Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

24 fevral 2025 | 09:44
Murovdağ Kiçik Qafqaz dağlarına aid olub, Azərbaycan Respublikası ərazisində yerləşən, 10 km enində və 70 km uzunluğunda ərazini əhatə edən, hündürlüyü 3,724 metr olan dağ silsiləsidir. Azərbaycanın qərb hissəsini əhatə edən bu dağ silsiləsi Ermənistanla sərhəd boyunca uzanır. Əsasən Yura, Təbaşir və Paleogen dövrlərinə aid süxurlardan ibarətdir. Silsilənin ən hündür zirvəsi Gamışdağdır (3724,6 metr).
Murovdağ silsiləsi Hinaldağ zirvəsindən Gamış dağına qədər şimala doğru uzanır. Şimal-şərq yamacında, şimal yamacına yaxın ərazidə Göygöl də daxil olmaqla bir sıra mənzərəli göllər mövcuddur. Murovdağdan cənubda Qarabağ vulkanik yaylası yerləşir. Silsilənin cənub-şərq hissəsində küknar və ladin meşələri geniş yayılmışdır.
Hər iki Vətən müharibəsinə şahidlik edən bu silsilə Ermənistan və Azərbaycan arasında cəbhə xətti rolunu oynamışdır. Birinci Qarabağ müharibəsində burada Kəlbəcər əməliyyatı aparılmışdır. 1993-1994-cü illərdə baş verən döyüşlərdən sonra Kəlbəcərin ətrafındakı bütün yüksək zirvələr ermənilərin nəzarətinə keçmişdi. Erməni ordusu bəzi istiqamətlərdə hətta Göygöl rayonunun ərazisinə doğru da irəliləmişdi. Xüsusi strateji əhəmiyyəti olan Ömərdağ (3395,5 metr) və Koroğludağ (3462,7 metr) da bu rayona daxil idi. Murovdağ silsiləsinə aid Ağdağ (3200,1 metr) və ən yüksək zirvəsi olan Gamışdağ da Ermənistan bölmələrinin nəzarətində idi.
Sərt relyef şəraitinə görə burada davamlı istehkam xətti qurmağa ehtiyac yox idi. Mövqelər bir-birindən aralı şəkildə zəncirlənmiş postlar vasitəsilə qorunurdu. Silsilə üzərində ağır texnikanın hərəkət edə biləcəyi yeganə keçid “Ömər aşırımı” (3261,4 metr) idi. Bu aşırımın və yanındakı Ömər dağının ermənilərin nəzarətində olması Azərbaycan bölmələrinin operativ hücum əməliyyatlarını həyata keçirmək imkanlarını məhdudlaşdırırdı.
Lakin 26 il sonra, 27 sentyabr 2020-ci ildə, rəşadətli Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Murovdağ döyüşləri baş verdi və Murovdağ silsiləsindəki Murov zirvəsi ilə digər strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçdi.
Keçidlər