Sabahın xeyir, Göygöl!
13 fevral 2023 | 10:10
Göygölün simvollarından biri faydalı moruq giləmeyvəsi
Təbabətdə daha çox meyvələrindən, az hallarda isə yarpaqlarından istifadə edilən moruq dərman vasitələrindən biridir, susuzluğu kəsir, dadlı və ətirlidir. Çay kimi dəmlənmiş meyvələri qədimdən soyuqdəymədə hərarət salan vasitə kimi istifadə edilir.
Moruq tərkibində ən çox dəmir olan giləmeyvədir. Onun 100 qramının enerji dəyəri 41 kaloridir. Qlükoza və fruktoza ilə zəngin olduğuna görə ürək-damar və beyin patologiyası zamanı faydalı meyvədir. Tərkibindəki digər üzvi turşularla yanaşı külli miqdarda salisil turşusu və fol turşusunun bolluğuna görə qanazlığı və hamiləlik zamanı da istifadə olunur. Angina və digər boğaz ağrılarında moruğun meyvələrindən hazırlanmış həlimlə qarqara edilir.
Göygöl rayonu ərazisində əvvəllər dağlıq ərazilərdə, çay kənarlarında yetişən moruq kollarını son illər əkin sahələrində sənaye üsulu ilə əkib becərirlər. Moruğun bu üsulla yetişdirilməsi əsasən Göygöl rayonunun Topalhəsənli kəndində həyata keçirilir.
Bu gün Göygöl rayonunda 30 hektara yaxın sahədə moruq kolları becərilir. Əldə olunan məhsul isə əsasən Bakı və Gəncə bazarlarına çıxarılır. Təsərrüfat sahiblərinin bu giləmeyvənin rayonda daha geniş ərazilərdə əkib-becərməsinə həvəsləndirən səbəblərdən biri də coğrafi iqlim şəraitinin əlverişli olması ilə yanaşı, həm də dövlət tərəfindən dəstək olan subsidiya verilməsidir.
Moruğun aqrotexniki qulluq qaydalarına gəldikdə isə, təsərrüfat sahibləri bildirir ki, bir moruq tinginə təxminən hər suvarılmada 7 litrə qədər su sərf olunur. Moruq bağında demək olar ki, bütün işlər əl əməyi vasitəsilə görülür.
Moruğun budaqlarının 2 metrdən çox uzanmasına imkan verilmir. Məhsuldar olması üçün hündürlüyü stabil qaydada saxlanır. Moruq kollarının özündən də yeni məhsuldar tinglər də əldə edirlər. Bu tingləri fermerlər həm özləri istifadə edir, həm də satışını həyata keçirirlər.