərində müvafiq nəzarət orqanları, həmkarlar ittifaqları təşkilatları ilə və bu sahədə digər səlahiyyətli qurumlarla qarşılıqlı əlaqədə iş qurmaq, bədbəxt hadisələrin baş verməsi səbəblərini araşdırmaq, onların təkrar baş verməsinin qarşısının alınmasına yönəldilən tədbirlər görmək;
4.8.2. əhalinin işlə təmin edilməsi və məşğulluq səviyyəsinin artırılması üçün tədbirlər görmək, tabeliyində olan qurumlarda büdcə vəsaitləri və könüllü qaydada cəlb edilmiş vəsaitlər hesabına, digər mülkiyyət formalarında olan müəssisə, idarə və təşkilatlarda isə müqavilələr əsasında, işsiz kimi qeydə alınmış şəxslər üçün, habelə tələbə və gənclər üçün ödənişli ictimai işlər təşkil etmək.
4.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində:
4.9.1. müvafiq ərazidə yerləşən, ümumi istifadədə və balansında olan avtomobil yollarının təmiri və saxlanılması işlərini təşkil etmək, istismara qəbulu barədə aktları təsdiq etmək, ərazidə olan digər avtomobil yollarının təmiri və saxlanılması barədə aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq və işlərin görülməsinə nəzarəti həyata keçirmək;
4.9.2. müvafiq ərazidə sərnişin axınını öyrənmək və təhlil etmək, yerüstü sərnişin nəqliyyatı vasitələrinin hərəkətinin vətəndaşlar üçün daha əlverişli və təhlükəsiz marşrutları, həmin marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkət cədvəlləri barədə aidiyyəti dövlət orqanına təkliflər vermək, zəruri olan infrastrukturun yaradılması işini təşkil etmək, həmçinin sərnişin nəqliyyatı vasitələri üçün dayanacaqların yerləşdirilməsi sxemlərini təsdiq etmək və nəzarəti həyata keçirmək;
4.9.3. müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verir;
4.9.4. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, istifadəsində, idarəçiliyində və ya təsərrüfatında istilik təchizatı mənbələri olan istismar təşkilatları və müəssisələri tərəfindən əhaliyə xidmət edən mühəndis şəbəkəsinin və kommunikasiyaların fasiləsiz işinə, saxlanılmasına və təmirinə nəzarəti həyata keçirmək;
4.9.5. müvafiq ərazidə dövlətə məxsus müəssisələrin və digər təşkilatların mühəndis-enerji komplekslərinin, mənzil fondunun və sosial-mədəni təyinatlı obyektlərin qış mövsümünə hazırlanması işlərini əlaqələndirmək və bu sahədə nəzarəti həyata keçirmək;
4.9.6. tabeliyində olan qazanxanaların müntəzəm olaraq işləməsinə, həmçinin, xüsusi mülkiyyətdə olan yaşayış evləri istisna olmaqla, müvafiq ərazidə olan digər istehlakçıların istilik şəbəkəsinə qoşulmasına kömək göstərmək və işlərin görülməsinə nəzarəti həyata keçirmək;
4.9.7. küçələrin işıqlandırılması sisteminin əsaslı təmiri üzrə ünvanlı proqramlar təsdiq etmək və onların icrasını təşkil etmək;
4.9.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək;
4.9.9. yaratdığı müvafiq komissiyanın rəyinə əsasən, dövlət büdcəsi hesabına təmir və yenidənqurma işləri aparılacaq binaları müəyyən etmək;
4.9.10. çoxmənzilli binaların dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına cari və əsaslı təmir olunması məqsədi ilə xüsusi proqramlar hazırlamaq və onların icrasına nəzarəti həyata keçirmək;
4.9.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək;
4.9.12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək;
4.9.13. müvafiq ərazidə yerləşən çoxmənzilli binaların mülkiyyətçiləri tərəfindən idarəetmə forması müəyyən edilmədikdə və ya seçilmiş forma barədə qərarlar yerinə yetirilmədikdə, idarəedici təşkilatların müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin görülməsini təşkil etmək;
4.9.14. yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək;
4.9.15. mülkiyyətçilərin üzərinə əlavə vəzifələrin qoyulmaması şərtilə müvafiq ərazidə bina, tikili və qurğuların mülkiyyətçiləri tərəfindən həmin bina, tikili və qurğuların xarici görkəminin abad vəziyyətdə saxlanması ilə bağlı görülən işləri əlaqələndirmək;
