Şriftin ölçüsü :

Saytın rəngi :

Turizm

Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə zəngindir. Tarix və mədəniyyət abidələri xalqımızın milli sərvətidir. Bu abidələr, tarixin müxtəlif dövrlərini əks etdirərək, xalqımızın milli-mənəvi və mədəni dəyərlərini özündə yaşadır. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 1998-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq olunmuş siyahıda Göygöl rayonunda mövcud olan 31 ölkə   və yerli  əhəmiyyətli tarixi abidə qeydiyyata alınmışdır ki, bunlardan 8-i ölkə əhəmiyətli arxeoloji, 22 yerli əhəmiyyətli memarlıq abidəsi, 1 isə yerli əhəmiyyətli arxeoloji abidələrdir. . Rayon ərazisində  mövcud olan abidələrin tarixi XII, XIV, XVI və XIX əsrlərə  aid edilir.Göygöl şəhərində 1854-cü ildə tikilmiş "Lüteran" alman kilsəsi, XVI əsrə aid ikigöz körpüsü, 1896-cı ildə tikilmiş üçgöz körpüsü, XII əsrə aid Ağ körpü, XIX əsrdə almanlar tərəfindən tikilmiş 9 memarlıq incəsənət abidələri, Zurnabad kəndində XII əsrə aid Qala, keçmiş Sarıqaya kəndində (indiki Qızılca) XVI əsrə aid Türbə, Dozular kəndində XVI əsrə aid birgöz körpüsü, Topalhəsənli kəndində taixi məlum olmayan iki tağlı daş körpü, Şəhriyar kəndində 1674-cü ildə tikilmiş Qabriyel kilsəsi, Çaykənd kəndində tarixi məlum olmayan Anahid məbədi və Müqəddəs Məryəm kilsəsi və s.daxildir. Eyni zamanda Göygöl rayonu qərb bölgəsi üzrə ən çox yeni aşkar olunmuş tarix və mədəniyyət abidələri ilə zəngin rayonlardan biridir. Rayon üzrə son 10 ildə 343 yeni aşkar olunmuş tarixi abidələr Mədəniyyət Nazirliyi  yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən siyahıya alınmışdır. Rayon mərkəzində almanlar tərəfindən salınmış 6 küçədə yerləşən 325 yaşayış evi, 2 köhnə qəbiristanlıq,1 bağ- park, monumental və xatirə abidəsi və rayonun müxtəlif kəndlərində mövcud olan 15 məbəd və kilsələr daxildir. Yeni aşkar olunmuş abidələrə  Yeni-Zod kəndindən 300 m məsafədə Alban kilsəsi, Tülallar kəndi yaxınlığında Pand dağ silsiləsində mövcud olan  Alban məbədi, Çaykənd kəndi yaxınlığında alban məbədi, Balçılı  kəndin ərazisində taixi məlum olmayan "Qız-qalası", Kərəmli kəndi ərazisində tarixi məlum olmayan kilsə, Qarabulaq, Zurnabad və Şəhriyar kəndlərində mövcud olan alban məbədləri, Hummel küçəsi 5 ünvanında yerləşən Mədəniyyət mərkəzinin zirzəmilərində aparılmış qazıntılar zamanı Forer qardaşları tərəfində inşa edilmiş “Zirzəmilər” və s daxildir. 
Abidələrin üzərinə onların adı, yaranma tarixi, invertar nömrəsi və dövlət tərəfindən qorunması haqqında məlumatları əks etdirən lövhələr vurulmuşdur. Həmçinin tarixi abidələrin yerləşdiyi ərazilərini  əks etdirən xəritə tərtib olunmuşdur. Bu abidələr dövlət tərəfindən qorunur.

Qeyd: Rayon ərazisində 1084 inventar nömrəli kurqanda  aparılmış arxeoloji qazıntılar nəticəsində e.ə III və IV minilliyə aid qəbrlər aşkar edilmişdir. Rayon ərazisində olan tarixi abidələrin çoxu öz tarixi funksiyasını qoruyub saxlamışdır.

Keçidlər