Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

10 iyul 2023 | 10:40
Göygöl rayonunda könüllülük fəaliyyəti
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.5-ci bəndinə uyğun olaraq Göygöl rayonunda gənclər arasında könüllülük fəaliyyətinin təşviqi uğurla həyata keçirilir.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının 25 fevral 2019-cu il tarixli, 14 nömrəli Sərəncamı ilə Rayon İcra Hakimiyyətində könüllük fəaliyyətinə başlanılmışdır.
Bu günə kimi təcrübə müddəti 2 ay olmaqla 19 qrup 83 nəfər (53 kişi və 30 qadın) könüllü fəaliyyətinə cəlb edilmiş onlarla müqavilə bağlanmış, müvafiq təcrübə şəraiti yaradılmış və sonda Sertifikatlar təqdim olunmuşdur.
Könüllülərin təcrübə müddəti ərzində tədbirlər planına uyğun olaraq Dövlət əhəmiyyətli tədbirlərdə iştirakı təmin edilmiş, Ulu Öndər Heydər Əliyev irsinin daha geniş aşılanması məqsədi ilə Heydər Əliyev Mərkəzinə və Göygöl Rayon Dövlət Rəmzləri Muzeyinə ekskursiyaları təşkil olunmuşdur. Könüllülərlə sistemli işin təşkili məqsədilə, onlar “Özünü inkişaf etdir” mövzusunda mütəmadi olaraq təlimlərə cəlb edilmişlər. Könüllülərin iştirakı “5 Dekabr-Beynəlxalq Könüllülər günü” münasibət ilə rayonda silsilə tədbirlər təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına dəstək məqsədi ilə Göygöl rayonunun könüllüləri də öz fəaliyyətlərini böyük həvəslə və ruh yüksəkliyi ilə davam etdirir. Belə ki, COVİD-19 koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə rayonumuzun könüllüləri də fəal iştirak edirlər. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində karantin rejiminin tətbiqinə başlandığı ilk gündən etibarən Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının, YAP Göygöl Rayon Təşkilatının, “Aqrar İnkişaf Könüllüləri” Göygöl DAİM nümayəndəliyinin və Göygöl Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülərinin birgə iştirakı ilə keçirdikləri aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkərək, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərirlər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinin əhali arasında yayılmasına köməklik göstərməsi məqsədi ilə Göygöl rayonun könüllüləri də “Biz birlikdə güclüyük”, “Evdə qal inkişafdan qalma”, “Sağlamlığımız milli həmrəyliyimizdədir” şüarları altında keçirilən aksiyalarda iştirak edərək, öz dəstəklərini göstərmişlər. “Böyüklərimizi qoruyaq!” devizi altında könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkərək, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişdilər. Ümumilikdə, rayonumuzun 1 şəhər, 6 qəsəbə və 38 kəndində yüzə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan ailələrə dəstək göstərilməsində iştirak etmişdir.
Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmır. Onlar “Heydər Əliyev İli” ilə bağlı ağacəkmə və təmizlik aksiyaların keçirilməsində və digər layihələrdə böyük həvəslə iştirak edirlər.
Böyük könüllülər ailəsini birləşdirən başlıca dəyərlər bilik, kamillik, vətənpərvərlik və dövlətçilikdir. İcra etdiyimiz bütün layihələrdə, həyata keçirdiyimiz bütün təşəbbüslərdə bu dəyərlərə arxalanmışıq. Vətənpərvərlik, dövlətçilik, bilik və kamillik kimi anlayışlar bizim fəaliyyətimizin əsas meyarıdır. Bundan sonra da, heç bir şəraitdən asılı olmayaraq bu dəyərlər və prinsipləri əsas götürərək rayonda könüllülük fəaliyyətini mövcud vəziyyətə uyğunlaşdıraraq davam etdirəcəyik.
Keçidlər