“Tarixin izi ilə” adlı dəyirmi masa keçirilib
31 mart 2023 | 16:24
Göygöl Rayon İcra Hakimiyyətində 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Tarixin izi ilə” adlı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin iştirakı ilə dəyirmi masa keçirilib. Dəyirmi masada Ümummilli Lider Heydər Əliyevin, 31 mart soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev qeyd edib ki, təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı soyqırımı siyasəti müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilmiş, kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunmuşdur. XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-ci və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və sair faktlar soyqırımı tarixinin faciəli və qanlı səhifələridir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir.
Dəyirmi masada çıxış edən digər natiqlər də mövzu ilə bağlı geniş və ətraflı məlumat veriblər. Sonda Azərbaycan Televiziyası tərəfindən hazırlanmış 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sənədli film nümayiş olunub.