Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elnur Cəbrayılovun xatirəsi anılıb

16 yanvar 2023 | 18:28
13 yanvar tarixində 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalan Cəbrayılov Elnur Tofiq oğlunun əziz xatirəsi yad olunub.
Əvvəlcə tədbir iştirakçıları şəhidin Göygöl şəhər Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub. Sonra şəhidin ailəsi evində ziyarət edilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, şəhid kapitan Cəbrayılov Elnur Tofiq oğlu 26 aprel 1981-ci ildə Göygöl rayonunun Çaylı kəndində anadan olub. 1988-ci ildə Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilib. 1994-cü ildə Göygöl şəhərinə köçərək orta təhsilini Göygöl şəhər 6 nömrəli tam orta məktəbdə davam etdirib. 1999-cu il tarixdə həmin məktəbin 11-ci sinfini bitirib. 1999-2003-cü illərdə Gəncə Dövlət Universitetində ali təhsil alıb.
2003-cü ildən 2004-cü ilə kimi “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2004-cü ilin aprel ayında zabit olmaq üçün Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində oxuyaraq leytenant rütbəsi alıb. 2004-cü ildən Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbində və Göygöl rayon İ.Mahmudov adına Çaylı kənd tam orta məktəbində tarix müəllimi işləyib. 2013-cü ildə müəllimlik vəzifəsindən könüllü ərizəsi ilə işdən çıxıb və həmin ildə “N” saylı hərbi hissədə leytenant kimi ordu sıralarına qatılıb.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak edib. Kapitan Elnur Cəbrayılov 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. 16 yanvar 2021-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilib. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət ordeni“ ilə təltif edilib.
Evli idi, 2 övladı var.
Keçidlər