Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Əliyev Teymur İman oğlunun və Məhəmmədli İsmayıl Mahir oğlunun ikinci ildönümü məzarları başında qeyd edilib və ailələri ziyarət olunub

15 dekabr 2022 | 09:26
14 dekabr 2022-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl və Kəlbəcər rayon təşkilatlarının sədrləri, Rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Göygöl və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, Şəhidlərin ailə üzvləri və Qazilər 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Əliyev Teymur İman oğlunun və Məhəmmədli İsmayıl Mahir oğlunun ikinci ildönümündə Göygöl şəhər Şəhidlər xiyabanında məzarları ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub və əziz xatirələri ehtiramla anılıb. Sonra şəhidlərin ailələri evində ziyarət edilib.
Xatırladırıq ki, şəhid Əliyev Teymur İman oğlu 26 mart 1991-ci ildə Göygöl rayonunun Qarabulaq kəndində anadan olmuşdur. 1997-ci ildə Göygöl rayon D.İmanov adına Quşçu kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2006-cı ildən təhsilini Göygöl rayon Z.Abdullayev adına Bənövşəli kənd tam orta məktəbində davam etdirmişdir. 2008-ci ildə həmin məktəbi bitirmişdir. 2009-cu ildən aprel ayından 2010-cu ilin oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Teymur Əliyev 5 noyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 14 dekabr 2020-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.
Şəhid Məhəmmədli İsmayıl Mahir oğlu 01 yanvar 1996-cı ildə Gəncə şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. Orta məktəbi Gəncə şəhərində oxuyan İsmayıl 11 illik orta təhsilini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra xidmətini Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində gizir kimi davam etdirib. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. İsmayıl Məhəmmədli 29 sentyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 14 dekabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi.
Allah rəhmət eləsin!
Keçidlər