4.9.16. tikintisi layihələndirilən obyektlərə bitişik olan ərazilərdə istirahət guşəsinin, uşaq və idman meydançalarının qurulması, minik avtomobillərinin dayanacaq yerlərinin təşkili, yaşıllaşdırma işləri, məişət tullantıları üçün konteynerlərin yerləşdirilməsi ilə bağlı görüləcək kompleks abadlaşdırma işlərinin həcmini sifarişçi ilə razılaşdırmaq, həmin işlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
4.9.17. müvafiq ərazidə məişət tullantılarının yığılması üçün konteyner meydançalarının yerləşdirilməsi və yenidən qurulması üzrə ünvanlı proqramları təsdiq etmək və həmin proqramların icrasına nəzarəti həyata keçirmək;
4.9.18. müvafiq ərazidə təmizlik işlərinin aparılmasına mane olan, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sahibsiz sayılan nəqliyyat vasitələrinin və tikinti-quraşdırma işlərində istifadə edilən qurğu və avadanlıqların ayrılmış yerlərə aparılması haqqında aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq və icrasına nəzarəti həyata keçirmək;
4.9.19. müvafiq ərazidə mövcud yaşıllıqların uçotunun aparılmasını təşkil etmək, yeni yaşıllıqlara olan tələbatı müəyyənləşdirmək və yaşıllıqların salınmasını təşkil etmək;
4.9.20. müvafiq ərazidə təmizlik, abadlaşdırma və yaşıllaşdırma aylıqlarının və iməciliklərin keçirilməsini təşkil etmək.
4.10. Ətraf mühitdən istifadə sahəsində:
4.10.1. çimərliklərdə sanitariya qaydalarına riayət olunmasına, onların istifadə üçün yararlı vəziyyətdə saxlanmasına nəzarəti həyata keçirmək;
4.10.2. müvafiq ərazidə artezian quyularının saxlanmasına nəzarəti həyata keçirmək.
4.11. Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində:
4.11.1. dövlət idarə və müəssisələrinin binalarının, otaqlarının əsaslı və cari təmirinə nəzarəti həyata keçirmək, həmçinin dövlət idarə və müəssisələrinin binalarının təmiri üzrə proqramların hazırlanmasını təşkil etmək və müvafiq təklifləri aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək;
4.11.2. müvafiq ərazidə dövlət mülkiyyətində olan bina və tikililərin təmiri barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları və təşkilatlar qarşısında məsələ qaldırmaq;
4.11.3. dövlət mülkiyyətində olan torpaq ehtiyatlarından səmərəli istifadə üçün tədbirlər görmək;
4.11.4. ətraf ərazilərin çirklənməsi təhlükəsi doğura biləcək tikintilər aparılan meydançaların saxlanılmasına nəzarəti həyata keçirmək;
4.11.5. tikinti işləri başa çatmış ərazilərin həmin işləri aparmış şəxslər tərəfindən abadlaşdırılmasına və yaşıllaşdırılmasına nəzarəti həyata keçirmək;
4.11.6. balansında olan qeyri-yaşayış fondunun əsaslı təmirini təşkil etmək;
4.11.7. məhəllədaxili ərazilərdə və meydanlarda mühəndis qurğularının quraşdırılmasına icazə vermək;
4.11.8. müvafiq ərazidə istehsal və qeyri-istehsal təyinatlı tikililərin, yenidən qurulan obyektlərin, həmçinin mühəndis və nəqliyyat infrastruktur obyektlərinin tikintisinə dair investisiya proqramları layihələri ilə bağlı təkliflər vermək;
4.11.9. dövlət büdcəsindən ayrılan vəsait hesabına sosial və infrastruktur obyektlərinin tikintisi barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanına təkliflər vermək;
4.11.10. tikinti layihələrinin, habelə tikilməkdə olan obyektlərin, torpağı, hava və su hövzələrini çirkləndirən müəssisələrin (təşkilatların) işinin ekoloji ekspertizasının keçirilməsini tələb etmək, ekspertizanın nəticələri mənfi olduqda, layihələrin yenidən işlənilməsi, müvafiq obyektlərin tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmaq;
4.11.11. “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 4-cü, 7-ci və 12-ci maddələrinə əsasən aşağıdakıları həyata keçirmək:
4.11.11.1. təsdiq edilmiş memarlıq layihələrini qeydiyyatdan keçirmək;
4.11.11.2. memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla təsdiq etmək;
4.11.11.3. qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə razılıq vermək və nəzarət etmək;
4.11.11.4. tikinti üçün sənədlərin tərtibatı və ya memarlıq obyektinin inşası zamanı müəllifin razılığı ilə memarlıq layihəsinə edilən dəyişikliklər memarlıq-planlaşdırma tapşırığının tələblərindən və ilkin razılaşdırma layihəsindən kənara çıxdıqda, bu dəyişiklikləri təsdiq etmək;
4.11.11.5. I və II məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək;
4.11.12. müvafiq ərazidə III məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək;
4.11.13. “Şəhərsalma fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu, 17-ci və 26-cı maddələrinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsinə, habelə mövcud tikililərin yenidən planlaşdırılmasına, yenidən qurulmasına, konstruktiv dəyişikliklər aparılmasına razılıq vermək, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə nəzarət etmək, şəhərsalma fəaliyyəti ilə əlaqədar yaranan mübahisələrə baxmaq;
4.11.14. müvafiq ərazidə sosial-məişət, mənzil, suvarma, meliorasiya və s. obyektlərin, həmçinin quraşdırılmış səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin istismara qəbul edilməsi üzrə komissiyalar yaratmaq və həmin obyektlərin istifadəyə verilməsi haqqında aktları qəbul etmək;
4.11.15. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, küçə reklamının yerləşdirilməsinə icazə vermək;
4.11.16. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, subyektlərə tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görülməsinə icazə vermək və belə icazə verildikdən sonra həmin subyektlərə abidələrin qorunması barədə göstərişlər vermək, yerli əhəmiyyətli abidələrin köçürülməsinə icazə vermək;
4.11.17. yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək.
4.12. Təhsil və mədəniyyət sahələrində:
4.12.1. müvafiq ərazidə uşaqların təhsilə cəlb edilməsi haqqında məlumatların toplanması və təhlili işini təşkil etmək, təhsildən kənarda qalanların təhsilə cəlb edilməsi üçün tədbirlər həyata keçirmək;
4.12.2. müvafiq ərazidə məktəbəqədər təhsil və məktəbdənkənar tərbiyə-təhsil müəssisələrinin, uşaq evlərinin, uşaq, gənclər və elmi-maarifçilik təşkilatlarının işinə kömək göstərmək;
4.12.3. əhalinin təhsil müəssisələrinə tələbatını müəyyənləşdirmək, təhsilin inkişaf səviyyəsi barədə əhalinin məlumatlandırılması işini təşkil etmək, dövlət təhsil müəssisələri şəbəkəsinin inkişafına dair təklifləri aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək;
4.12.4. müvafiq ərazidə mədəniyyət sahəsinin inkişafının təhlili və proqnozlaşdırılması işini təşkil etmək, müvafiq təklifləri aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək;
4.12.5. müvafiq ərazidə sakinlərin asudə vaxtının təşkili və mədəniyyət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi üçün şərait yaratmaq;
4.12.6. müvafiq ərazidə dövlət mədəniyyət müəssisələrinin inkişafına kömək göstərmək, digər mədəniyyət müəssisələrinin fəaliyyətini dəstəkləmək;
4.12.7. mədəni-maarif idarələrinin işini təşkil etmək;
4.12.8. müvafiq ərazidə kitabxana xidmətinin təşkilinə nəzarəti həyata keçirmək;
4.12.9. xalq bədii sənətinə dəstək vermək, yerli ənənəvi xalq bədii yaradıcılığının inkişafı üçün şərait yaratmaq;
4.12.10. müvafiq ərazidə əhalinin mədəniyyət müəssisələrinin xidmətləri ilə təmin olunmasına dair təhlillər aparmaq, mədəniyyət xidmətinin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görmək və müvafiq təklifləri aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək.
