Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Göygöl rayonunda təntənəli şəkildə qeyd olunub

10 may 2023 | 18:39
“Heydər Əliyev İli” çərçivəsində mayın 10-da Göygöl rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ümumrayon yığıncağı keçirilib.
Yığıncaqda Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, hərbçilər, ağsaqqallar, ziyalılar, YAP fəalları, şəhid ailələri, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub. Həmçinin, Göygöl rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub.
Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, Ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, sivilizasiyaların qovşağında Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar kimi tanıdılması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələridir.
Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.
Sonda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş “Əsrin adamı-100” filmi təqdim edilib.
Keçidlər