Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Göygöl şəhər sakinləri ilə səyyar qəbul keçirib
28 fevral 2025 | 17:33
Göygöl şəhəri Rövşən Nəsibov məhəlləsi, Abdulla Şaiq küçəsi və Mirvari Dilbazi küçəsi sakinləri ilə keçirilən səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar qəbul zamanı bir qrup şəhər sakinini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən Rövşən Nəsibov məhəlləsində idman qurğularının quraşdırılmasını, sahibsiz itlərlə bağlı qanunamüvafiq tədbir görülməsini, ağaclarda əsaslı budama işlərinin aparılmasını və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.