Idman
Göygöl rayonun 2020-ci ilin Gənclər və İdman sahəsi üzrə məlumatları
Rayonda sərbəst güləş, futbol, valeybol, basketbol, aşihara karate-kayakan, taekvando, kikboksinq, cüdo, universal döyüş, budo, üzgüçülük, boks idman növləri üzrə qruplar fəaliyyət göstərir.
Bədən tərbiyəsi və idmanla məşğul olan təşkilatların sayı - 63
O cümlədən ümumtəhsil məktəbləri - 50
İdman məktəbi - 1
İdman klubları - 12
Həmin təşkilatlarda 87 nəfər ali və orta ixtisas təhsilli məşqçi
müəllimlər məşğul olurlar.
İdmanla məşğul olanların sayı - 647
Bədən tərbiyəsi dərslərində məşğul olanlar - 607
İdman qurğularının sayı - 96
O cümlədən 1300 yerlik Olimpiya İdman Kompleksinin stadionu, 600 yerlik Göygöl Mərkəzi Şəhər Stadionu, 34 ümumtəhsil məktəbinin idman zalları, 1 atıcılıq tiri, 49 sadə idman qurğuları
18-30 yanvar 2020-ci il tarixlərdə Göygöl Olimpiya İdman Kompleksində və Balçılı kənd 1 saylı tam orta məktəbin idman zalında “Coca-cola” məktəbli kuboku üzrə VII siniflər arası mini futbol üzrə rayon seçim mərhələsi keçirilmişdir. Yarışda 25 məktəb komandasından 300 nəfər idmançı iştirak etmişdir.
“5 Mart-Bədən tərbiyəsi və İdman günü” münasibətilə kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulması ilə əlaqədar olaraq 12 mart 2020-ci il tarixdə Gənclər mərkəzində 31 nəfər təltif ediləcək məşqçi və idmançıların iştirakı ilə toplantı keçirilmişdir. Toplantıda iştirak edən məşqçi və idmançılar rayonda idman siyasətinin həyata keçirilməsində fəal iştiraklarına və idmanda göstərdikləri nailiyyətlərə görə Göygöl Rayon Gənclər və İdman tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif edilmişlər.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi ilə birgə təsdiq etdiyi əsasnaməyə əsasən “Könüllülər Kuboku” oyunları aşağıda qeyd edildiyi tarixlərdə keçirilmişdir.
21-22 avqust 2020-ci il tarixlərdə 16-29 yaşlı gənclər arasında Şahmat üzrə birincilik Gənclər Mərkəzinin önündə keçirilmiş, birincilikdə 14 nəfər gənc iştirak etmişdir.
28-29 avqust 2020-ci il tarixlərdə Göygöl OİK-də keçirilən Basketbol üzrə turnirdə 16 nəfər iştirak etmişdir.
05-06 yanvar 2020-ci il tarixlərdə Goranboy rayonunda keçirilən Milli Qəhrəman Tofiq Hüseynovun xatirəsinə həsr edilmiş Budo döyüş növü üzrə Xocalı açıq rayon birinciliyində Göygöl rayonunu 18 idmançı təmsil etmişdir. Onlardan 10 nəfəri birinci, 8 nəfəri ikinci yerin qalibi olmuşdur.
18-19 yanvar 2020-ci il tarixlərdə İmişli şəhərində “20 Yanvar şəhidlərinin xatirəsi”nə həsr edilmiş uşaq, yeniyetmə və gənclər arasında Kikboksinq idman növü üzrə açıq rayon birinciliyində rayonu 25 idmançı təmsil etmişdir. Onlardan 10 nəfəri birinci, 3 nəfəri ikinci, 5 nəfəri üçüncü yerin qalibi olmuşdur.
18-19 yanvar 2020-ci il tarixlərdə Abşeron Olimpiya İdman Kompleksində keçirilən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Taekvondo üzrə III Ümid kuboku Beynəlxalq Açıq birinciliyində Göygöl rayonundan 5 idmançı iştirak etmişdir. Onlardan 1 nəfər idmançı ikinci, 2 nəfər idmançı üçüncü yeri tutmuşdur.
19-23 fevral 2020-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin Antaliya şəhərində keçirilən Aşihara karate üzrə keçirilən Avropa Çempionatında Göygöl rayonunda 4 nəfər idmançı iştirak etmişdir. Onlardan 2 nəfəri birinci, 1 nəfəri ikinci, 1 nəfəri üçüncü yerə laiq görülmüşdür.
21-24 fevral 2020-ci il tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində keçirilən Budo döyüş növləri üzrə Azərbaycan Çempionatı və Birinciliyində 15 idmançı iştirak etmişdir. Onlardan 9 nəfəri birinci yerə, 3 nəfəri üçüncü yerə layiq görülmüşdür.
