Vətən müharibəsi Şəhidi Məmmədov Maqsud Vüqar oğlunun ildönümü Göygöl şəhər Şəhidlər Xiyabanındakı məzarı başında qeyd edilib və ailəsi ziyarət edilib.
09 oktyabr 2022 | 20:14
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, Vətən Müharibəsi qaziləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış şəhidimizin ikinci ildönümündə Göygöl şəhər Şəhidlər xiyabanındakı məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb.
Sonra şəhidin ailəsi evində ziyarət edilib.
Xatırladaq ki, Məmmədov Maqsud Vüqar oğlu 1 yanvar 1992-ci ildə Göygöl şəhərində anadan olmuşdur. 1998-ci ildə Göygöl şəhər İ.Novruzov adına 4 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2009-cu ildə isə Bakı şəhəri, Xətai rayonu, Ş.İ.Xətai adına 48 saylı tam orta məktəbin 11-ci sinfini bitirmişdir.
2009-cu ilin yanvar ayından 2010-cu ilin iyul ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.2012-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak edən Maqsud Məmmədov 8 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Subay idi.