Sabahın xeyir, #Göygöl!
20 noyabr 2023 | 10:09
Mustafayeva Gülnarə İbrahim qızı 9 avqust 1961-ci ildə Goranboy rayonunda anadan olub. 1968-1978-ci illərdə orta təhsil alıb. 1978-1982-ci illərdə KDPİ-nun fizika-riyaziyyat fakültəsini bitirib. 1982-1984-cü illərdə təyinatla Kürdəmir rayon Pirili kənd orta məktəbində, 1984-1990-cı illərdə Naxçıvan Muxtar Respublikasında ixtisası üzrə müəllimi, 1991-ci ildən hal-hazıra kimi Göygöl şəhər 3 saylı tam orta məktəbdə riyaziyyat müəllimi işləyir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 04 oktyabr 2005-ci ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 03.10.2017-ci il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı ilə təltif olunub. Azərbaycan Respublikası Təhsil Nazirliyinin İdrak Məktəb Liseyinin birinci dərəcəli sertifikatını alıb. Təhsil Nazirliyinin keçirdiyi DQ-də iştirak etmiş, 55 bal toplamışdır. YAP-nın üzvüdür. Ailəlidir, iki övladı var.
Gülnarə müəllimin ömrünün çoxu pedaqoji fəaliyyətdə keçib. Gülnarə müəllimə hər bir şagirdə fərdi yanaşır, dərsə gəlməyən, riyazi qabiliyyətləri olmayan şagirdlərlə xüsusi məşğul olur. Bununla da, dünənki passiv bir şagird, sabahın aktiv gəncinə çevrilə bilir. Müəllim yalnız ixtisasca deyil, həm də bütün varlığı ilə müəllim olmalıdır. Gülnarə müəllimə fəxrlə deyir ki, ömrünün ən yaxşı anlarını müəllimliyə, gənc nəslin təlim-tərbiyəsinə həsr etmişəm. Bu gün səmərəli bir ömrün qanadlarında ucalığa doğru yol açan sevimli ziyalı, mətin insan, ləyaqətli vətəndaş və fədakar təhsil işçisi kimi tanıdığımız Gülnarə müəllimənin bundan sonra da müəllimlik fəaliyyəti ilə sevimli şagirdlərinə qayğıkeş və nümunəvi pedaqoq olacağına, şagirdlərinin maarifləndirilməsində böyük rol oynayacağına əminik.