Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru

21 may 2020 | 16:00

Dövlət başçısının  həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilmiş, “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır. Dövlət tərəfindən nəzarət mexanizmlərinin geniş tətbiqi nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuşdur. Bununla da dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulmuş, bütün sahələrdə maliyyə intizamı yaxşılaşmışdır.
Azərbaycanda görülən işlərin ümumi məcmusu yekun nəticədə insanların maddi rifah və sosial vəziyyətlərinin daha da yaxşılaşmasına hesablanır və diqqət bu mühüm istiqamətə yönəlir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.
Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparıldı.  Nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik  artım oldu.
Həssas qruplardan olan 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edildi. 600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proqramına, məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunmasına, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min kiçik ailə təsərrüfatlarının qurulmasına başlanılıb.  
82 min ailənin 340 minədək üzvü ünvanlı dövlət sosial yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır.
Beləliklə, pandemiya ilə əlaqədar həyata keçirilən dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizini əhatə edir. Pandemiya dövründə ölkəmizdə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu.
Koronavirus pandemiyası dövründə hazırlanan Tədbirlər planı buna mühüm nümunə ola bilər. Tədbirlər planında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 mln.manat birbaşa kompensasiya ödənişi ayrıldı.  Həmçinin muzdlu işçilərin iş yerləri qorundu, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərildi, onlara geniş vergi güzəştləri verildi, fəaliyyət sahələrinə ayrılan 1.5 mlrd.manat bank kreditlərinə dövlət zəmanəti təmin olundu və faizləri subsidiya edildi.
Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldu. Belə “işgüzar cəmiyyət” uzun müddət “kölgə”də olmaqla dövlət ilə əməkdaşlıq imkanlarını itirdi və nəticədə dövlət-biznes münasibətlərindən kənarda qaldı. Bu səbəbdən dövlət bütün güzəşt və stimullaşdırıcı tədbirlərini yalnız dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil edə bildi. Kölgə iqtisadiyyatı həm də qeyri rəsmi iqtisadiyyat adlandırılır. Bu, iqtisadiyyatın cəmiyyət və dövlətdən gizlədilən hissəsi olub, dövlət nəzarətindən və uçotundan kənarda qalır. O, iqtisadiyyat müşahidə olunmayan, rəsmi qeydiyyata düşməyən hissəsini əhatə edir.
Azərbaycanda “kölgə iqtisadiyyatı”nın hətta bir hissəsinin vergiyə cəlb olunması dövlət büdcəsinə ildə orta hesabla əlavə 1,8-3 mlrd. manat vəsait cəlb olunması deməkdir. Bununla yanaşı, dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir. Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar təbii olaraq şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi.
Yalnız aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Qeyri-formal sektorda çalışanlar isə qeyd olunan ödənişlərdən kənarda qalır. Dövlətin biznesdən və əhalidən gözləntisi-fəaliyyətin tam şəffaflaşdırılmasıdır.
Ölkə başçısının qeyd etdiyi kimi, “burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar”. Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcək.
Pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq, Göygöl rayonunda həyat öz axarı ilə davam etmişdir. Belə ki, 2020-ci ilin birinci rübündə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 50 milyon 99.7 min manat olmuşdur. 2019-cu ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 4.2 faiz artmışdır. Sənaye məhsulunun həcmi 0.8 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 8.4 faiz artmışdır
Rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 8 milyon 431.9 min manat təşkil etmişdir ki, onun 7 milyon 793.3 min manatı tikinti-quraşdırma işlərinə yönəlmişdir. İnvestisiyaların həcmi keçən ilin müvafiq dövrünə nisbətən 2.9 dəfə artmışdır. Rüb ərzində 88.6 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Orta aylıq əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 37.9 faiz artaraq 480.7 manat təşkil etmişdir.
Rayonda 2020-ci ilin birinci rübündə 190 yeni iş yeri açılmışdır ki, onun 3-ü yeni yaradılmış müəssisə və təşkilatlarda, 14-ü mövcud müəssisə və təşkilatlarda, 30-u isə digər tədbirlər üzrə yaradılmış iş yerləridir. Bundan başqa yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı 130 olmuşdur. Həmçinin pandemiya dövründə rayonda 152 nəfər işsiz vətəndaş iki ay müddətinə ödənişli ictimai işlə təmin olunmuş, 5000-dən çox nəfər iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait  almışlar. 2020-ci ilin mart ayından bəri aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardım verilməsi davam etdirilmiş və ÜDSY  təyin olunmuş aztəminatlı ailələrin ümumi sayı 177, onların ailə üzvülərinin sayı isə 751 nəfər olmuşdur.
Pandemiya dövründə Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən şəhərin bütün prospekt və küçələrində eləcə də, qəsəbə və kəndlərində, həmçinin idarə, müəssisə, təşkilatlarda və yaşayış binalarında pandemiyaya qarşı dezinfeksiya profilaktika tədbirləri görülmüş, hazırda bu tədbirlər davam etdirilir.
Dövlətimiz nəinki pandemiya dövründə, ümumiyyətlə hər zaman öz vətəndaşının yanında olur, onların qayğılarının və problemlərinin həllinə yaxından dəstək göstərir. Bu dəstək xalq tərəfindən yüksək razılıqla qarşılanır və dövlət-vətəndaş həmrəyliyini nümayiş etdirir.

Keçidlər