Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev Göygöl şəhər sakinləri ilə səyyar görüş keçirilib
22 iyun 2023 | 18:43
Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev Göygöl şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib. Səyyar görüşdə Göygöl Rayon İcra hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Göygöl Rayon İcra hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar görüş zamanı bir qrup sakini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən Rövşən Nəsibov və Turan Qurbanov küçələrinin asfaltlanması, sel sularının qarşısının alınması üçün küçə arxlarının təmizlənməsi, yeni yaşayış massivinə internet xəttinin çəkilməsi, şəhər 6 nömrəli tam orta məktəbi üçün əlavə korpusun tikintisi və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.