4.13. Uşaq və gənclər siyasəti, bədən tərbiyəsi, idman və turizmin inkişafı sahələrində:
4.13.1. müvafiq ərazidə uşaq və gənclərlə işi təşkil etmək;
4.13.2. müvafiq ərazidə uşaq və gənclərin asudə vaxtını təşkil etmək;
4.13.3. müvafiq ərazidə uşaq və gənclərin ictimai birliklərinin fəaliyyətini dəstəkləmək, gənclər təşkilatları tərəfindən yaradıcılıq tədbirlərinin keçirilməsinə kömək göstərmək;
4.13.4. müvafiq ərazidə gənclər və yeniyetmələrin klub və mərkəzləri şəbəkəsinin inkişafı, genişləndirilməsi, onların təmiri və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün tədbirlər həyata keçirmək, işçilərin ixtisaslarının artırılmasına, gənclər və yeniyetmələrin mövcud klub və mərkəzlərində yeni dərnək və kursların təşkilinə şərait yaratmaq;
4.13.5. gənclərin məşğulluğunun təşkili üçün tədbirlər görmək, o cümlədən fiziki cəhətdən qüsurlu şəxslərə, internat məktəblərin və uşaq evlərinin məzunlarına işə düzəlməkdə kömək göstərmək;
4.13.6. mədəni-kütləvi və idman tədbirləri üçün ayrılmış yerlərdən kənarda həmin tədbirlərin keçirilməsinə dair müraciətlərə baxmaq;
4.13.7. yaşayış yerləri üzrə və kütləvi istirahət yerlərində bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün şərait yaratmaq;
4.13.8. idarəçiliyində olan idman qurğularının və obyektlərinin istifadəsinə nəzarəti həyata keçirmək;
4.13.9. idman yarışları, turnirlər, idman bayramları və digər idman-sağlamlıq tədbirlərini təşkil etmək və həyata keçirmək;
4.13.10. müvafiq ərazidə uşaqlar və gənclər arasında idman-sağlamlıq işlərinin aparılması, gənclərin sağlam həyat tərzinin formalaşdırılması məqsədi ilə onların bədən tərbiyəsi və idman məşqlərinə mütəmadi cəlb edilməsini təşkil etmək;
4.13.11. tətil zamanı uşaqların asudə vaxtının səmərəli təşkili üçün müvafiq ərazidə istirahət və idman-sağlamlıq tədbirlərinin dövlət ümumtəhsil müəssisələri tərəfindən hazırlanıb keçirilməsinə, şəhərətrafı uşaq sağlamlıq obyektlərinin inkişafına, əsaslı təmirinə və saxlanmasına nəzarəti həyata keçirmək;
4.13.12. müvafiq ərazidə idman və uşaq əyləncə meydançalarının tikintisi, əsaslı təmiri və yenidən qurulması, ümumi istifadədə olan stadionların əsaslı təmiri üzrə ünvanlı proqramların hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, bu proqramların icrasına nəzarəti, idman və uşaqlar üçün əyləncə meydançalarının avadanlıqla təchiz olunmasını, həmin avadanlığın təmiri və ona xidmət işini təşkil etmək;
4.13.13. müvafiq ərazidə idmanın müxtəlif istiqamətlərinin inkişafı üzrə tədbirlərin həyata keçirilməsini təşkil etmək, dövlət bədən tərbiyəsi və idman müəssisələrinin, o cümlədən bədən tərbiyəsi, idman və sağlamlıq mərkəzlərinin, həmçinin idman yönümlü digər obyektlərin inkişafı üçün şərait yaratmaq;
4.13.14. sosial-mədəni, idman və bədən tərbiyəsi təyinatlı obyektlər yaratmaq və onların işini təşkil etmək;
4.13.15. gənclərin vətənpərvərlik tərbiyəsinə dair proqramların hazırlanmasını təşkil etmək və həmin proqramları təsdiq etmək, vətəndaşların vətənpərvərlik tərbiyəsinə yönəlmiş tədbirləri həyata keçirmək;
4.13.16. müvafiq ərazidə turizm və istirahət obyektlərinin fəaliyyətinin dəstəklənməsi və inkişafı üçün şərait yaratmaq.
