Sabahın xeyir, #Göygöl!
24 iyun 2024 | 09:15
Hər bir xalqın mədəniyyət tarixində onun zəngin mənəvi aləmini əks etdirən, xarakterini, intellektini, dünyagörüşünü, etika və estetikasını, həyat fəlsəfəsinə xas olan köklü xüsusiyyətlərini təcəssüm etdirən sənət sahələri vardır. Azərbaycan xalqının daxili zənginliyini özündə ehtiva edən belə sənət növlərindən biri də xalçaçılıqdır. Azərbaycan dünyanın ən qədim xalçaçılıq mərkəzidir. Xalça məmulatları Azərbaycan xalqının məişətinin dəyişməz atributu olmuşdur. Xalça insan üçün rahatlıq və səliqə yaradır, mənzilə hərarət gətirir, interyeri canlandırır, estetik cəhətdən göz oxşayır.
Azərbaycan xalçaları forma, toxunma texnikası, süjet, ornament, rəng və kompozisiya baxımından rəngarəngdir. XIX əsrin sonlarında Almaniya, Avstriya, Fransa, İngiltərə kimi ölkələrdə Şərq incəsənətinə həsr olunmuş kitab və albomlarda Azərbaycan xalçalarının bədii və texniki xüsusiyyətləri haqqında ətraflı məlumatlar verilmişdir. Hal-hazırda bu sənət bölgelerimizde də çox gözəl şəkildə davam etdirilir. Bunların ən bariz nümunələrindən biri də Göygöl Peşə Məktəbində Xalçaçı qrupunun fəaliyyət göstərməsidir. Burada bu sənətin inkişafı üçün tələbələr yetişdirilir. Bu peşəni öz telebelerine gözəl formada ötürən Xalçaçı ustasi Kifayət Rzayevanın fəaliyyəti danılmazdır. Azyaşlı vaxtlarından etibarən daima anasının yanında xalça toxuması onda bu sənətə böyük sevgi ve maraq yaratmış, zamanla bu sənətin incəliklərini dərindən öyrənmişdir. Kifayət müəllimə 2019-cu ildən Göygöl Peşə Məktəbində Xalçaçı ustası kimi fəaliyyətə başlamış, özünün və tələbələrinin gözəl əl işləri ilə seçilmişdir. 2021-ci ildə "Bacarıqlı ol! - Milli irsimizi yaşat!" şüari altında keçirilən Xalçaçılıq müsabiqəsində təşəkkürnamə ilə təltif olunmuşdur.