Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, Göygöl!

12 may 2025 | 09:55
Əsrarəngiz gözəlliyə malik olan Göygöl rayonu həm də özünün qədim tarixi və həmin dövrə aid zəngin mədəniyyət abidələri ilə də məşhurdur. Azərbaycan ərazisində kurqan tipli abidələrə ən çox rast gəlinən bölgələrdən biri Göygöl rayonudur. Belə ki rayon ərazisində yerləşən kurqanlar mühüm arxeoloji abidələr hesab edilir. İndiyədək Gəncəçayın hər iki sahilində, kiçik təpələr üzərindəki düzənlik sahədə yüzlərlə kurqanlar qeydə alınıb və bir qismi bu ərazidə məskunlaşmış almanəsilli şəxslər tərəfindən XIX əsrin sonları və XX əsrin əvvəllərində tədqiq edilib. Bu kurqanlar əsasən Tunc və Erkən Dəmir dövrünə (e.ə. II minillik – I minilliyin əvvəlləri) aid edilir və bölgənin qədim sakinlərinin dəfn adətləri, sosial quruluşu və mədəniyyəti haqqında dəyərli məlumatlar verir. Arxeoloji tədqiqatlar aparılarkən kurqanlardan gil qablar, tuncdan silah və bəzək əşyaları, əmək alətləri və bəzi hallarda insan skeletləri tapılmışdır. Tapıntılar göstərir ki, Göygöl rayonu ərazisində yerləşən kurqanlar Qafqazda və Ön Asiyada formalaşan qədim mədəniyyətlərlə sıx əlaqədə olmuşdur. Bu kurqanlar Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətləri ilə də bağlı ola bilər.
Kurqanlar həmçinin Azərbaycan ərazisində köçəri və yarımköçəri tayfaların izlərini əks etdirir. Azərbaycanın qədim tarixinin öyrənilməsində kurqanların tədqiq edilməsi müstəsna əhəmiyyət kəsb edir.
Keçidlər