Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi Rüsdəmov Maarif Dilən oğlu qəbul edilmişdir.
Qəbul zamanı qazimizin maddi-məişət şəraiti ilə maraqlanılmış, qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmışdır. Əvvəlki qəbullar zamanı ona sığorta ödənişinin verilməsində, əlilliyin təyin edilməsində, Yaşat Fondunda qeydiyyata alınmasında və avtomobil növbəliyinə alınmasında müvafiq metodiki köməkliklər göstərilmişdir. Qazimiz mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə müraciət etmiş və mənzil növbəsinə alınmışdır.
Xatırladaq ki, Rüsdəmov Maarif Dilən oğlu 22 may 1990-cı ildə Göygöl rayonunun Pənahlılar kəndində anadan olmuşdur. 1996-cı ildə Göygöl rayon Pənahlılar kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilmiş, 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2008-cı ilin iyul ayından 2010-cu ilin yanvar ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2016-cı ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
Qazi Rüsdəmov Maarif Dilən oğlu 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman gedən hərbi döyüşlərə könüllü olaraq qatılmış və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 27 sentyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə odlu silah yaralanması, döş və qarın boşluğuna nüfuz edən, soltərəfli hemopnevmotoroks, başın təpə nahiyəsinin toxunub keçən güllə yaralanması nəticəsində qapalı kəllə beyin travması almışdır. II dərəcəli əlildir. Hal-hazırda qazimizin müalicəsi davam etdirilir.
Qazimiz Maarif Rüsdəmov Kəlbəcər rayonunun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” və 30.12.2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.