Vətən Müharibəsi qazisi Həsənov Kənan İqbal oğlu Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilib
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev tərəfindən qazi Həsənov Kənan İqbal oğlu qəbul edilmişdir.
Qəbul zamanı qazimizin maddi-məişət şəraiti ilə maraqlanılmış, qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmışdır. Əvvəlki qəbullar zamanı ona sığorta ödənişinin verilməsində, əlilliyin təyin edilməsində və Yaşat Fondunda qeydiyyata alınmasında müvafiq metodiki köməkliklər göstərilmişdir. Qazimiz mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə İcra Hakimiyyətinə müraciət etmiş, mənzil növbəsinə alınmış və müvafiq Sərəncamdan çıxarış ona təqdim edilmişdir.
Xatırladaq ki, Həsənov Kənan İqbal oğlu 28 fevral 2000-ci ildə Göygöl rayonunun Çaykənd kəndində anadan olmuşdur. 2009-cu ildə Göygöl rayon Çaykənd kənd ümumi orta məktəbin 1-ci sinfinə qəbul edilmiş, 2010-cu ildə təhsilini yarımçıq dayandırmış və həmin il təhsilini Gəncə şəhər 18 saylı tam orta məktəbin 2-ci sinfinə qəbul edilmişdir. 2013-cü ildə həmin məktəbin 4-cü sinfini bitirmiş, həmin il Gəncə şəhər Futbol Təmayüllü İnternat Tipli Gimnaziyanın 5-ci sinfinə qəbul edilmişdir. 2018-ci ildə adı çəkilən gimnaziyanın 9-cu sinfini bitirmişdir. 2019-cu ilin aprel ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
Qazi Həsənov Kənan İqbal oğlu 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən Müharibəsi başlayan zaman gedən hərbi döyüşlərə könüllü olaraq qatılmış, Füzuli və Qubadlı rayonlarının, Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 5 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi şəxsiyyət pozuntusu depressiv sindrom, yaddaşın zəifləməsi və partlayış travması almışdır. III dərəcəli əlildir. Hal-hazırda qazimizin müalicəsi davam etdirilir.
Qazimiz Kənan Həsənov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı, Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalı və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Subaydır.