Vətən müharibəsi şəhidi Allahverdiyev Elşad Zaməddin oğlunun ikinci ildönümündə məzarı və ailəsi ziyarət olunub
23 noyabr 2022 | 11:47
23 noyabr 2022-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl rayon Polis şöbəsinin rəisi Zaur Nəsirov, İcra Hakimiyyətinin məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin nümayəndəsi, şəhidin ailə üzvləri və döyüş yoldaşları, qazilər və ictimaiyyət nümayəndələri tərəfindən 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Allahverdiyev Elşad Zaməddin oğlunun ikinci ildönümü ilə bağlı Göygöl şəhər Şəhidlər xiyabanında məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb. Sonra şəhidin ailəsi evində ziyarət edilib.
Xatırladırıq ki, şəhid baş leytenant Allahverdiyev Elşad Zaməddin oğlu 5 aprel 1997-ci ildə Göygöl şəhərində anadan olmuşdur. 2003-cü ildə Göygöl şəhər 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2011-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.2011-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. 2014-cü ildə həmin məktəbi bitirib Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdur. Ali hərbi təhsilini 2014-2018-ci illərdə Rusiya Federasiyasında davam etdirmişdir. 2019-cu ildən “N” saylı hərbi hissədə leytenant kimi xidmətini davam etdirmişdir.27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Elşad Allahverdiyev 23 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 25 noyabr 2020-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.