4.14. Kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət sahələrində:
4.14.1. şəhərin, rayonun və şəhər rayonunun inkişaf meyillərinin müəyyənləşdirilməsi işinə qeyri-hökumət təşkilatlarını qarşılıqlı razılaşma əsasında cəlb etmək;
4.14.2. sosial, iqtisadi, ətraf mühitin qorunması məsələlərinə həsr olunmuş toplantılarda və mədəniyyət sahələri üzrə ictimai maraq doğuran məsələlərin müzakirəsində kütləvi informasiya vasitələrinin, siyasi partiyaların, dini qurumların və qeyri-hökumət təşkilatlarının iştirakına şərait yaratmaq;
4.14.3. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq ərazidə sərbəst yayılması və satışı üçün ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması məsələlərinə baxmaq;
4.14.4. dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satışının, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılmasının qarşısının alınması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq.
4.15. Qanunçuluq, asayişin qorunması, təhlükəsizlik və mülki müdafiə sahələrində:
4.15.1. müvafiq ərazidə Azərbaycan Respublikasının qanunvericilik aktlarının icrası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və həyata keçirilməsi üçün tədbirlər görmək;
4.15.2. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada toplantıların keçirilməsi ilə əlaqədar məsələlərə baxmaq;
4.15.3. müvafiq ərazidə ictimai və kütləvi tədbirlərin keçirilməsi zamanı daxili işlər orqanları ilə birlikdə ictimai asayişin qorunmasını təşkil etmək;
4.15.4. Azərbaycan Respublikasının ərazisində olma, yaşama, yaxud tranzitlə keçmə qaydalarını müvafiq ərazidə pozan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsində aidiyyəti dövlət orqanlarına kömək göstərmək;
4.15.5. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 34-cü maddəsinə uyğun olaraq, ictimai işlər növündə cəzanın icra edildiyi ictimai yerləri müəyyənləşdirmək;
4.15.6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq;
4.15.7. əhalinin və ərazilərin fövqəladə hallardan qorunmasının və mülki müdafiənin təşkili üçün tədbirlər görmək;
4.15.8. müvafiq ərazidə mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda mülki müdafiə, təbii və texnogen xarakterli fövqəladə hallardan müdafiə üzrə tədris-material bazasının yaradılması və inkişafı üçün tədbirlər görmək;
4.15.9. müvafiq ərazidə yol hərəkətinin təhlükəsizliyini təmin edən tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təşkil etmək, işıqfor şəbəkəsinin modernləşdirilməsi və yerləşdirilməsi ilə bağlı aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təkliflər vermək;
4.15.10. müvafiq ərazidə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadənin və onların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması üçün tədbirlər həyata keçirmək;
4.15.11. müvafiq ərazidə ictimai asayişin qorunması, kriminogen vəziyyət, habelə vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasının təmin olunması haqqında məhkəmə, ədliyyə, prokurorluq və polis orqanlarından məlumatlar almaq;
4.15.12. müvafiq ərazidə hüquqpozmaların profilaktikası üzrə tədbirlər həyata keçirmək;
4.15.13. müvafiq ərazidə ictimai təhlükəsizliyin qorunmasının təmin edilməsi, əhalinin və həyat üçün mühüm obyektlərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün tədbirlər həyata keçirmək;
4.15.14. müvafiq ərazidə yerləşən mülki müdafiə obyektlərinin daim hazır vəziyyətdə saxlanılması üçün tədbirlər həyata keçirmək.
4.16. Dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində:
4.16.1. şəhərin, rayonun və şəhər rayonunun icra hakimiyyəti orqanının istifadəsində olan əmlaka münasibətdə hüquqi hərəkətlər etmək və həmin əmlakın qorunmasını təşkil etmək;
4.16.2. idarəçiliyində olan qeyri-yaşayış fondu obyektlərinin icarəyə verilməsinə razılıq vermək;
4.16.3. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək;
4.16.4. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla);
4.16.5. investisiya şərtləri ilə tikinti aparıla biləcək torpaq sahələrinin siyahısını müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək;
4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək;
4.16.7. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq məhkəmədənkənar qaydada həll olunmalı torpaq mübahisələrini həll etmək;
4.16.8. müvafiq ərazidə yeni yaradılmış daşınmaz əmlak obyektlərində sosial təyinatlı obyektlərin yerləşdirilməsi üçün müvafiq sahələrin dövlət mülkiyyətinə alınması barədə aidiyyəti icra hakimiyyəti orqanlarına təkliflər vermək;
4.16.9. dövlət mülkiyyətində olan əmlakın bələdiyyə mülkiyyətinə verilməsi, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan əmlakın isə dövlət mülkiyyətinə alınması barədə aidiyyəti dövlət orqanlarına təkliflər vermək.
