Sabahın xeyir, #Göygöl!
03 iyun 2024 | 09:35
Göygöl rayonunun Milli Qəhrəmanları: Hacıyev Etibar Firuddin oğlu, Məmmədov Elşad Ramiz oğlu və Səyyadov Mehman Qəzənfər oğlu.
Milli Qəhrəman Hacıyev Etibar Firuddin oğlu 5 aprel 1971-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Zod kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. 1988-ci ildə Azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulması nəticəsində Etibar ailəsi ilə birlikdə Kəlbəcər rayonunda müvəqqəti məskunlaşmışdır. 1989-cu il iyunun 13-də hərbi xidmətə çağırılmış və Perm şəhərində hərbi xidmətini başa vurduqdan sonra ailəsinin məskunlaşdığı Göygöl rayonuna gəlmişdir. 1992-ci ildə Etibar Hacıyev könüllü olaraq Milli Orduya yazılaraq, torpaqlarımızın müdafiəsinə qalxmışdır. Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc kəndlərinin düşmən tapdağından azad edilməsində xüsusi fədakarlıq göstərmişdir. Onun döyüş yolu Gülüstan kəndinə qədər uzanmışdır. 1992-ci il iyunun 15-də Goranboy rayonunda Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur. Göygöl şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı Fərmanı ilə Hacıyev Etibar Firuddin oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Göygöl rayonunun Yeni Zod kəndində ailəsinin yaşadığı küçə şəhidin adını daşıyır, Göygöl şəhərində şəhidin büstü qoyulmuşdur.
Milli Qəhrəman Məmmədov Elşad Ramiz oğlu 14 fevral 1975-ci ildə Göygöl rayonunun Haçaqaya kəndində dünyaya göz açmışdır. 1990-cı ildə kənd ümumi orta məktəbini bitirdikdən sonra Göygöl rayon Texniki Peşə məktəbində təhsilini davam etdirmişdir. 1993-cü ilin avqust ayında Göygöl rayon Hərbi Komissarlığı tərəfındən Milli Orduya çağırılaraq 6 ay hərbi təlim keçir. Sonra isə Qarabağa - döyüş bölgələrinə yollanır. Tərtər bölgəsində erməni işğalçılarına qarşı cəsurluqla döyüşən Elşad Məmmədov daha sonra Ağdərə ərazisinin yağı düşməndən təmizlənməsi istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmanlıq nümayiş etdirmişdir. Elşad Məmmədov 17 mart 1995-ci ildə dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak edərkən qarşı tərəfin gülləsinə tuş gələrək qəhrəmancasına həlak olub. Göygöl rayonunun Qırıqlı kəndində dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Məmmədov Elşad Ramiz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Göygöl rayon Haçaqaya kənd ümumi orta məktəbi və kəndin küçələrindən biri onun adını daşıyır. Gəncə-Daşkəsən yolunun üstündə şəhidin büstü qoyulmuşdur.
Milli Qəhrəman Səyyadov Mehman Qəzənfər oğlu 21 noyabr 1972-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Günəşli kəndində anadan olmuşdur. Yeddinci sinfə qədər doğma kəndlərində oxumuş, separatçı qüvvələrin azərbaycanlıları kütləvi şəkildə ata yurdlarından deportasiya etmələri nəticəsində ailəsi ilə birlikdə Samux rayonuna gəlmişdir. Sovet ordusu sıralarına çağırılan Mehman Səyyadov 6 ay Sverdlovsk vilayətində xidmət etdikdən sonra vətənə qayıtmışdır. 1991-ci ildə “Azərbaycan Qarabağ” könüllü müdafiə batalyonuna üzv yazılaraq cəbhəyə yollanmışdır. Şuşa şəhərinin bir sıra kəndlərinin müdafiəsində qəhrəmanlıq nümayiş etdirmişdir. Kosalarda, sonra isə Nəbilər kəndində döyüşən Mehman Səyyadov döyüş yoldaşları ilə bir yerdə düşmənin 70-ə yaxın canlı qüvvəsini və bir neçə hərbi texnikasını məhv edir. 1992-ci il mayın 9-da Nəbilər kəndinin müdafiəsi zamanı qəhrəmancasına həlak olmuşdur. Qəhrəman döyüşçümüz ölüm anında belə onlarla erməni yaraqlısını da öldürməyə müvəffəq olmuşdur. Təəssüflər olsun ki, cəsədi döyüş meydanında qalıb. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Səyyadov Mehman Qəzənfər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Göygöl rayonunun Hacıməlik qəsəbəsində adına küçə verilmişdir.