Sabahın xeyir, #Göygöl!
11 mart 2024 | 10:48
Göygöl şəhəri 6 nömrəli tam orta məktəbin əsası 1991-ci ildə qoyulmuşdur. Məktəb binası qəzalı vəziyyətdə olduğu üçün 2008-ci ildə yeni binaya köçürülmüşdür. Hazırda məktəbdə 701 nəfər şagird təhsil alır, 55 nəfər təhsil verən, 26 nəfər texniki işçi çalışır. Ötən il 18 nəfər şagird ali təhsil müəssisəsinə qəbul olmuşdur. Məktəbin fəaliyyət göstərdiyi illərdə müxtəlif nailiyyətləri olmuşdur. 2018-ci ildə məktəbin müəllimi Həsənova Nigar Təhsildə inkişaf və innovasiya üzrə II Qrant Müsabiqəsində “Xüsusi təhsilə cəlb olunan şagirdlərlə iş” layihəsinin qalibi olmuşdur. 2023-cü ildə isə məktəbin direktoru Nərgiz Əmiraslanova VI Qrant Müsabiqədə “İnformasiya və media savadlılığı” layihəsinin qalibi olmuşdur.
Son bir neçə ildə 12 nəfər müəllim MİQ müsabiqəsindən uğurla keçərək məktəbdə fəaliyyətə başlamışdır. Bu tədris ilində məktəbin 4 nəfər şagirdi müxtəlif fənlər üzrə Respublika Fənn Olimpiadasının rayon mərhələsində iştirak edərək uğur qazanmış və yarımfinal turuna keçmişdir.
Məktəblərarası “Şuşa ili”nə həsr olunmuş Nə? Harada? Nə zaman? adlı intellektual bilik yarışmasında məktəbin “Dəmir Yumruq” komandası qalib olmuşdur.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Musayeva Məhbubə Təhsil nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Məktəbin tarix müəllimi Balayeva Şəhla “Azərbaycan Respublikasının təhsil işçisi” döş nişanı ilə təltif edilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tədbirlər planına əsasən Göygöl şəhər 6 nömrəli tam orta məktəbin şagirdləri müxtəlif yarışlarda iştirak etmiş və qaliblər mükafatlandırılmışlar.
Məktəbdə 6 nəfər şəhid övladı təhsil alır. Onlara daim məktəb rəhbərliyi və kollektivi tərəfindən xüsusi diqqət və qayğı göstərilir.