4.17. Rayon bölgüsü olan şəhərlərin icra hakimiyyəti başçılarının əlavə səlahiyyətləri:
4.17.1. şəhərin iqtisadi, sosial inkişaf və ekoloji proqramlarının, bu Əsasnamənin 7.5-ci bəndinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmaların layihəsinin və dövlət proqramlarının layihələrinin hazırlanması zamanı şəhər rayonlarının icra hakimiyyəti başçılarından müvafiq təkliflər almaq;
4.17.2. şəhərin vahid inzibati ərazi kimi idarə olunması, ümumşəhər məsələlərinin səmərəli həlli, şəhərin sosial-iqtisadi inkişafı məsələlərinin və səlahiyyətlərinə aid olan digər məsələlərin həllini təmin etmək məqsədi ilə şəhər rayonlarının icra hakimiyyəti başçılarının fəaliyyətini əlaqələndirmək;
4.17.3. şəhər rayonlarının icra hakimiyyəti başçılarının sərəncam və əmrləri Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olduqda onları ləğv etmək.
4.18. Rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməyən vəzifə və səlahiyyətlər:
4.18.1. Bu Əsasnamənin 3.16.3-cü bəndində nəzərdə tutulmuş vəzifə rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir.
4.18.2. Bu Əsasnamənin 4.1.14-cü, 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.15-ci, 4.11.17-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü bəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir.
4.19. Yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər səlahiyyətləri də həyata keçirirlər.
5. İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətləri
5.1. İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin aşağıdakı vəzifə və səlahiyyətləri vardır:
5.1.1. yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər vermək;
5.1.2. əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər vermək;
5.1.3. nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planları əsasında təşkil etmək;
5.1.4. ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək;
5.1.5. ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək;
5.1.6. ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq;
5.1.7. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 46.4-cü, 46.5-ci, 46.15-ci və 87.6-cı maddələrinə uyğun olaraq, daimi seçici siyahılarına daxil edilmək üçün ərazidə aktiv seçki hüququna malik olan seçicilər haqqında məlumatları yerli icra hakimiyyəti başçısına təqdim etmək, seçki məntəqələrinin ərazilərində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yerlərin müəyyənləşdirilməsinə dair yerli icra hakimiyyəti başçısına təkliflər vermək;
5.1.8. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək;
5.1.9. ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək;
5.1.10. ilin yekunları ilə bağlı hesabat yığıncağında əhaliyə (ictimaiyyətə) nümayəndəliyin fəaliyyəti haqqında məlumat vermək;
5.1.11. nümayəndəliyin işçiləri (inzibati vəzifə tutan işçilər istisna olmaqla) barədə həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək;
5.1.12. səlahiyyətləri çərçivəsində əmrlər vermək.
5.2. Bu Əsasnamənin 5.1-ci bəndində göstərilənlərə əlavə olaraq, inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır.
5.3. İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısının nümayəndələri Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifə və səlahiyyətləri də həyata keçirirlər.
6. Yerli icra hakimiyyətlərinin aktları
6.1. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin V hissəsinə uyğun olaraq, yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər.
6.2. Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları onlar tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları qərar formasında qəbul edilir.
6.3. Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
6.4. Yerli icra hakimiyyəti orqanlarının qəbul etdikləri normativ xarakterli aktların icrası onun ərazisində yaşayan fiziki şəxslər və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir.
