Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi veteranı Zərgərov Vadim Nuru oğlu evində ziyarət edilib

23 may 2022 | 16:20

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev tərəfindən Vətən Müharibəsi veteranı Zərgərov Vadim Nuru oğlu yaşadığı evində ziyarət edilmişdir.

Qəbul zamanı veteranımızın maddi-məişət şəraiti ilə maraqlanılmış, qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmışdır. Əvvəlki müraciətlər zamanı ona müayinə və müalicə olunmasında, sığorta ödənişinin verilməsində, əlillik dərəcəsinin təyin edilməsində və kredit borcunun ödənilməsi üçün Yaşat Fondunda qeydiyyata alınmasında müvafiq metodiki köməkliklər göstərilmişdir.

           Xatırladaq ki, Zərgərov Vadim Nuru oğlu 20 yanvar 1986-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunun Zod kəndində anadan olmuşdur. 1988-ci ildə ailəsi ilə birlikdə Göygöl rayonunun Zurnabad kəndinə köçmüşdür. 1993-cü ildə Göygöl rayon Zurnabad kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və 2003-cü ildə  həmin məktəbin 11-ci sinfini bitirmişdir.

           Zərgərov Vadim Nuru oğlu 2004-cü ilin yanvar ayından 2005-ci ilin iyul ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2014-cü ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci il tarixdə 44 günlük Vətən Müharibəsi başlayan zaman gedən hərbi döyüşlərə könüllü olaraq qatılmış və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 13 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə partlayış travması, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın və üzün çoxsaylı kəsilmiş cırılmış yarası almışdır. Hal-hazırda onun müalicəsi davam etdirilir.   

           Vadim Zərgərov Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.

Keçidlər