Şriftin ölçüsü :

Saytın rəngi :

Yanğın-su hovuzu – yanğının söndürülməsində əhəmiyyəti

18 aprel 2023 | 11:09
Yanğın su hovuzu ərazidə, təsərrüfat sahələrində, bina və qurğularda baş verə biləcək yanğınların operativ söndürülməsi üçün daimi su tələbini təmin etmək məqsədilə inşa edilmiş su tutumudur-anbarıdır. Su hovuzları yeraltı və yerüstü olmaqla paralelepiped və ya silindr formasında layihə üzrə tikilir. Yanğın su hovuzunun tutumu obyektin həcmindən – mərtəbəliliyindən, odadavamlılıq dərəcəsindən, istehsalat kateqoriyasından, təyinatından, əhalinin sıxlığından asılı olaraq müəyyənləşdirilir və xüsusi hallarda azhəcmli su tutumlarının quraşdırıldığı halları nəzərə almasaq, adətən 108 kub.m həcmdən aşağı normalaşdırılmır. Yanğınsöndürmə üçün nəzərdə tutulmuş su hovuzunun özünü və hovuzun suyunu başqa məqsədlər üçün istifadə etmək qadağandır!
Əgər yanğın su hovuzu içməli su hovuzu ilə birgə nəzərdə tutulmuşdursa, onda mənzillərin su təminatı üçün nəzərdə tutulmuş nasosların sorucu boruları hesabatla müəyyən olunmuş su həcminin daimi saxlanılması məqsədilə, həmin həcmə müvafiq hündürlükdən quraşdırılmalıdır. Belə halda hovuz yaş və quru quyularla hökmən təmin edilməlidir. Yəni səmərəlilik baxımından bir, daha iri həcmli su hovuzu tikilərsə və tələb olunan yanğın su həcminin içməli-məişət xarakterli istifadəsinə yol verilməməsi üçün bu məhdudiyyət texniki yolla həllini tapmalıdır! Su hovuzu divarla iki hissəyə bölünmür, içməli suyu vuran nasosların su götürən borusu konkret hündürlükdə montaj olunur ki, bu nasoslar hovuzun dibinə yaxın səviyyədəki yanğın üçün mütləq vacib olan həcmi götürə bilməsin!
Yanğın zamanı hovuzdan suyu daxili yanğın su kranlarına, hidrantlara, yaxud xüsusi quyuya vuran nasoslar isə hovuzun dibinə maksimum yaxın montaj olunur ki, tərsinə, yəni hovuzun bütün su həcmini belə yanğına qarşı istifadə etmək texniki cəhətdən mümkün olsun!
Yanğın su hovuzlarının əksəriyyətinin nasazlığı su sızma ilə xarakterizə olunur. Bu isə hovuzun tikinti zamanı normativə uyğun inşa edilmədiyini, başqa sözlə, izolyasiyadakı defekt, keyfiyyətsiz tikilmə deməkdir. Yanğın su hovuzlarının əsas tikinti materialı adətən dəmir-beton və təbii mişar daşından olur. Mişar daşından layihə üzrə nəzərdə tutulmuş ölçüdə su hovuzu hörüldükdən sonra daş divarların xarici səthi üzrə normativə uyğun seçilmiş armatur materialla metal konstruksiya quraşdırılır. Quraşdırılmış metal konstruksiyanın xarici səthi taxta qəliblər ilə üzləndikdən sonra metal konstruksiya yerləşdirilmiş divar boşluğu yüksək markalı beton məhlulu ilə doldurulur.
Yanğın su hovuzunun tikintisi zamanı mühüm məsələlərdən biri də su sızmasının qarşısının alınması məqsədilə etibarlı hidroizolyasiya olunmasıdır. Belə ki, dəmir-beton işləri başa çatdıqdan sonra hovuzun divar səthləri su ilə yuyulub təmizlənir və xüsusi izolyasiya materialları vasitəsi ilə üzlənir. Yəni hidroizolyasiya plyonkası və ya xüsusi membranlar divar səthinə yapışdırılır, bəzi hallarda divarlar bitum məhlulundan istifadə edilməklə nazik suvaq təbəqəsi ilə örtülür.
Yanğın su hovuzlarının üst örtükləri isə bir qayda olaraq yalnız dəmir-beton konstruksiyalarla inşa edilir. Üst örtüyün yanğın avtomobillərinin sərbəst yanaşması üçün nəzərdə tutulmuş, sahəsi 12×12 metr ölçüdən az olmayan meydançaya yaxın hissəsində sorucu şlanqların daxil edilməsi məqsədilə 0,6×0,6 (m) ölçüdə lyuk quraşdırılır. Yanğın avtomobilinin nasos hissəsinin yerləşdiyi nöqtədən hovuzun dibinə qədər olan məsafə 8 metrdən çox olmamalıdır.