6.5. Yerli icra hakimiyyəti orqanının normativ xarakterli aktı (onun struktur elementi) aşağıdakı hallarda öz qüvvəsini itirir:
6.5.1. normativ xarakterli aktın (onun struktur elementinin) tətbiqi müddəti başa çatdıqda;
6.5.2. normativ xarakterli akt (onun struktur elementi) ləğv edildikdə;
6.5.3. normativ xarakterli akt (onun struktur elementi) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin XV fəslinə uyğun olaraq məhkəmənin qərarı ilə etibarsız (qüvvədən düşmüş) hesab edildikdə.
6.6. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya faktiki olaraq əhəmiyyətini itirən, yaxud yerli icra hakimiyyəti orqanının yeni normativ xarakterli aktı qəbul etməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən həmin yerli icra hakimiyyəti orqanının bütün normativ xarakterli aktları və ya onların struktur elementləri ləğv edilməlidir. Normativ xarakterli aktın ləğv edilməsi barədə həmin aktı qəbul etmiş yerli icra hakimiyyəti orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən ayrıca norma qəbul edilir.
6.7. Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 508 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydaları”na və 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”yə, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi ilə bağlı digər məsələlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa, qanunauyğunluğunun mübahisələndirilməsi isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq tənzimlənir.
6.8. Yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir.
6.9. Yerli icra hakimiyyətinin başçısı qəbul edilən normativ xarakterli və qeyri-normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir.
7. Yerli icra hakimiyyətlərinin fəaliyyətinin iqtisadi və maliyyə əsasları
7.1. Yerli icra hakimiyyətlərinin fəaliyyətinin iqtisadi və maliyyə əsaslarını bu orqanların istifadəsinə verilmiş, yerli icra hakimiyyətinin fəaliyyətini təmin edən və müvafiq ərazinin tələbatının ödənilməsinə xidmət edən, dövlət mülkiyyətində olan əmlak və sərəncamında olan maliyyə vəsaitləri təşkil edir.
7.2. Yerli icra hakimiyyətlərinin istifadəsində olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsait, dövlət mənzil fondu, dövlət mənzil fondu binalarının qeyri-yaşayış sahələri, mühəndis-kommunikasiya və infrastruktur obyektləri, kommunal xidmət təyinatlı və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və onların istifadəsinə verilmiş digər əmlak daxildir.
7.3. Yerli icra hakimiyyətlərinin idarəçiliyində torpaq sahələri, təbiət obyektləri, maliyyə aktivləri, qeyri-yaşayış binaları, təhsil, mədəniyyət, səhiyyə və idman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün digər əmlak da ola bilər.
7.4. Yerli icra hakimiyyətlərinin istifadəsində olan obyektlər üzərində sərəncam verilməsi və onların idarə edilməsi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir.
7.5. Yerli iqtisadi və sosial-mədəni inkişafı təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsinin (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Muxtar Respublikasının büdcəsinin) tərkibində müvafiq ərazi vahidləri üçün ayırmalar nəzərdə tutulur. Hər bir şəhər, rayon və şəhər rayonuna ayrılan vəsait dövlət büdcəsinin yerli xərclərində ayrıca sətirlə göstərilir. Növbəti ilin dövlət büdcəsinin layihəsi tərtib edilərkən şəhər rayonlarında aparılması nəzərdə tutulan abadlaşdırma və yenidənqurma işləri üçün ayrılan vəsait müvafiq şəhər rayonunun yerli xərclərinə aid edilir.
7.6. Yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir.
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə
Əlavə
1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin və Səhiyyə Nazirliyinin yerli bölmələrinin rəhbərlərini həmin mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdıraraq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad edir.
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Dövlət Statistika Komitəsinin və Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələrinin rəhbərlərini yerli icra hakimiyyəti başçısının təqdimatına əsasən müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri vəzifəyə təyin və vəzifədən azad edirlər.
3. Digər mərkəzi icra hakimiyyəti orqanları üçün qanunvericilikdə başqa hallar və başqa qayda nəzərdə tutula bilər.
4. Dövlətə məxsus müəssisələrin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin müvafiq inzibati ərazi vahidində fəaliyyət göstərən yerli qurumlarının rəhbərləri yerli icra hakimiyyətinin başçısı ilə razılaşdırılmaqla vəzifəyə təyin və vəzifədən azad edilirlər.
Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir