Yaylaqlara köç edəcək təsərrüfatların rəhbərlərinə mina təhlükəsizliyi ilə bağlı təlimlər keçirilir
31 may 2023 | 14:34
Öz təsərrüfatlarını Kəlbəcər və Laçın yaylaqlarına köçürəcək arıçılıq və heyvandarlıq təsərrüfatlarının rəhbərlərinə ANAMA-nın Göygöl rayonunda yerləşən Regional Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən təlim keçirilir. Göygöl Mədəniyyət Evində keçirilən təlimlərdə fermerlərə azad olunmuş ərazilərdə davranış qaydaları izah olunur, partlamamış hərbi sursat və minalarla rastlaşan zaman hansı addımlar atmalı olduqları ilə bağlı tövsiyələr verilir. 30 may - 2 iyun tarixlərində davam edəcək təlimlərə ümumilikdə 2374 fermer cəlb olunub. Ötən il analoji təlimlərdə iştirak etmiş fermerlər bu il təlimlərə çağırılmayıb.
ANAMA-nın mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və minaların müəyyən olunması, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumat verilib. Eləcə də vizual olaraq tanınması üçün təlim iştirakçılarına müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilib.
Təlimin sonunda iştirakçılara azad olunmuş ərazilərdə əsas davranış qaydalarına dair təlimat kitabçası təqdim olunur.
Təlimləri başa vuran fermerlər azad olunmuş ərazilərdə, təsərrüfatları aparacaqları dislokasiya nöqtələrində davranış qaydalarına dair təlimatlarla tanış olduqları barədə iltizamnamə imzaladıqdan sonra yaylağa köç prosesində iştirak edə biləcəklər.