Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, Göygöl!

28 aprel 2025 | 09:47
Kürəkçay Göygöl rayonu ərazisindən keçən ən uzun çaydır. Bu çay Göygöllə yanaşı Goranboy və Yevlax rayonlarının ərazisindən də axır. Kürün sağ qoludur. Uzunluğu 186 km olan çay mənbəyini Murovdağ silsiləsinin şimal yamacından 3100 m yüksəklikdən götürür. Kürəkçay hövzəsi Kiçik Qafqazın şimal-şərq yamacında yerləşir. Hövzəsinin sahəsi 2080 km2-dir. Çayın hövzəsində bir sıra göllər var. Göygöl və Maralgöl bunlardan ən böyükləridir. Kürəkçay hövzəsi ərazisində bundan başqa Quş gölü, Qara göl, Ağ göl, Şamlı göl, Zəligöl, Ördəkgöl kimi göllər vardır. Çayın əsas qolları Gorançay, Ağsuçay, Korçay və Azadçay çaylarıdır. Kürəkçay Mingəçevir su anbarından aşağı Kür çayına qovuşur.
Tədqiqatçılar tərəfindən Kürəkçay hövzəsi florasında 103 fəsilə və 437 cinsə aid olan 1122 ali bitki növü müəyyənləşdirilmişdir. Həmçinin aparılmış tədqiqatlar nəticəsində Kürəkçay hövzəsi torpaqlarının 78,28%-nin (91308,75 ha) kənd təsərrüfatına yararlı torpaqlar olduğu aşkar edilmişdir. Axımının 47%-i əsasən yeraltı, 43%-i qar, 10%-i isə yağış sularından əmələ gəlir. Orta illik su sərfi 14,5 kub m/san-dir. Bunun da çox hissəsi yaz (32%) və yay (42%) aylarında keçir. Payız, qış fəsillərində keçən axımı illik axımın 10-15%-ni təşkil edir. İntensiv suvarma dövründə illik axımının 20%-i axır.
Kürəkçaydan yaşayış məntəqələrinin içməli su ilə təmin edilməsində, kənd təsərrüfatı sahələrinin suvarılmasında və energetikada geniş istifadə edilir. Çay həmçinin turistik əhəmiyyətə malikdir. Göygöl rayonunun Toğanalı və Çaykənd kəndlərinin ərazisindən axan bu çay ilin bütün fəsillərində turistlərin ən sevimli istirahət məkanı hesab edilir. Yaz və yay aylarında çayın kənarında dincəlmək üçün Azərbaycanın bütün bölgələrindən buraya çoxlu qonaqlar gəlir. Ətraf mühitə antropogen təsirlərin mənfi fəsadlarının qarşısını almaq, suyunun çirklənməməsi üçün çayın ətrafında dincələrkən təmizliyə riayət etmək, təbiəti qorumaq hər birimizin borcudur.
Keçidlər