“Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Göygöl rayon müəllimlərinin konfransı” keçirilib
30 dekabr 2023 | 20:20
“Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Göygöl rayon müəllimlərinin konfransı” keçirilib
Göygöl rayon Üçtəpə kənd tam orta məktəbdə keçirilən konfransda Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov və əməkdaşları, sektorun tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumtəhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunduqdan sonra, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
3 mərhələdən ibarət olan konfransın I mərhələsində Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımovun çıxışı və hesabatı dinlənildi. Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova da müəllimləri “Dünya Azərbaycanlıları Həmrəylik Günü” münasibətilə təbrik etdi, müəllim peşəsinin nüfuzundan danışıb.
Konfransın II mərhələsində “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Ümumi təhsilin idarə olunmasında müasir yanaşmalar”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişlənildirməsi”, “İnnovativ layihələr və peşə təhsili” panelində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayında iştirak etmiş heyət tərəfindən müvafiq müzakirələr aparılmış, müəllimlərin sualları cavablandırılıb.
Konfransın III mərhələsi- bədii hissədə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təşkil edilmiş dərnəklərin çıxışları izlənilib və sonda səslənən “Müəllim himni” ilə tədbir yekunlaşıb.