Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

02 oktyabr 2023 | 09:59
Göygöl şəhəri Emil Vəliyev adına 5 nömrəli tam orta məktəbi 1989-cu ildən tam orta məktəb kimi fəaliyyətə başlamışdır. 2006-cı ildə 480 nəfər şagird yerlik yeni məktəb binası inşa edilmişdir. Hal-hazırda məktəbdə 79 müəllim, 4 laborant, 2 kitabxanaçı,18 texniki işçi çalışır və 900 nəfər şagird təhsil alır. Məktəb bir növbəlidir və 37 sinif və 4 məktəbəqədər hazırlıq qrupu var.
Məktəbdə 2021-2022-ci tədris ilindən "İcma əsaslı Məktəbəqədər Təhsil" layihəsi, STEAM layihəsi, Peşə təmayüllü sinif layihəsi fəaliyyətə başlamışdır. Məktəbin şagirdləri məktəb və rayon tədbirlərində fəal iştirak edirlər.
2022-2023-cü tədris ilində məktəb şagirdlərinin Kenquru , Lütfi Zadə, Respublika Fənn Olimpiadalarında, Respublika Fənn Müsabiqələrində müxtəlif nailiyyətləri olmuşdur. Belə ki, keçən tədris ilində məktəbin 7-ci sinif şagirdi Əsgərova Fatimə Cavid qızı Respublika Fənn Müsabiqəsində Biologiya fənni üzrə gümüş medala layiq görülmüşdür.
Məktəbin 8-ci sinif şagirdi Qocayev Aslan Sərxan oğlu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən 8 noyabr “Zəfər Günü"nə həsr olunmuş “Zəfər dastanı" adlı onlayn respublika şeir və mahnı müsabiqəsində mahnı nominasiyası üzrə 7-14 yaş qrupunda fəal iştirakına görə sertifikat ilə təltif edilmişdir.
Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsində məktəbin 6a sinif şagirdi Sadıxov Yunus Samir oğlu və 8c sinif şagirdi Əsgərova Fatimə Cavid qızı finala vəsiqə qazanmışdır.
2022-2023-cü tədris ilində 9-cu siniflər arasında ümumi orta təhsil üzrə şagirdlərdən Cəfərova Fəridə və Abbasova Fidan fərqlənmə attestatına layiq görülmüşdür.
2022-2023-cü tədris ilində 3 nəfər buraxılış imtahanlarında 200 baldan artıq nəticə toplamışdır, 27 nəfər ali təhsil müəssilərinə sənəd vermiş onlardan 21 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə, 4 nəfər isə kollecə qəbul olmuşdur.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesində məktəbin ibtidai sinif müəllimləri Qasımova Nəzakət Abbas qızı 54 bal, Abbasova Elnarə Zahid qızı 53 bal, Azərbaycan dili və ədəbiyyat müəllimi Əsgərova Esmira Ziyad qızı 55 bal toplayaraq uğurlu nəticə əldə etmişlər.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə məktəbin ibtidai sinif müəllimi Qasımova Nəzakət Abbas qızı Azərbaycan təhsilinin inkişafında xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində “İnklüziv təhsil ilə reallaşan arzum mənim” fərdi layihəsi, "Müəllim inkişafına dəstək -MOOC platforması" məktəb layihəsi uğurla həyata keçirilmişdir.
“Xəmsə möcüzəsi” -I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalının respublika mərhələsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Roza Rəhimovanın təşkilatçılığı ilə məktəbin 7c sinfinin şagirdləri Kazımov Kazım, Dilənov Murad, Hüseynova Dərya dram nominasiyası üzrə lll yerə layiq görülmüşdür.
Göygöl şəhəri Emil Vəliyev adına 5 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Keçidlər