Gənclər siyasəti
Rayonda gənclərin sayı – 15373
O cümlədən: kişilər – 8230, qadınlar – 7143
Göygöl rayon Gənclər və İdman İdarəsi rayonda gənclər və idman siyasətini həyata keçirən orqandır. Gənclər siyasəti Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Milli Məclisin qərar və qanunlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Gənclər və İdman Nazirliyinin qərar və sərəncamlarını və digər normativ sənədlərini əldə rəhbər tutaraq həyata keçirilir. Belə ki, Gənclər və İdman İdarəsi yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, istedadlı gənclərin aşkara çıxarılması, onların istedadlarının inkişaf etdirilməsi, gənclərin idmana cəlb edilməsi, elmə, təhsilə olan maraqlarının artırılması, vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi və bunlarla yanaşı yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması və maarifləndirilməsi məqsədi ilə mütəmadi olaraq bu istiqamətdə tədbirlər həyata keçirir. Keçirilən bu tədbirlər yeniyetmə və gənclərdə vətənə və xalqa, tariximizə və milli ideologiyaya hörmət və məhəbbət hisslərini artırır, onların elmə, təhsilə və idmana marağını artırır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan gəncliyinə xüsusi diqqət və qayğı ilə yanaşır. Bu qayğının nəticəsi olaraq Göygöl şəhərində 2014-cü ildən Gənclər Mərkəzi gənclərin istifadəsinə verilmişdir ki, bu da rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkil olunmasına, mədəni kütləvi tədbirlərin sayının və keyfiyyətinin artırılmasına gətirib çıxarmışdır. Gənclər Mərkəzində 200 nəfərlik akt zalı, 10 nəfərlik internet klub, kafe, linqafon otağı, rəqs otağı, karaoke-əyləncə zalı fəaliyyət göstərir.
Hər il rayonumuzda rayon İcra Hakimiyyəti, Təhsil şöbəsi, Mədəniyyət şöbəsi, hüquq-mühafizə orqanları və digər təşkilatlarla birgə müxtəlif idman yarışları, bilik yarışları, intellektual oyunlar, inşa, şeir, rəsm müsabiqələri, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində profilaktik görüşlər təşkil edilir.
Rayonumuzda artıq 2020-ci ildən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyi də fəaliyyətə başlamışdır. Bu da rayon gənclərinin inkişafına, gənclər siyasətinin rayonda həyata keçirilməsinə yeni bir təkandır.
Geridə qoyduğumuz il Covid19 pandemiyası səbəbindən tədbir və layihələrin canlı və kütləvi şəkildə keçirilməsinə maneələr yaratmışdır. Bu səbəbdən tədbir və layihələr əsasən virtual formada təşkil olunmuşdur. Ötən il gənclər sahəsində yerli tədbirlərin sayı 37, respublika tədbirlərinin sayı 2, idman sahəsində yerli tədbirlərin sayı 6, respublika tədbirlərinin sayı 12 olmuşdur.
2020-ci ildə yadda qalan layihələrdən biri “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.3 yarımbəndinin icrasına dair Göygöl Gənclər Mərkəzində yanvar ayında keçirilmiş gənclərin intellektual potensiallarının inkişafı məqsədilə “Göygöl Gənclərinin İntellektual Olimpiadası” olmuşdur. Olimpiyadada 16 komanda iştirak etmiş, qalib komandalar təltif olunmuşdur.
2020-ci ilin fevral ayında isə “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.8 və 5.10.7 yarımbəndlərinə əsasən gənclərin sosial təşəbbüskarlığını artırmaq, layihə təklifi hazırlama bacarıqlarını inkişaf etdirmək məqsədilə Göygöl Gənclər Mərkəzində “Layihənin hazırlanması” təlimi keçirilmişdir. Təlimdə 25 nəfər gənc iştirak etmiş, təlimçi Elnur Hacıyev olmuşdur. Gənclər layihə təklifinin hazırlanması barədə nəzəri və praktiki biliklərə yiyələnmişlər. İştirakçılara sertifikatlar təqdim edilmişdir.
İl ərzində tarixi əlamətdar günlər gənclərin iştirakı ilə yad edilmiş, şeir, rəsm, yazı müsabiqələri, video konfranslar təşkil edilmişdir.
Əsasən idarə tərəfindən Covid19 infeksiyasına qarşı rayon gəncləri maarifləndirilmiş, bu istiqamətdə maarifləndirici aksiya və tədbirlər təşkil edilmişdir.
Pandemiya dövründə əsasən yay aylarında yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, elm və təhsildən uzaqlaşmamaları məqsədilə virtual formada çoxsaylı intellektual oyun və bilik yarışmaları təşkil edilmişdir.
Vətən müharibəsi ərəfəsində rayon gənclərinin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə “Vətən sərhəddən başlayır” devizi altında silsilə xarakterli tədbirlər həyata keçirilmiş, tədbirlərə rayon gənclərilə yanaşı rayon ziyalıları, əlaqədar təşkilatların nümayəndələri dəvət olunmuşdur. Vətənpərvərlik mövzularında şeir, rəsm, yazı müsabiqələri keçirilmiş, tariximizi əks etdirən intellektual yarışmalar təşkil edilmişdir. “Əsgərə məktub” layihəsi keçirilmiş və gənclər arasında xüsusi marağa səbəb olmuşdur. Rayon gəncləri bugünə kimi sosial şəbəkələrdə tarixi faktlara söykənən məlumatların yayılması, düşmən tərəfindən yayılan saxta məlumatlara rəylərin verilməsi istiqamətində, bir sözlə hibrit müharibədə öz aktivliklərini nümayiş etdirmişdir.
Göygöl rayonu 2021-ci ilin Gənclər Paytaxtı seçilmişdir.