Vətən Müharibəsi qazisi Yusibov Allahverdi Natiq oğlu Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında qəbul edilib
Qazi Yusibov Allahverdi Natiq oğlu Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qəbul edilmişdir.
Qəbul zamanı qazimizin maddi-məişət şəraiti ilə maraqlanılmış, qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmışdır Qazimizin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı İcra Hakimiyyətinə müraciəti əsasında komissiyada baxılması üçün sənədlərin siyahısı təqdim edilmişdir. Əvvəlki qəbullar zamanı ona sığorta ödənişinin verilməsində, əlilliyin təyin edilməsində, maşın növbəliyinə yazılmasında və məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə Yaşat Fondunda qeydiyyata alınmasında müvafiq metodiki köməkliklər göstərilmişdir.
Xatırladaq ki, Yusibov Allahverdi Natiq oğlu 30 mart 2001-ci il tarixdə Göygöl rayonunun Aşıqlı kəndində anadan olmuşdur. 2007-ci ildə Göygöl rayon Aşıqlı kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və 2016-cı ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2016-2018-ci illərdə Göygöl Peşə Məktəbində peşə təhsili almışdır. 2019-cu ilin aprel ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdır.
Qazi Yusibov Allahverdi Natiq oğlu 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən Müharibəsi başlayan zaman gedən hərbi döyüşlərə əsgər kimi qatılmış, Kəlbəcər və Cəbrayıl rayonunun, Şuşa şəhərinin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 21 oktyabr 2020-ci il tarixdə Hadrut istiqamətində gedən döyüşlərdə partlayış travması, sağ baldır, sol baldır, sol kürək, sağ və sol bazu, sol qasıq nahiyyələrinin kor qəlpə yaralanmaları və sol kürək sümüyünün qəlpəli yerdəyişmiş sınığı yarası almışdır. II dərəcəli əlildir. Hal-hazırda qazimizin müalicəsi davam etdirilir.
Qazimiz Allahverdi Yusibov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və dövlət sərhədlərinin qorunmasında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamlarına əsasən müvafiq olaraq “Hərbi xidmətlərə görə” və “Döyüşdə fərqlənməyə görə”, Kəlbəcər və Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 29.12.2020-ci il tarixli Sərəncamlarına əsasən müvafiq olaraq “Kəlbəcərin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Subaydır.