Sabahın xeyir, #Göygöl!
15 aprel 2024 | 09:39
Göygöl rayonunda suvarılan əkinlərdə birinci vegetasiya suvarması aparılır.
Taxılçılıq Göygöl rayonunda əsas kənd təsərrüfatı bitkilərindən biridir. Cari ilin məhsulu üçün rayon ərazisində 4286,5 hektarda payızlıq taxıl əkilib. Bütün sahələrdə normal çıxış alınıb. Payızlıq taxıl səpininin 1160,0 hektarı suvarılan, 3126,0 hektarı isə dəmyə ərazilərdə aparılmışdır. Hal-hazırda suvarılan əkinlərdə zəruri aqrotexniki tədbir olan birinci vegetasiya suvarması aparılır. Artıq 817,5 hektar sahədə suvarılma aparımışdır.
Suvarmada məqsəd taxıl bitkisindən yüksək məhsul almaq, torpağın su, hava, istilik rejimlərini təmin edib nizamlamaqdır. Vegetasiya dövründə bitkinin inkişafı üçün torpaqda nəmlik çatışmadıqda suvarmaya ehtiyac yaranır. Suvarma kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını təmin edir, faydalı mikroorqanizmlərin inkişafına imkan yaradır, bitkinin qida rejimini, boy və inkişafını gücləndirir, torpağın hava rejimini tənzimləyir və məhsuldarlığı artırır, torpaqda çatışmayan rütubəti tamamlayır.
Göygöl rayonunda kənd təsərrüfatı bitkilərinin suvarılmasını həyata keçirmək üçün Gəncəcayı, Kürəkçayı, Qoşqarçayı və Su nasos stansiyalarından istifadə olunur.