Sabahın xeyir, #Göygöl!
14 avqust 2023 | 11:00
Kənd Təsərrüfatı ilə məşğul olan kəndlərimizdən biri də Göygöl rayonunun Balçılı kəndidir.
Balçılı kəndində 1980-ci illərdən zoğal ağaclarının əkininə başlanmışdır. Balçılı kəndində zoğal yığımı ilin avqust – sentyabr aylarında həyata keçirilir. Demək olar ki, Balçılı kəndində 1052 təsərrüfatdan 1000 təsərrüfatda zoğal ağacları vardır. Hər bir təsərrüfatda 50-70 zoğal ağacı olur. Bar verən ağac ildə 50 kiloqramadək məhsul verir. Bu isə təsərrüfat başına orta hesabla 2500-3000 kq zoğal deməkdir. Hal-hazırda kənd sakinləri zoğalı yerli və xarici bazarlara çıxarırlar. Zoğal yabanı halda əsasən cır və xırda məhsul verir. Zoğal ağacı calaq və basma vasitəsi ilə artırılır. Zoğalın bir neçə növü vardır ki, bunlardan gülü, qara, ağ, meşə, yumru, boçqa, butulka, teymur və s. növlərini göstərmək olar. Zoğalın mürəbbəsi, kompotu, cemi, qurusu, turşusu, lavaşı, sousu və s. məhsulları olur. Zoğalın müalicəvi əhəmiyyəti də vardır.