Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Mustafayev Elvin Fəxrəddin oğlunun ildönümü mərasimi keçirilib.

04 iyun 2022 | 11:35

04 iyun 2022-ci il tarixdə Göygöl rayonundan olan Vətən Müharibəsi şəhidi Mustafayev Elvin Fəxrəddin oğlunun ildönümü mərasimi keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin icraçısı, başçının birinci müavini Turani Əliyev,  rayonun digər rəhbər şəxsləri, şəhidin ailə üzvləri,  Qafqaz Müsəlmanlar İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər Gəncə Şəhər Şəhidlər Xiyabanında şəhidin ildönümü ilə bağlı məzarını ziyarət edib, ruhuna dualar oxuyub əziz xatirəsini anıblar. Daha sonra Göygöl şəhər 5 saylı tam orta məktəbin şagirdləri şəhidə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.

Xatırladaq ki, şəhid Mustafayev Elvin Fəxrəddin oğlu 14 mart 1992-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1999-cu ildə Daşkəsən şəhər 4 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. Sonra təhsilini Gəncə şəhər 28 saylı tam orta məktəbində davam etdirmişdir. Daha sonra ailəsi ilə Göygöl şəhər Hacıməlik qəsəbəsinə köçmüş və 8 mart qəsəbə ümumi orta məktəbinin 9-cu sinfini bitirmişdir. Elvin Mustafayev 2013-cü ildə Astara Pedaqoji Kollecinə qəbul edilmiş və həmin kolleci 2016-cı ildə bitirmişdir.

2010-cu ilin aprel ayından 2011-ci ilin oktyabr ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.

27 sentyabr 2020-ci ildə 44 günlük Vətən Müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Elvin Mustafayev 27 sentyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhidin uzun müddətdən sonra Murovdağda tapılan nəşi 2021-ci il iyunun 4-də Gəncə Şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.  Ailəlidir, 3 övladı var.

Keçidlər