Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi baş-leytenant Niftəliyev Ceyhun Bahadur oğlunun məzarı və ailəsi ziyarət olunub

30 sentyabr 2022 | 14:22
     Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP rayon təşkilatının sədri Vüqar İsayev, Şəhid ailələri və Qazilər tərəfindən 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış baş-leytenant Niftəliyev Ceyhun Bahadur oğlunun ikinci ildönümündə Göygöl şəhər Şəhidlər xiyabanında məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb. Sonra şəhidin ailəsi evində ziyarət edilib.
     Xatırladaq ki, şəhid baş-leytenant Niftəliyev Ceyhun Bahadur oğlu 5 noyabr 1972-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. 1978-ci ildə Böyük Məzrə kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə Göygöl şəhərinə köçmüşdür. 1989-cu ildə isə Göygöl şəhər 2 saylı tam orta məktəbinin 11-ci sinfini bitirmişdir. 1989-1992-ci illər ərzində Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil almışdır.
    Ceyhun Niftəliyevə 1992-ci ildə universiteti bitirdikdən sonra leytenant hərbi rütbəsi verilmişdir. 1992-1995-ci illərdə “N” saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak etmişdir.
     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Ceyhun Niftəliyev 29 sentyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 30 sentyabr 2020-ci il tarixdə Göygöl şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli olub, 2 övladı var.
Keçidlər