Vətən müharibəsi şəhidi Bayramov Elcan Qoşqar oğlunun ikinci ildönümü məzarı başında qeyd edilib və ailəsi ziyarət olunub
06 noyabr 2022 | 15:31
06 noyabr 2022-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl rayon Polis şöbəsinin rəisi Zaur Nəsirov, İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri tərəfindən 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Bayramov Elcan Qoşqar oğlunun ikinci ildönümündə Göygöl şəhər Şəhidlər xiyabanında məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb. Sonra şəhidin ailəsi evində ziyarət edilib.
Xatırladırıq ki, Şəhid Bayramov Elcan Qoşqar oğlu 3 avqust 2001-ci ildə Göygöl şəhərində anadan olmuşdur. 2007-ci ildə Gəncə şəhər 12 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. Orta təhsilini 4-cü sinifdən sonra Kəlbəcər rayon 122 saylı tam orta məktəbində davam etdirmişdir. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2019-cu ilin oktyabr ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Elcan Bayramov 28 sentyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 06 noyabr 2020-ci il tarixdə nəşi tapılaraq Göygöl şəhər Şəhidlər xiyabanında dəfn olunub. Ölkə Prezidentinin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Subay olub.