Sabahın xeyir, #Göygöl!
10 fevral 2025 | 09:46
Zurnabad qalası Göygöl rayonunun Zurnabad kəndindən təxminən 11 km aralıda, Gəncəçayın sol sahilində, hər tərəfdən dağlarla və yaşıllıqlarla əhatə olunmuş meşəlik ərazidə yerləşir.
Qalada 1938-ci ildə A. E. Paxomov, 1989-cu ildə isə A. M. Məmmədov tərəfindən arxeoloji qazıntılar aparılmışdır. Tədqiqatlar nəticəsində qalanın tikinti xüsusiyyətləri araşdırılmış və onun XIII-XIV əsrlərə aid olduğu müəyyən edilmişdir. Bundan əlavə, 2013-2014-cü illərdə tarixçi Arif Məmmədovun rəhbərlik etdiyi Gəncə arxeoloji ekspedisiyası burada kəşfiyyat işləri aparmışdır.
Tarixi mənbələrə əsasən, XIII-XIV əsrlərdə Azərbaycan ərazisində tərəkəmələr dağlıq ərazilərdə özlərinə kiçik qəsrlər tikdirirdilər. Bunun əsas səbəbi monqolların qarət və talançılıq məqsədilə Azərbaycana yürüş etməsi, lakin dağlıq ərazilərdə döyüşməyin onlar üçün çətin olması idi. Həmin dövrdə əkinçilik tənəzzülə uğramış, maldarlıq isə əhalinin əsas məşğuliyyətinə çevrilmişdi. Maldarlığın inkişafı nəticəsində varlanan elbəylər öz sərvətlərini qorumaq üçün qalalar inşa etdirirdilər. Bu cür qalaların əsas məqsədi feodal ailələrinin və onların sərvətlərinin həm işğalçılardan, həm də kasıb kəndlilərin talanından qorunması idi.
Tədqiqatlar göstərir ki, Zurnabad qalası da məhz monqol yürüşləri dövründə tikilmiş və həmin dövrdə yaşayan feodal ailəyə məxsus qəsr olmuşdur. Yerli əhali və maldar tayfalar bu ərazidən köç yolu kimi istifadə etmişlər. Bunu qalanın 500 metrliyində, əsas yolun üzərində yerləşən gözətçi məntəqəsi də sübut edir.
Zurnabad qalası tikinti xüsusiyyətlərinə görə Bakıdakı Mərdəkan, Nardaran və Ramana qalalarına bənzəyir. Qalanın divarları çay daşından, əhəng məhlulu ilə hörülmüşdür və divarlarının qalınlığı təxminən 2 metrdir. Qala beş bürcə malikdir. Ən iri bürcün dairəsi 9 metr, ikinci bürcün dairəsi 8 metr, qalan üç bürcün dairəsi isə 4 metrdir. Maraqlıdır ki, qalanın bürclərində mazğallar (qala divarlarında atışma üçün qoyulan dəliklər) yoxdur. Bu isə tikilinin müdafiə məqsədilə deyil, yaşayış yeri kimi inşa olunduğunu göstərir. Qalanın həm eni, həm də hündürlüyü 9 metrdir.
Qalanın Gəncəçaya doğru çıxan həyəti mövcuddur. Həyəti əhatə edən sol divarın uzunluğu 30 metr, əks tərəfi isə 10 metrdir. Divarda iki bürc yerləşir. Böyük bürcün dairəsi 8 metr, kiçik bürcün dairəsi isə 3 metrdir.
Zurnabad qalası yerli əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir.