Vətən müharibəsi şəhidi Bayramov Həsən Bəhrəm oğlunun ikinci ildönümü məzarı başında qeyd edilib
24 noyabr 2022-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri tərəfindən 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Bayramov Həsən Bəhrəm oğlunun ikinci ildönümündə Gəncə şəhəri Şəhidlər Xiyabanında məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb.Xatırladırıq ki, şəhid Bayramov Həsən Bəhrəm oğlu 17 iyun 1992-ci ildə Göygöl rayonunda anadan olmuşdur. 1999-cu ildə Gəncə şəhər 12 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2006-cı ildə orta təhsilini 7-ci sinifdə oxuyarkən Göygöl şəhər Texniki, Təbiət Fənləri Təmayüllü liseyində davam etdirmişdir. 2009-cu ildə həmin liseyin 9-cu sinfini bitirib Gəncə şəhər Humanitar Kollecinə daxil olmuşdur. 2011-ci ildə həmin kolleci bitirmişdir.2011-ci ilin iyul ayından 2013-cü ilin yanvar ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.2020-ci il iyul ayından “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Həsən Bayramov 5 noyabr 2020-ci il tarixdə Laçın rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 27 noyabr 2020-ci il tarixdə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.