Təhsildə İnkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin ümumtəhsil kateqoriyası üzrə qalibi “First Goygol Robotics” layihəsinin açılış tədbiri keçirilib
16 noyabr 2023 | 13:01
Tədbir Göygöl Gənclər Evinin akt zalında baş tutub. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Təhsil sektorunun əməkdaşları, Uşaq Gənclər İnkişaf mərkəzinin direktoru Təranə İsmayılova, Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, məktəb direktorları, layihənin təlimçisi Ləman Novruzova, layihənin eksperti Səltənət Quliyeva, layihənin mühasibi İnarə Məmmədova, şagirdlər və müəllimlər iştirak edib.
Tədbir Dövlət Himnimizin sədaları ilə açıq elan olunub. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Layihə rəhbəri Texniki, Təbiət Fənləri Təmayüllü liseyin direktoru Zəhra Zeynalova layihənin məqsədi və həyata keçiriləcək işlər barədə geniş məlumat verib. O, qeyd edib ki, layihənin məqsədi qabaqcıl təhsil təcrübəsindən istifadə etməklə, praktiki təcrübələr vasitəsilə dronlar, 3D dizayn, 3D çap, Microbit, Arduino, Kodlaşdırma, Lego kimi mövzuları rayonumuzun gənc STEAMçılarına öyrətməkdir.
Layihənin müdavimləri Göygöl şəhəri və şəhərə yaxın kənd məktəblərində təhsil alan 40 nəfər 7-9-cu sinif şagirdləridir. Üçtəpə kənd tam orta məktəbin, Bəhrəmbəy kənd ümumi orta məktəbin, Qırıxlı kənd tam orta məktəbin, lisey, şəhər 5 və 3 nömrəli məktəblərin şagird kontingentindən seçilmiş şagirdlər layihənin İcra Planına uyğun olaraq XXI əsr bacarıqlarına, STEAM metodologiyasına uyğun praktiki biliklər qazanacaqlar. Həmçinin il ərzində keçiriləcək STEAM yönümlü yerli və beynəlxalq yarışlara qoşulub, rayonumuzu təmsil edəcəklər.