Sabahın xeyir, #Göygöl!
12 fevral 2024 | 10:05
Göygöl rayonunun Sarısu kəndi dəniz səviyyəsindən 1300-1500 metr yüksəklikdə yerləşir. Kənddən rayon mərkəzinə 35 km, Gəncə şəhərinə isə 45 km-dir. Coğrafi mövqeyinə görə Sarısu kəndi dörd bir tərəfi dağlarla əhatə olunmuşdur. Sarısu kəndinin adı Kürəkçay çayının sağ qolu olan Sarısu çayının adından götürülmüşdür. Kəndin gözəl füsunkar görünüşü özünəməxsus təbiəti, iqlimi, havası, bulaqları, meyvə ağacları, müalicəvi bitkiləri və sair nemətləri vardır. Kəndin aşağı hissəsində “Buzxana” deyilən yerdə yayın qızmar çağında çox sərin havası olur. Aparılan araşdırmalar nəticəsində yaşı yüzü keçmiş dünya görmüş insanlarla söhbətdən və kəndin qəbiristanlığında köhnə qəbirlər üzərində yazılardan belə qənaətə gəlmək olar ki, Sarısu kəndinin yaranma tarixi 400-800 ildən çoxdur. Bunu sübut edən fakt köhnə qəbirlərin baş daşındakı 1300-cü il və 1650-ci il tarixlərdir.
Kəndin ərazisi 5.93 kv km-dir. Sarısu kənd inzibati ərazi dairəsində 1 icra nümayəndəliyi, 1 bələdiyyə, 1 tam orta məktəb, 1 kitabxana, 1 folklor klub, 1 polis məntəqəsi, 1 tibb məntəqəsi, 1 ATS fəaliyyət göstərir. Ev təsərrüfatlarının sayı 145 olmaqla əhalinin sayı 433 nəfərdir. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.