Şriftin ölçüsü :

Saytın rəngi :

İdman

İdman sahəsi:

Göygöl rayonunda bədən tərbiyəsi və idmanın inkişafı, idmanın kütləviliyinin təmin olunması və gənclərin sağlam həyat tərzinə cəlb edilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Rayonda sərbəst güləş, futbol, voleybol, basketbol, aşihara karate-kaykan, taekvando, kikboksinq, cüdo, MMA, üzgüçülük, boks, savat və digər idman növləri üzrə mütəmadi fəaliyyət göstərən qruplar mövcuddur.

Hazırda rayonda bədən tərbiyəsi və idmanla məşğul olan təşkilatların ümumi sayı 61-dir. Onlardan 48-i ümumtəhsil məktəbi, 1 Olimpiya İdman Kompleksi, 1 idman məktəbi və 12 idman klubudur. Həmin təşkilatlarda 84 nəfər ali və orta ixtisas təhsilli məşqçi-müəllim fəaliyyət göstərir. İdman bölmələrinə cəlb olunmuş idmançıların sayı 860 nəfər, ümumtəhsil məktəblərində bədən tərbiyəsi dərslərində iştirak edənlərin sayı isə 10 650 nəfər təşkil edir.

Rayon ərazisində mövcud olan idman qurğularının sayı 96-dır. Bunlara 1300 yerlik Olimpiya İdman Kompleksinin stadionu, 600 yerlik Göygöl Mərkəzi Şəhər Stadionu, 34 ümumtəhsil məktəbinin idman zalları, 1 atıcılıq tiri və 50 sadə idman qurğusu daxildir. Mövcud idman infrastrukturu rayon əhalisinin müxtəlif yaş qruplarının idmanla məşğul olması üçün geniş imkanlar yaradır.

Göygöl rayonu üzrə gənclər və idman sektoru tərəfindən idmanın kütləviliyinin artırılması məqsədilə futbol, voleybol, aşihara karate, kikboksinq, dama, şahmat, boks, güləş və digər idman növləri üzrə mütəmadi olaraq rayon birincilikləri və turnirlər təşkil olunur. Eyni zamanda əhalinin fiziki aktivliyinin artırılması, gənclərin sağlam həyat tərzinə təşviqi məqsədilə “Səhər idmanı”, “İdman hamı üçün” və səyyar “Sağlam həyat” aksiyaları uğurla həyata keçirilmişdir. Bununla yanaşı, beynəlxalq arenada yüksək nəticələr əldə etmiş idmançıların yeniyetmə və gənclərlə mütəmadi görüşləri təşkil edilərək onların motivasiyasının artırılmasına xüsusi diqqət yetirilir.

Rayon idmançıları respublika ilə yanaşı beynəlxalq yarışlarda Avropa birinclikləri və çempionatlarında, Dünya çempionatlarında və kuboklarında eləcədə digər beynəlxalq yarışlarda fəal iştirak edir, müxtəlif idman növləri üzrə ölkəmizi layiqincə təmsil edərək mükafatlı yerlər qazanırlar. Xüsusilə güləş, boks, kikboksinq və aşihara karate, taekvondo, savat növləri üzrə Göygöl idmançılarının beynəlxalq turnirlərdə uğurlu çıxışları rayonun idman potensialını nümayiş etdirir.

Bununla yanaşı, Göygöl rayonu beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etməsi ilə də seçilir. Belə ki, cüdo üzrə Avropa Kuboku, həmçinin III MDB Oyunları çərçivəsində sambo və cüdo yarışları Göygöl rayonunda yüksək təşkilatçılıqla keçirilmişdir. Bu mötəbər yarışlar rayonun idman infrastrukturunun və təşkilati imkanlarının beynəlxalq standartlara cavab verdiyini bir daha sübut etmişdir.

Gənclərin hərbi-vətənpərvər ruhda tərbiyəsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. İl ərzində “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi, “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi və “Gənc Nişançılar” atıcılıq çempionatı təşkil edilir. Həmin tədbirlərə ümumilikdə 350-dən çox məktəbli cəlb olunur və bu tədbirlər gənclərin fiziki hazırlığının və vətənpərvərlik ruhunun gücləndirilməsinə mühüm töhfə verir.

