Vətən müharibəsi şəhidi Musayev Ramiz Kamil oğlunun ikinci ildönümü məzarı başında qeyd edilib və ailəsi ziyarət olunub
27 noyabr 2022 | 15:02
27 noyabr 2022-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Rayon İcra Hakimiyyətinin və hüquq mühafizə orqanlarının məlul şəxsləri, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri tərəfindən 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Musayev Ramiz Kamil oğlunun ikinci ildönümündə Göygöl rayonu Hacıməlik qəsəbə qəbiristanlığında məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb.
Sonra şəhidin ailəsi ziyarət edilib.
Xatırladırıq ki, şəhid Musayev Ramiz Kamil oğlu 2 avqust 1989-cu ildə Göygöl rayonunun Hacıməlik qəsəbəsində anadan olmuşdur. 1996-cı ildə Göygöl rayon Hacıməlik qəsəbə 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.2008-ci ilin yanvar ayından 2009-cu ilin iyul ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2015-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Ramiz Musayev 25 noyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində xidmətini apararkən şəhid olmuşdur. 27 noyabr 2020-ci il tarixdə Göygöl rayonunun Hacıməlik qəsəbə qəbristanlığında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Evli idi, 1 övladı var.