Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Cüniçi Vada Göygöl rayonuna səfər edib
03 dekabr 2022 | 10:35
02 dekabr 2022-ci il tarixdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Cüniçi Vada Göygöl rayonuna səfər edib. Səfər çərçivəsində qonaq Göygöl Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə görüşüb. Görüş zamanı qeyd edilib ki, bu il Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olub. Bu illər ərzində Azərbaycan ilə Yaponiya arasındakı əlaqələrin həm mahiyyət, həm də keyfiyyətcə yeni dövrü ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra başlayıb və o vaxta qədər əldə edilmiş təcrübə, qarşılıqlı hörmət və etimad bu əlaqələrə mühüm töhfələr verib. Həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə Yaponiya-Azərbaycan əlaqələri ictimai həyatın əksər sahələrini əhatə edir. Bu sahələrdəki əlaqələr və birgə əməkdaşlıq qarşılıqlı şəkildə ölkələrin və xalqların bir-birlərini daha yaxından tanımalarına şərait yaradır. Dünyanın qabaqcıl ölkələrindən biri olan Yaponiya ilə əməkdaşlıq layihələrinin həyata keçirilməsi Azərbaycanın müstəqil bir dövlət kimi dünyada tanıdılmasına mühüm təsir göstərir.
Eyni zamanda səfir Cüniçi Vada Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Göygöl rayonu Üçtəpə kəndində həyata keçirilmiş su layihəsinin açılış mərasimində iştirak edib, sonra isə Göygöl şəhərində alman irsi ilə tanış olub.