Şriftin ölçüsü :

Saytın rəngi :

Coğrafi mövqeyi

Göygöl rayonu Azərbaycan Respublikasının qərbində dağlıq və dağətəyi zonada yerləşir, ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdədir. Rayon şimalda Gəncə şəhəri və Samux rayonu ilə, şərqdə Goranboy rayonu ilə, cənubda Kəlbəcər rayonu ilə, cənubu-qərbdə Daşkəsən rayonu ilə, qərbdə Şəmkir rayonu ilə həmsərhəddir. Rayon ərazisi şimaldan cənuba 55 km, qərbdən şərqə 36 km uzanır. Göstərilən sərhədlər daxilində Göygöl rayonunun sahəsi 0.92 min kv.km, əhalisi isə 63,4 min nəfər.

Rayonun ümumi ərazisi: 91675 hektar
Məhsuldar torpaqların ümumi sahəsi: 58652 hektar
Heyvandarlıq üçün otlaqların sahəsi: 40978 hektar
Əkilmiş torpaqların ümumi sahəsi: 13362,5  hektar
Meyvə bağlarının ümumi sahəsi: 698,7  hektar

 

Bitki örtüyü

Rayon ərazisində əsasən də göl ətrafında yamacları örtən meşələr, şərq fıstığı, Qafqaz vələsi, Qafqaz palıdı və şərq palıdı ağaclarından ibarətdir. Rayon ərazisinin 17,3 % meşələr əhatə edir. Parçalanmış dağlıq relyefin müxtəlif səmtli yamaclarında ayrı-ayrılıqda, yaxud qarışıq meşələr əmələ gətirir. Cənub yamaclarında vələs, şimal yamaclarında fıstıq, fıstıq-vələs, yuxarı meşə zonasında və quru yamaclarda şərq və Qafqaz palıdı, palıd-vələs meşələri inkişaf etmişdir. Şam ağacları massiv əhəngdaşı kəsəkləri üzərində, torpaqdan tamamilə mərhum olan yerlərdə bitir. Meşənin yuxarı sərhədində tozağacı, aşağıda isə itburnu, doqquzdon, quşarmudu, moruq, yemişan, alça, gərməşov, və başqa ağac və kollar yayılmışlar.
 

Göllər

Göy-göl Kəpəz dağının ətəyində, səfalı bir guşədə yerləşir. Onun ətrafında daha 7 eyni mənşəli göl vardır. Uçqunların əmələ gətirdiyi bənd nəticəsində Göy-göl, Maral-göl, Zəli-göl, Ağ-göl, Şamlı-göl, Ördək-göl, Ceyran-göl, Qara-göl gölləri yaranmışdır. Göygöl dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir. Su aynasının sahəsi 80 hektara yaxındır. Gölün uzunluğu 2450 m, eni 595 m, ən dərin yeri 95 m-dir. Buradakı təmiz, şəffaf suyun həcmi 24 mln kub m-ə çatır.
Maral-göl dəniz səviyyəsindən 1902 m yüksəklikdə yerləşir, sahəsi 23 hektardır, ən dərin yeri 60 m-dir. Göy-göldən fərqli olaraq, onun ətrafını subalp çəmənlikləri əhatə edir.
 

Çaylar

Çaylardan əsasən suvarmada istifadə olunur. Çaylarda suyun səviyyəsi yaz aylarında artır. Əsas çaylar: Kürəkçay, Gəncəçay və Qoşqarçaydır. Bu çaylardan ən uzunu Kürəkçaydır. Onun uzunluğu 108 km, su toplayıcı sahəsi 2080 kv.km-dir. Mənbəyinin hündürlüyü 3100 m, mənsəbi isə 18 m-dir. Kür çayına tökülür və Kürün sağ qoludur.
Uzunluğuna görə ikinci çay Gəncəçayıdır. Uzunluğu 98 km-dir, su toplayıcı sahəsi 752 kv.km-dir, orta illik su sərfi 4,2 kv m-dir. Gəncəçay çayı da Kürün sağ qoludur, Yenikənd körfəzinə tökülür.
 

