Vətən müharibəsi şəhidi Həsənov Vüsal Bayram oğlunun ikinci ildönümündə məzarı və ailəsi ziyarət olunub
16 noyabr 2022 | 17:54
16 noyabr 2022-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl rayon Polis şöbəsinin rəisi Zaur Nəsirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi İlkin Məmmədov, İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri tərəfindən 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Həsənov Vüsal Bayram oğlunun ikinci ildönümü ilə bağlı Göygöl şəhər Şəhidlər xiyabanında məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb. Sonra şəhidin ailəsi evində ziyarət edilib.
Xatırladırıq ki, Şəhid Həsənov Vüsal Bayram oğlu 17 mart 1986-cı ildə Göygöl şəhərində anadan olmuşdur.1992-ci ildə Göygöl şəhər 6 saylı tam orta məktəbdə 1-ci sinfə getmişdir.2001-ci ildə həmin məktəbin 9-cu sinfi bitirmişdir.
2010-cu il aprel ayından 2011-ci il oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman könüllü olaraq hərbi döyüşlərdə iştirak etmişdir. Vüsal Həsənov 8 noyabr 2020-ci tarixdə Xankəndi şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli olub, 2 övladı var.