Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

17 fevral 2025 | 10:59
1860-cı ildə alman mühacirləri tərəfindən Yelenendorfda (indiki Göygöl) əsası qoyulan Göygöl Şərab Zavodu bu gün Cənubi Qafqazın ən qədim şərab, konyak, şampan və araq istehsalçılarından biri kimi fəaliyyətini davam etdirir. Tarix boyu şərabçılıq sahəsində böyük nailiyyətlər qazanan zavod, xüsusilə konyak istehsalında əldə etdiyi uğurlarla yadda qalıb.
Azərbaycanda konyak istehsalının tarixi XIX əsrə dayanır. 1892-ci ildə Forer qardaşları ölkədə ilk konyak zavodunun təməlini qoymuşdular. Ardınca, 1895-ci ildə Qummel qardaşları da konyak istehsalına başlamışdır. 1912-ci ildə bu şirkətlər birlikdə Rusiya bazarına 700 min vedrədən çox şərab və konyak ixrac etmişdilər.
Sovet dövründə Azərbaycan konyakı beynəlxalq bazarda möhkəm mövqe qazandı və SSRİ-nin populyar brendlərindən birinə çevrildi. Keçirilən müsabiqələrdə qazandığı medallar və yüksək keyfiyyət göstəriciləri Azərbaycanın konyak sahəsində öncüllüyünü təsdiqlədi.
1922-ci ildə yaradılan "Konkordiya" kooperativi, Göygöl Şərab Zavodunun bazasında formalaşaraq Qafqazın ən böyük şərab zavodlarından birinə çevrildi. Burada istehsal olunan konyaklar—"Gəncə", "Bakı", "Yubiley", "Azərbaycan", "Moskva" və "Şirvan"—beynəlxalq müsabiqələrdə 16 qızıl, 11 gümüş və 1 bürünc medal qazanmışdır.
Sovet dövründə "Konkordiya" şirkəti 183 mağazaya sahib idi və 1980-ci illərdə SSRİ-də konyak və şərab istehsalına görə üçüncü yerdə qərarlaşmışdı. Zavod Avropada keçirilən mötəbər müsabiqələrdə qalib gəlmiş və istehsal həcmi 84 milyon sovet rubluna çatmışdı.
2006–2008-ci illərdə Göygöl Şərab Zavodu 517 hektar sahədə həm yerli, həm də Avropadan gətirilmiş yüksək keyfiyyətli üzüm sortlarını becərməyə başladı. Zavodun üzüm bağları üçün Fransanın "GONTARD FRERES EPINIERES VITICOLES" və İtaliyanın "VIVA MARCYI" şirkətlərindən üzüm tingləri alındı. Bu addımlar zavodun tarixi konyak irsini qoruyub saxlamaq və yenidən canlandırmaq məqsədi daşıyırdı.
Bu gün Göygöl Şərab Zavodu, klassik reseptləri müasir texnologiyalarla birləşdirərək həm yerli, həm də beynəlxalq bazarda yüksək keyfiyyətli konyaklar istehsal edir. Tarixi dərin köklərə malik olan bu zavod, Azərbaycan konyakçılıq mədəniyyətinin qlobal bazarda parlamasına təkan verir.
Keçidlər