Sabahın xeyir, #Göygöl!
29 iyul 2024 | 09:44
Üzümçülük bütün dövrlərdə olduğu kimi bu gün də ölkə iqtisadiyyatında başlıca yerlərdən birini tutur. Azərbaycanın çox miqdarda qiymətli süfrə və texniki üzüm sortları vardır. Ölkəmizin iqlim və torpaq şəraiti bu sahənin güclü inkişafını təmin edir. İnsan orqanizmi üçün təhlükəsiz qida məhsullarının istehsalı ən böyük problemlərdən biridir. Bu baxımdan yüksək, diyetik və insan orqanizmi üçün faydalı olan üzüm məhsullarının istehsalı böyük önəm daşıyır.
Cəmiyyətin bütün ixtisas sahiblərinin memarı məhz müəllimdir. Göygöl Peşə Məktəbində istehsalat təlim ustası işləyən Çəmən Məmmədova işlədiyi müddətdə öz bilik və bacarığını şagirdlərə öyrədir. Çəmən Məmmədova çalışır ki, şagirdləri öz sənətlərini sevən gələcəyin mütəxəssisi olsunlar. Müəllim fəaliyyəti dövründə ərazinin təşkilindən tutmuş ting seçimi, əkin və bütün risklər nəzərə alınmaqla tədris edir. Təyinat istiqamətindən asılı olaraq süfrə və texniki sortlar ayrı-ayrı massivlərdə yerləşdirilir. Bu üzüm kollarının xəstəlik riskini azaltmaqla yanaşı kola normal yük verməklə bol və keyfiyyətli məhsul alınmasına imkan verir. Şərab istehsalında şirənin spirt qıcqırmasını aparan mikroorqanizmlərin biologiyasını, şərab əmələ gəlməsini, bütün vacib mərhələlərini, alma südü qıcqırmasını və sirkə turşuması proseslərini, şərabın sulfitləşdirilməsini, texnoloji işlənmələrini, şərab materialının çöküntüdən ayrılmasını və köçürülmə texnologiyasını, filtrasiya yolu ilə təmizlənməsini, məhsula qulluq edilməsi qaydalarını, şərabların keyfiyyətsizliyinin vaxtında müəyyən edərək aradan qaldırılmasını, standartlara cavab verən şərabların butulkalara doldurulmasını öyrənməklə bərabər praktika tətbiq edilir.