Göygöl Milli Parkı

Göygöl Milli Parkı Kiçik Qafqazın şimal-şərqində Kəpəz dağının ətəyində yerləşir.
Yüksək dağ zonasında yerləşən Göygöl Milli Parkı Dövlət başçımızın 01 aprel 2008-ci il tarixli, 2744 saylı sərəncamı ilə Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, təbii resursların səmərəli istifadə edilməsi, ekoturizmin inkişaf etdirilməsi və respublikanın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə yaradılmışdır.
Göygöl Milli Parkı dəniz səviyyəsindən 1100 m-dən 3065 metrədək hündürlükdədir. Onun ümumi sahəsi 12755 hektardır, o, cümlədən 6739 ha Göygöl dövlət qoruğunun, 1577 ha dövlət meşə fondunun, 3909 ha Göygöl rayonunun, 300 ha Daşkəsən rayonunun, 230 ha Göranboy rayonunun payına düşür.
Göygöl Milli Parkının tərkibinə meşələr, göllər, çaylar daxildir, bitki örtüyü yüksək dağ çəmənliyindən və meşə zonasından ibarətdir, burada çox zəngin bitki aləminə malik təbii bitki qruplaşmaları vardır ki, bunlar da zəngin floristik tərkiblidir. Alp və subalp çəmənliklərin əsas nümayəndələri bunlardır: qafqaz bənövşəsi, alp dişəsi, Steven zəncirotu, xırda çiçəkli ziboldiya, müxtəlif zəngçiçəyi növləri, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc, və başqa faydalı dərman və zəhərli bitki növləri vardır.
Göygöl Milli Parkının dağ meşəsi dəniz səviyyəsindən 1000 metrdən 2200 metrədək hündürlükdə olan yamaclarda yerləşir. Meşənin tərkibində 76 ağac və kol növü vardır. Meşədəki ağacların əsas növləri şərq fıstığı, şərq palıdı, qafqaz vələsi, qarmaqvari şam, müxtəlif toz ağacı və ağcaqayın növlərindən ibarətdir.
Kol növlərindən ən çox təsadüf edilən isə zoğal, zəncir, kəndəlaş, böyürtkən, itburnu, yabanı fındıq, kərməşov, əzgil və başqalarıdır.
Göygöl Milli Parkının heyvanat aləminə bir çox heyvan və quş növləri daxildir. Bunların arasında qafqaz maralı, dağ keçisi, cüyür, porsuq, dovşan, dağ və meşə dələsi, qafqaz tetraları, çil quşlar – dağ hindiquşları, boz kəklik, bülbül və s. rast gəlmək olur.

İqlimi

Respublikamızın digər dağətəyi rayonlarında olduğu kimi, Göygöl rayonunun da iqlim göstəriciləri yüksəklik üzrə dəyişir. Dağətəyi ərazilərdə və alçaq dağlıqda qışı quraq keçən mülayim-isti, orta dağlıqda qışı quraq keçən soyuq, yüksək dağlıqda isə dağ tundra iqlimi hakimdir. Havanın orta illik temperaturu rayon ərazisində müsbət 10 dərəcədən yüksək olduğu halda bəzi yüksək dağlıq zonada 0 dərəcədir. İllik yağıntıların miqdarı mümkün buxarlanma kəmiyyətinin 50-100 %-ni təşkil edir. Havanın temperaturu 10 dərəcədən artıq olan temperaturların cəmi 3000-4000 dərəcə arasındadır. Orta illik 12-14 dərəcə, yanvar 1 dərəcə şaxta, iyul 24-25 dərəcə isti, yağıntılar 500-900 mm-dir. Yağıntılı dövr yaz və payızın əvvəli, quraq dövrü isə qışdır. Qışı əsasən mülayim keçir və qar örtüyü o qədər də davamlı deyil.
 

Geoloji quruluşu

Göygöl rayonu mürəkkəb geoloji quruluşa malikdir. Dağ ətəklərində IV dövr, bir qədər yuxarıda III dövr, Təbaşir, Murovdağda isə Yura dövrünün vulkan və çökmə süxurları yayılmışdır. Murovdağ horstantiklinoriumunu təşkil edən orta yura vulkanogen çökmə qatının iki kilometrə çatır. Yura çöküntüləri kəsilişində qalın və möhkəm əhəng daşı qatlarına rast gəlinir. Burada Murovdağ antiklinoriumu (uzunluğu 90 km, eni 10-12 km) orta yuranın çox qalın vulkanogen-çökmə süxur kompleksindən yaranmaqla, bütün zonanın ən çox qalxmış və güclü qarışıqlığa məruz qalmış strukturdur. Şəmkir və Murovdağ antiklinoriumları arasında ensiz Göygöl antiklinoriumu yerləşir ki, bu da Somxit-Ağdam zonasının kiçik antiklinoriumudur.
Rayon 7-8 ballıq zəlzələ zonasına daxildir. Göy-göl, Maralgöl və digər göllər 1139-cu ildə baş vermiş güclü zəlzələ nəticəsində əmələ gəlmişlər.
 

Faydalı qazıntıları

Rayon ərazisində kükürd kolçedanı, az miqdarda uran, səpinti halında qızıl, mərmər, əhəng daşı və.s təbii ehtiyatlar və həmçinin müalicə əhəmiyyətli mineral sular var. Bunlara misal olaraq “Murud” və “Munis” sularını göstərmək olar.
 

Keçidlər