Sabahın xeyir, #Göygöl!
Milli Qəhrəman Məmmədov Elşad Ramiz oğlu 14 fevral 1975-ci ildə Göygöl rayonunun Haçaqaya kəndində dünyaya göz açmışdır. 1990-cı ildə kənd ümumi orta məktəbini bitirdikdən sonra Göygöl rayon Texniki Peşə məktəbində təhsilini davam etdirmişdir. 1993-cü ilin avqust ayında Göygöl rayon Hərbi Komissarlığı tərəfındən Milli Orduya çağırılaraq 6 ay hərbi təlim keçir, sonra isə Qarabağa - döyüş bölgələrinə yollanır. Tərtər bölgəsində erməni işğalçılarına qarşı döyüşən Elşad Məmmədov daha sonra Ağdərə ərazisinin yağı düşməndən təmizlənməsi istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmanlıq nümayiş etdirmişdir. Elşad Məmmədov 17 mart 1995-ci ildə dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak edərkən qarşı tərəfin gülləsinə tuş gələrək qəhrəmancasına həlak olub. Göygöl rayonunun Qırıqlı kəndində dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Məmmədov Elşad Ramiz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Göygöl rayon Haçaqaya kənd ümumi orta məktəbi və kəndin küçələrindən biri onun adını daşıyır. Gəncə-Daşkəsən yolunun üstündə şəhidin büstü qoyulmuşdur.