Şriftin ölçüsü :

Saytın rəngi :

Yurdumuzda xalq sənətinin qədim tarixi vardır

20 fevral 2023 | 11:12
Xalqımız ta qədim zamanlardan öz geyimlərinə, eləcə də həyat və məişətdə istifadə etdiyi bir çox əşyalara gözəllik verməyə çalışmışdır. Bu sənətin xalçaçılıq, batik (kəlağayı), qobelen, dulusçuluq (keramika), toxuma və bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma) və digər növləri vardır.
Toxuma və bədii tikmə sənəti xalq sənət sahələri içərisində özünəməxsus yer tutur. Qədim zamanlarda bədii tikmə üçün yerli ipək və yun saplardan və yerli basma qəliblərdən istifadə olunub. XIX-XX əsrin əvvəllərində bədii tikmələr üçün əsas rol oynayan material yerli istehsal olan qonovuz, darai və məxmər idi. Azərbaycan bədii tikmələrində ən çox işlədilən bitki motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, meyvə ağaclarının yarpaqları — nar, heyva, alça çiçəkləri, eləcə də sünbül və müxtəlif formalı yarpaqlardır. Bədii tikmələrdə əsasən quşların təsvirinə üstünlük verilir.
Günümüzdə də bu sənət sahəsi öz gözəlliyini qoruyaraq müasir motivlərin vəhdətində nəsildən nəsilə ötürülür. Bu sənətlə aktiv şəkildə məşğul olanlardan biri də Göygöl sakini Lalə Hacıyevadır. Lalə xanım müxtəlif növ saplardan həm uşaqlar, həm də böyüklər üçün müxtəlif geyimlər və ədyallar toxuyur, bəzək əşyaları, çantalar və məişətdə istifadə olunan əl işləri hazırlayır. Böyük əmək sərf edərək hazırladığı əl işləri müştərilər, həmçinin, Göygöl rayonuna səfər edən turistlər arasında maraqla qarşılanır. Lalə xanım hər kəsin zövqünü oxşayan əl işlərinin tanınmasını sosial şəbəkələr üzərindən həyata keçirir, öz əməyi ilə xalq sənətini yaşadır və insanlara tanıdır.
Lalə xanıma qədim xalq sənətindəki fəaliyyətində uğurlar arzu edirik.
Keçidlər