Ümumilikdə, Göygöl rayonunda bədən tərbiyəsi və idmanın inkişafı, idmanın kütləviliyinin təmin olunması və beynəlxalq idman mühitinə inteqrasiya istiqamətində görülən işlər davamlı xarakter daşıyır və bu sahədə əldə olunan nəticələr gələcək uğurlar üçün möhkəm zəmin yaradır.

 

Gənclər sahəsi:

Rayonda gənclərin sayı – 14733 nəfər

O cümlədən: kişilər – 7909, qadınlar – 6824 nəfərdir.

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Göygöl rayonu üzrə gənclər və idman sektoru rayonda gənclər və idman siyasətini həyata keçirən orqandır. Gənclər siyasəti Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Milli Məclisin qərar və qanunlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Gənclər və İdman Nazirliyinin qərar və sərəncamlarını və digər normativ sənədlərini əldə rəhbər tutaraq həyata keçirilir. Belə ki, Göygöl rayonu üzrə gənclər və idman sektoru rayonda yeniyetmə və gənclərin hərtərəfli inkişafı, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili, istedadlı gənclərin aşkara çıxarılması və istedadlarının inkişaf etdirilməsi, gənclərin idmana və sağlam həyat tərzinə cəlb edilməsi, elmə, təhsilə olan maraqlarının artırılması, vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi və bunlarla yanaşı yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması və maarifləndirilməsi məqsədi ilə mütəmadi olaraq bu istiqamətdə müvafiq tədbirlər həyata keçirir. Keçirilən bu tədbirlər yeniyetmə və gənclərdə vətənə və xalqa, tariximizə və milli ideologiyaya hörmət və məhəbbət hisslərini, həmçinin onların elmə, təhsilə və idmana marağını artırır.

Göygöl şəhərində 2014-cü ildən Gənclər evi gənclərin istifadəsinə verilmişdir ki, bu da rayon gənclərinin asudə vaxtının səmərəli təşkil olunmasına, mədəni kütləvi tədbirlərin sayının və keyfiyyətinin artırılmasına gətirib çıxarmışdır.  Gənclər evi 200 nəfərlik akt zalı, kafe, rəqs zalı və karaoke-əyləncə zalından ibarətdir. Gənclər evi sosial xidmət müəssisəsində - gənclərin kompüter, robototexnika və digər texnoloji sahələrdə bilik və bacarıqlarının inkişafı istiqamətində “İnnovasiya Klubu”,  gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi və milli dəyərlərə sadiqliyinin artırılması məqsədilə “Vətənpərvərlik Klubu”, təlimlər, seminarlar, görüşlər, intellektual oyunlar, debat turnirləri və karyera məsləhətçiliyi  istiqamətində “Təlim və İnkişaf Klubu”, eko fəaliyyətlər, kino seansları, sağlam həyat tərzinin təbliği, könüllülük təşəbbüsləri və əyləncəli tədbirlərin təşkili istiqamətində “Sosial Fəaliyyət Klubu”, yaradıcılıq və istedad sahəsində fərqlənən gəncləri inkişafı istiqamətində  “Yaradıcılıq Klubu”, gənclərin maraq dairəsini və ehtiyaclarını müəyyənləşdirmək məqsədilə sorğular və sorğuların nəticələri əsasında müvafiq tədbirlərin planlaşdırılması istiqamətində “Analitik Tədqiqat Klubu” fəaliyyət göstərir.

Göygöl rayon İcra Hakimiyyəti, Təhsil sektoru, Mədəniyyət mərkəzi, Mərkəzi Rayon Xəstəxanası, hüquq-mühafizə orqanları, Gənclər evi SXM və digər əlaqədar təşkilatlarla  birgə müxtəlif idman yarışları, bilik yarışları, intellektual oyunlar, inşa, şeir, rəsm müsabiqələri, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində profilaktik görüşlər, gənclərin hərtərəfli inkişafı məqsədilə çoxsaylı təlim və seminarlar təşkil edilir. İldə bir dəfə olmaqla sektor tərəfindən gənclər üçün Könüllülük Proqramı elan edilir.

Göygöl rayonu 2021-ci ilin Gənclər Paytaxtı seçilmişdir.

Keçidlər