Vətən Müharibəsi şəhidinin həyat yoldaşı Namazova Günel Sarı qızı Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında qayğı ilə qəbul edilib
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev tərəfindən şəhid kapitan Cəbrayılov Elnur Tofiq oğlunun həyat yoldaşı Namazova Günel Sarı qızı qəbul edilmişdir.
Qəbul zamanı şəhidimizin ailəsinin maddi-məişət şəraiti ilə maraqlanılmış, qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmışdır. Əvvəlki qəbullar zamanı Göygöl şəhərinin mərkəzi küçələrindən birinə şəhid Elnur Cəbrayılovun adının verilməsində, məişət şəraitinin yaxşılaşdırılması və dərman vasitələrinin alınması istiqamətləri üzrə Yaşat Fondunda qeydiyyata alınmasında müvafiq metodiki köməkliklər göstərilmişdir. Şəhidimizin həyat yoldaşı mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə İcra Hakimiyyətinə müraciət etmiş və onun mənzil növbəsinə alınması haqda müvafiq Sərəncamdan çıxarış ona təqdim edilmişdir. Qeyd edək ki, Günel Namazova Şəhid Bulağı Kompleksinin tikiləcəyi torpaq sahəsinin təyin edilməsi üçün İcra Hakimiyyətinə müraciət etmişdir. Hazırda torpaq sahəsinin ayrılması üçün müvafiq işlər aparılır.
Xatırladaq ki, şəhid kapitan Cəbrayılov Elnur Tofiq oğlu 26 aprel 1981-ci ildə Göygöl rayonunun Çaylı kəndində anadan olmuşdur. 1988-ci ildə Gəncə şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 1994-cü ildə ailəsi birlikdə Göygöl şəhərinə köçərək orta təhsilini Göygöl şəhər 6 saylı tam orta məktəbində davam etdirmişdir. 1999-cu il tarixdə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1999-2003-cü illərdə Gəncə Dövlət Universitetində tarix müəllimliyi ixtisası üzrə ali təhsil almışdır. 2003-cü ildən 2004-cü il tarixə kimi “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2004-cü ilin aprel ayında zabit olmaq üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində təhsil almış və ona leytenant rütbəsi verilmişdir. 2004-cü ildən Göygöl şəhər 1 saylı və Göygöl rayon Çaylı kənd tam orta məktəbində tarix müəllimi işləmişdir. 2013-cü ildə müəllimlik vəzifəsindən könüllü ərizəsi ilə işdən çıxmış və həmin il “N” saylı hərbi hissədə leytenant kimi ordu sıralarına qatılmışdır.
Şəhid kapitan Cəbrayılov Elnur Tofiq oğlu 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən Müharibəsi başlayan zaman gedən hərbi döyüşlərə zabit kimi qatılmış, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Şəhid kapitan Elnur Cəbrayılov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra müvafiq olaraq “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.