Göygöl Milli Parkı
Göygölün füsunkar gözəlliyi
Göygöl və onun ətrafında yayılmış meşələr öz zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.
Göygöl təbiətinin gözəlliyi sayəsində daima diqqəti cəlb etmiş və XX əsrin əvvəllərində - 1910-1912-ci illərdə ərazidə qoruq yaradılması məsələsi qaldırılmışdır. 1925-ci ildə Azərbaycan Respublikasının ərazisində ilk qoruq olan Göygöl Dövlət Təbiət Qoruğu yaradılmışdır. Sonralar qoruq ləğv edilmiş və ictimaiyyətin arzu və təkliflərinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli 475 nömrəli Qərarına əsasən yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 01 aprel 2008-ci il tarixli Sərəncamına əsasən Göygöl Dövlət Təbiət Qoruğunun və Azərbaycanın Xanlar (indiki Göygöl), Daşkəsən və Goranboy rayonlarının inzibati ərazilərində Göygöl Milli Parkı yaradılmışdır. Sahəsi 6 739 hektar olan Göygöl Dövlət Təbiət Qoruğu Milli Park statusu aldıqdan sonra, onun ərazisi artırılaraq, 12 755 hektara çatdırılmışdır.
Göygöl Milli Parkı zəngin bitki örtüyünə malikdir. Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. 1100-2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin olub, 80-ə qədər ağac və kol növünə malikdir. Meşələrin əsas hissəsini kiçik yarpaqlı ağaclardan şərq fıstığı (Fagus orientalis), şərq palıdı (Quercus macranthera), Qafqaz vələsi (Carpinus caucasica), tozağacı (Betula pendula), adi göyrüş (Fraxinus excelsior), ağcaqayın (Acer campestre), cökə (Tilia cordata), iynəyarpaqlı ağaclardan isə Kox şamı (Pinus kochiana) təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s. yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi (Viola caucasica), alp dişəsi (Poa alpina), Steven zəncirotu (Taraxacum stevenii), zəngçiçəyi (Campanula sp.), çobanyastığı (Anthemis sp), şırımlı topal (Festuca rupicola), ağbığ (Nardus stricta), qırtıc (Poa bulbosa) və s. göstərmək olar. Bu növlər ən çox subalp çəmənliyində yayılmışdır.
Milli parkın ərazisinin 2000-ə qədər hündürlüyü əhatə etməsi, müxtəlif bitki formasiyalarının bir-birinə əvəz etməsi, ərazinin ümumi coğrafi mövqeyi burada heyvanlar aləminin də xeyli zənginliyinə şərait yaratmışdır.
Göygöl Milli Parkının ərazisində məməli heyvan növlərindən Qafqaz maralı 9cervus elaphus), Avropa cüyürü (Capreolus capreolus), qonur ayı (Ursus arctos), dağ keçisi (Capra aegagrus), porsuq (Meles meles), meşə pişiyi (Felis silvestris), vaşaq (Lynx lynx), daşlıq dələsi (Martes foina), gəlincik (Mustela erminea), adi kirpi (Erinaceus concolor), tülkü (Vulpes vulpes), Radde qonurdişi (Sorex raddei), xırda köstəbək (Talpa levantis), ağqarın ağdiş (Crocidura leucodon) və s., quş növlərindən bildirçin (Coturnix coturnix), meşə göyərçini (Columba oenas), adi qur-qur (Streptopelia turtur), meşə cüllütü (Gallinago gallinago), göl qağayısı (Chroicocephalus ridibundus), saqqallı quzugötürən (Gypaetus barbatus), qara kərkəs (Aegypius monachus), leşyeyən ağkərkəs (Neophron percnopterus), iri yapalaq (Bubo bubo), bayquş (Asio otus), fısıldayan qu quşu (Cygnus olor), qara ağacdələn (Dryocopus martius), sarıköynək (Oriolus oriolus), meşə turağayı (Lullula arborea), çil qaratoyuq (Turdus viscivorus) və s. yayılmışdır. Milli parkın ərazisində nadir növlər olan Qafqaz maralı (Cervus elaphus) qorunur.
Göygöl Milli Parkında təbiət gözəlliyinin rəngarəngliyi, bitki və heyvanlar aləminin zənginliyi ekoturizm fəaliyyətinin təşkili və inkişafına, o cümlədən, əraziyə böyük sayda yerli və xarici turistlərin cəlb edilməsinə şərait yaradır.