Yaşayış və ictimai binalarda xarici yanğınsöndürmə üçün su hovuzunun həcmi binaların mərtəbə sayından və həcmindən asılı olaraq aşağıdakı kimi dəyişir:
-yaşayış binalarında mərtəbəsi 2-yə və həcmi 5000 kub.m-ə qədər binalar üçün 108 kub.m, mərtəbəsi 2-12, həcmi 25000 kub.m-ə qədər olan binalar üçün 162 kub.m, 50000 kub.m-ə qədər 216 kub.m, mərtəbəsi 12-16, həcmi 25000 kub.m-ə qədər olan binalar üçün 216 kub.m, 150000 kub.m-ə qədər isə 324 kub.m hesablanır.
-ictimai binalarda isə mərtəbə sayından asılılıq fərqlidir. Mərtəbəsi 2-yə qədər olduğu halda həcmi 1000-5000 kub.m olarsa, 108 kub.m, 5000-25000 kub.m olarsa, 162 kub.m, mərtəbəsi 2-6, həcmi 1000-5000 kub.m olduqda, 162 kub.m, 5000-25000 kub.m olduqda, 216 kub.m, 25000-50000 kub.m  olduqda, 278 kub.m, 50000-150000 kub.m olduqda isə 324 kub.m, mərtəbəliliyi 6-12, həcmi 5000-25000 kub.m olduqda, 278 kub.m, 25000-50000 kub.m olduqda, 324 kub.m, 50000-150000 kub.m olduqda, 378 kub.m hesablanır.
Yanğın su hovuzu yerüstü inşa olunduğu halda yanğın avtomobilinin su götürməsi üçün yaş və quru quyularla təmin edilməlidir. Quru quyuda suyu açıb – bağlamaq üçün ventil və ya açarlar yerləşdirilir. Yaş quyu isə hovuzun layihə səviyyəsindən aşağı səviyyədə layihələndirilir və bilavasitə nasosun su sorması üçün nəzərdə tutulur. Yanğından qorunmada mühüm rol oynayan yanğına qarşı su hovuzlarında tikilib başa gəlmiş hovuzun hidravlik sınağı aparılmalıdır. Tikilib başa gəlmiş hovuzun hidravlik sınağının aparılması metodu nəzərinizə çatdırılır:
Hidravlik sınaq yanğın su hovuzunun su saxlamaq qabiliyyətini yoxlamaq üçün aparılır.
Yeni tikilmiş yanğın su hovuzunun hidravlik sınağının aparılması komissiya tərəfindən həyata keçirilməli və həmin komissiyanın tərkibinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisi daxil edilməlidir. Hidravlik sınaq başa çatdıqdan sonra sınağın nəticələrini əks etdirən akt tərtib edilir və komissiya üzvləri tərəfindən imzalanır.
Hovuzun hidroizolyasiyası və torpaqla örtülməsi işləri hidravlik sınağın nəticələri kafi olduqdan sonra yerinə yetirilməlidir.
Bəs hidravlik sınaq necə aparılır? Dəmir-beton, beton, daş və kərpicdən inşa edilmiş hovuzun daxilinə çəkilmiş suvaq quruduqdan sonra hovuz təmizlənir və yuyulur. Hovuzun hidravlik sınağını keçirmək üçün hovuz iki mərhələdə su ilə doldurulur. Birinci mərhələdə, hovuz 1 metr hündürlük səviyyəsinədək su ilə doldurularaq bir sutka saxlanılır. Bu müddət ərzində sızma müşahidə olunmursa, hovuz ikinci mərhələdə doldurulur. İkinci mərhələdə hovuz layihədə nəzərdə tutulan səviyyəyədək doldurularaq üç sutka ərzində toxunulmaz saxlanılır. Bundan sonra suyun səviyyəsi yoxlanılır. Əgər itirilmiş suyun miqdarı hovuzun islanmış (su altında olmuş) divarlarının və dibinin sahəsinin hər 1 kv.m sahəsi üçün 3 litrdən çox deyilsə, divarlardan və oturacaq hissələrdən suyun sızması aşkar edilməyibsə və hovuzun bünövrə səviyyəsində torpaq nəmlənməyibsə, hovuz hidravlik sınağa davam gətirmiş hesab edilir.
Yanğının söndürülməsində müstəsna əhəmiyyəti olan yanğın-su hovuzlarına xilaskar kimi baxılmalı, daim nəzarətdə saxlanılmalı, heç bir halda hovuz boş olmamalı, yaxınlaşma yolları tutulmamalıdır!
Keçidlər